İnsanlara hürriyət, millətlərə istiqlal!

Çoxvariantlı çevrilişin qaçılmazlığı – Elçibəy “naməlum istiqamətə uçmağa” məcbur idi

4442 17.06.2022 17:30 Yazarlar A A

 

Mərhum Elçibəyin məşhur gedişinin 29-cu ili tamam olur. O nə gediş idi? Şahmatda elə gediş yoxdur, əslində o gedişin bənzəri siyasətdə də nadirdir. Devrilmək üzrə olan prezidentlər adətən ölkədən gedirlər, Elçibəy isə ölkənin paytaxtından qiyamçıların əllərinin hər saat çata bilməyəcəyi muxtar bölgəyə getmişdi.

İyunun 18-i günü səhər ölkə əhalisi, xüsusilə də Elçibəyin iqtidar komandasının üzvləri və prezidentin tərəfdarları şokdaydılar. Əslində həmin şok bu və ya digər ölçüdə hələ də davam edir. 29 ildir bitməyən bu söhbət (“Elçibəy niyə getdi, nədən elə getdi, getməyə bilərdimi” və s.) sübut edir ki, şok çox dərin və sürəkli olub.

Ancaq biz 29 ildən sonra bu hadisələrə soyuq baxışlarla, şoku adlatmış halda baxmalıyıq. İndi əlimizdə informasiya daha çoxdur, əksər hadisələrin təfərrüatlarını tamlığa yaxın miqyasda bilirik. İyun ayının 18-də Elçibəysevərlərin üzünə şapalaq kimi dəyən o sözlər (“Ölkə prezidenti Əbülfəz Elçibəy iyunun 17-dən 18-nə keçən gecə heç kəsə xəbər vermədən naməlum istiqamətə uçmuşdur”) səslənəndə isə çox adam çox şeyi bilmirdi.

4.jpg (39 KB)

Bilinən o idi ki, haqq etmədiyi halda polkovnik rütbəsi verilmiş təsadüfi bir şəxs – 34 yaşlı sabiq briqada komandiri Surət Hüseynov kriminal ünsürlərin cəmləşdiyi hərbi qüvvə ilə qanuni hökumətə qarşı qiyam qaldırıb və bu qüvvə paytaxta yaxınlaşır, vətəndaş müharibəsi törətməyə hazırlaşır.

Elçibəyin paytaxtdan bölgəyə getməsi gerçəkdən də vətəndaş müharibəsinin qarşısını aldı, qiyamın tam baş tutmasını əngəllədi. Baş qiyamçının hakimiyyətə gəlməməsi, daha dəqiqi, dövlətin birinci şəxsi ola bilməməsi, yeni situasiya yaratdı. Qiyam həm baş tutmuşdu, həm də tutmamışdı.

Düzdür, Elçibəyin o gedişi ilə onun iqtidar komandasının hakimiyyəti tam devrildi, amma bu çevriliş kütləvi qətllərlə müşayiət olunmadı. Bir qayda olaraq Azərbaycan tipli ölkələrdə hərbi qiyam baş verərkən devrilən hakimiyyət komandasının yüzlərlə vəzifəli şəxsi dərhal öldürülür, yerdə qalanları həbsə atılır, sonradan edam edilir və ya uzun müddətli məhkumluq həyatı yaşayırlar. İyunun 17-dən sonra Elçibəyin komandasından çox az adam həbs olundu, edam edilən olmadı.

3.jpg (75 KB)

Bəs Elçibəy paytaxtı tərk etməsəydi, necə olardı? 29 ildir insanların beynini məşğul edən əsas sual budur.

Elçibəy iyunun 17-dən 18-nə keçən gecə paytaxtı tərk etməsəydi, hadisələrin axarı iki istiqamətdə inkişaf edə bilərdi.

Biirnci variant: Elçibəy komandasını toparlasa, rəhbərlik etdiyi təşkilatın on minlərlə fəalını silahlandıraraq qiyamçılara qarşı qoymağı bacarsa, vətəndaş müharibəsi qaçılmaz olardı və bu müharibədə hərbi baxımdan qələbəni qanuni hökumət qazanardı. Çünki onun resursları daha böyük idi, üstəlik, qarşı tərəf hökumətlə hökumətlik etdiyi üçün xalq prosesin gedişində qətiyyət və iradə göstərən iqtidarın tərəfini tutardı. Nəticədə Nəvahi civarına qədər gəlmiş qiyamçılar Gəncəyə çəkilər, orada möhkəmlənərdilər. Böyük ehtimalla onlar Gəncəbasar rayonlarında hakimiyyəti devirib, xalqı qızışdırıb öz ətraflarına yığar, “Gəncə respublikası” elan edərdilər.

İkinci variant: həmin vətəndaş müharibəsində qiyamçılar qalib gəlsəydi, 1974-cü ildə Çilidə baş verən hərbi çevrilişdən daha betər olardı, özünü yeni Pinoçet sayan Surət Hüseynov minlərlə adam güllələtdirərdi. Onda bu potensial vardı. Zatən, 4 iyun günü Prezident Qvardiyasının zabit və əsgərlərini güllələdərək əlini qana batırmışdı. Sonradan o, parlamentdə çıxışı zamanı devrilən hökumətin təmsilçilərini Azadlıq meydanında asdırmadığına təəssüfünü bildirdi.

Ancaq yuxarıda dediyimiz 1-ci variant baş versəydi, bu, hələ hadisələrin sonu olmayacaqdı.

 

O dövrün adamları, eləcə də həmin hadisələrə dair məlumatı geniş olanlar bilir, o vaxt Qarabağ müharibəsində psixoloji üstünlük artıq ermənilərə keçmişdi. Bunun da səbəbi mövqeləri boş qoyub geri çəkilən, rayonları düşmənə təhvil verən Surət kimi vətən xainləri, ruspərəst komandirlər idi. Bu baxımdan Qarabağdakı separatizm hərəkatı artıq daha da şiddətlənmişdi.

Təxminən həmin ərəfədə Lənkəranda sabiq nazir Rəhim Qazıyevin və Surətin yaxın adamı Ələkrəm Hümbətov da qiyam qaldırmışdı. O, cənub rayonlarını öz iradəsi altına alaraq, mərkəzi hakimiyyətə itaətsizlik göstərirdi.

Bu, hələ son deyil. Həmin dövrdə, daha dəqiqi, 1993-cü ilin may ayında Quba, Qusar, Xaçmaz, Dəvəçi (indiki Şabran), Siyəzən və Xızı rayonlarını əhatə edən gizli bir separatizm hərəkatı da rüşeym halında olub. Bu rayonların cəbhəçi və müsavatçı olmayan bir sıra məmurları Qubada gizli toplantılar keçirərək, “Quba respublikası” yaratmağı planlaşdırıblar və müyyən dairələrdən siqnal gözləyiblər. Elçibəy iyunun 17-dən 18-nə keçən gecə paytaxtı tərk etməsə, həmin siqnal da veriləcəkdi və şimal rayonlarında fəalliyətini gücləndirmiş “Sadval” üzvləri hərəkətə gələcəkdilər.

xeritdasde600px-Azerbaijan_economic_regions.jpg (52 KB)

Balakən-Qax zonasında Əli Ansuxskinin rəhbərlik etdiyi millətçi qüvvələr də hərəkətələnəcək, ölkənin parçalanması faktı qarşısında qalan Elçibəy hakimiyyətinin devrilməsinə öz “töhfə”lərini verəcəkdilər.

Daha hansı mahal qaldı? Naxçıvan... Bildiyimiz kimi, bu muxtar respublikada artıq çoxdan Heydər Əliyevin şəriksiz hakimiyyəti bərqərar olmuşdu və 1992-ci ilin payızında bəzi xoşagəlməz hadisələr yaşanmışdı və o vaxt muxtar respublikada Elçibəy hakimiyyətinə qarşı etimadsızlıq, hətta müxalif ovqat vardı (Elçibəyin ata yurdu Ordubadın bir hissəsi istisna təşkil edə bilərdi).

İndi Elçibəy hakimiyyətinin vəziyyətini düşünün: Qarabağda müharibə gedir, cənub rayonlar Ələkrəmdə, Gəncəbasar Surətdə, şimal rayonları “Sadval”ın əlinə keçmək üzrə, Qax-Balakən zonasında Ansuxskinin sözü ötür, Naxçıvan Ermənistanın sərhədlərinin o üzündə, bəs Elçibəydə nə qalırdı? Bakı və ətraf rayonlar.

Birdən-birə öz ölkəsinin daxilində bu qədər itaətsizliyə məruz qalmış hakimiyyət hələ revanşist mütəllibovçularla da mübarizə aparmalıydı, sabiq partnomenklturayla da vuruşmalıydı, üstəlik, hakimiyyətə gəlmək üçün payızı gözləmək istəməyən sosial-demokratlarla, milli istiqlalçılarla didişməliydi.

Bunların heç biri güman və ehtimallar deyil. Bunlar faktlardır, o dövrün gerçəklikləridir.

O vaxt hətta dövrün əsas müxalifət qüvvəsi olan AMİP və sosial-demokratlar Surətin tərəfində yox, Elçibəyin tərəfində dursaydılar da, xeyri yox idi, Elçibəy iqtidarı devriləcəkdi.

2.jpg (66 KB)

Ancaq bu, o demək deyil ki, Elçibəy iqtidarının devrilməsi öz geridönməz məcrasına 1992-ci ilin dekabrında və 1993-cü ilin yanvarında girmişdi. Xeyr. 1993-cü ilin fevralına qədər hakimiyyəti qorumaq üçün imkanlar daha böyük idi. Sadəcə, Elçibəy Afrika diktatorları kimi qətiyyətlə hərəkət edərək, bir gecənin içində açıq-gizli müxaliflərə sarsıdıcı zərbə vura, bütün qiyam ocaqlarını darmadağın edə bilərdi. Fəqət o, bunu etməzdi və etməyəcəkdi. Heç hakimiyyət rıçaqları Elçibəy komandasının ikinci şəxsi olan İsa Qəmbərin əlinə keçsəydi, o da repressiya və terror yolu tutmayacaq, AXC-Müsavat tandeminin hakimiyyətinin uzunömürlülüyünü təmin etməyəcəkdi.

Beləliklə, nəhayət, 29 ildən sonra 1 illik hakimiyyətin taleyi ilə bağlı ağlaşmalara son vermək lazımdır. Variant yox idi, çevriliş planları A, B, C variantlıydı, qiyamçı qüvvələr mütəşəkkil idi, xalq seyrçi mövqedəydi, böyük paytaxtlar (Moskva, London, Vaşinqton, Tehran, Ankara) Elçibəydən yana deyildilər, hakimiyyətdə olanlar isə parakəndə və öz aralarında (cəbhəçilər, “yurdçular”, müsavatçılar, “bozqurdlar”) intriqa içindəydilər, ona görə də çevriliş qaçılmaz idi.

Başqa sözlə, biz 1993-cü ilin iyununda baş verən daha dəhşətli hadisələrdən hələ yaxşı qurtulmuşuq və bu məsələdə əsas rol “iyunun 17-dən 18-nə keçən gecə heç kəsə demədən naməlum istiqamətə uçan”, sonradan məlum olduğu kimi, öz ata yurduna könüllü sürgünə gedən kişiyə - Elçibəyə məxsusdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR