İnsanlara hürriyət, millətlərə istiqlal!

COVİD yenidən təhdid edir - vəziyyət qorxunc ola bilərmi?

2167 09.08.2022 10:40 Yaşam A A

Həkim: “Xəstəliyin gedişatı son zamanlar əhalinin əksəriyyətində yüngüldür”

Son günlər koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Görünən odur ki, “Omikron”un yeni alt variantları sürətlə yayılır. İnsanları narazı salan isə odur ki, vurulan 3-cü, yəni buster doza vaksin niyə bu ştamda kömək etmir.  Vaksinlərin təsir qüvvəsi, bu ştama qarşı qoruyuculuğu aşağıdırmı? Yeni vaksinmi yaradılmalıdır?

“Omikron”un bu variantı insanlarda müxtəlif şəkildə özünü göstərir, kimisi ağır keçirdiyini, günlərlə yüksək hərarət olduğunu, kimisi isə adi qrip simptomu kimi keçirdiyini deyir. Sual olunur ki, əgər xroniki xəstəliyi yoxdursa, risk qrupuna aid deyilsə, virusu niyə ağır keçirirlər? Ümumiyyətlə, bu ştamda nə zaman ağır vəziyyət sayılır? 

Yeri gəlmişkən, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 121 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 802 060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 789 147 nəfər müalicə olunaraq sağalıb, 9 761 nəfər vəfat edib, aktiv xəstə sayı 3 152 nəfərdir.

Ölkədə son sutka ərzində 2 424, hazırkı dövrədək isə 7 072 185 test aparılıb.

Düzdür, bu günkü yoluxma sayında rəqəmlər aşağı olsa da, ümumilikdə son həftələr yoluxma dinamikası 500-ün üzərindədir. Sərt karantin qaydaları, qadağalar aradan qaldırılıb, virus bu templə artarsa, bizi nələr gözləyir? Qabaqlayıcı nə kimi tədbirlər görülməlidir?

Bu və digər suallarla bağlı tanınmış həkimlərin fikirlərini öyrəndik.

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assistenti, həkim-infeksionist Nilufər Məmmədova mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Vaksinlər barədə danışdıqda onu mütləq deməliyik ki, mutasiyaya uğrayan törədicilərə qarşı hazırlanan vaksinlər daimi deyil. Bir virus ki, daima mutasiyaya uğrayır, bir dəfə vurulan vaksin ömürlük o insanları qoruya bilməz. COVİD vaksinlərində də müddət keçdikcə vaksinin qoruyuculuğu azalır. Yaxud da yeni mutasiyaya uğramış ştam meydana çıxdıqda vaksinin qoruyuculuğu azalır. Vaksin insanı xəstəliyə yoluxmadan qorumur, ağır gedişatlardan qoruyur. Biz vaksinlərin tətbiqindən sonra xəstəliyin ağır gedişatının azaldığını görürük”.

Omikron” ştamı ilə mübarizədə ən optimal yollardan biri əvvəlki kimi  qorunma qaydalarına ciddi riayət etməkdir - AZƏRTAC

Nilufər Məmmədova

Məmmədova bildirir ki, qorunma qaydalarında hər hansı dəyişiklik yoxdur: “Hava-damcı yolu ilə keçən infeksiya olduğu üçün qorunma qaydaları eyni qalır. Hazırda bu qaydalar məcburi olmasa da, biz əhalinin könüllü surətdə qapalı məkanlarda yenidən maskanın tətbiqinə çağırırıq. Xəstə insanları özlərini izolyasiya etmək və COVİD testi verməyə çağırırıq. Xəstəliyin qarşısını ancaq bu şəkildə ala bilərik. Qapalı məkanların havalandırılması mütləqdir. Sıx təmasdan qaçmalıyıq. Xüsusilə səfərdə olarkən insanlar daha ehtiyatlı olmalıdır. Çünki mutant variantlar bir ölkədən digər ölkəyə bu şəkildə yayılır. Risk qrupuna aid olan şəxslər yuxarı tənəffüs yollarında narahatlıq müşahidə olunduqda mütləq həkim nəzarəti olmalıdır. Həkim nəzarəti altında COVİD testi olunmalıdır. Hətta neqativ çıxsa belə, pandemiya olduğu üçün həkim nəzarətində qalmalıdırlar. Çünki bilirik ki, bəzi hallarda test neqativ göstərə bilər”.

Yeri gəlmişkən, üç səhiyyə qurumumuz yaxın günlərdə epidemioloji vəziyyətlə bağlı narahatlıqlarını bildirib. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda bildirilib ki, Azərbaycanda son günlər COVİD-19 infeksiyasının yayılması ilə əlaqədar neqativ dinamika izlənilir: “Yoluxanların sayında artım və yoluxan şəxslərin sağalanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur”.

Bildirilib ki, proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır: “Pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. İstənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər. Bir daha vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etmələrini ciddi şəkildə tövsiyə edirik”.

Sürətlə yayılır, amma öldürücü deyil...

Nicat Əzimli 

Həkim-infeksionist Nicat Əzimli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib: ““Omikron” variantının subvariantlarının törətdiyi xəstəlik bir sıra xüsusiyyətlərinə görə digər koronavirus variantlarından fərqlənir. Bunlara aiddir- eyni variantın bir insanı təkrar-təkrar xəstələndirə bilməsi, simptomların insandan insana fərqlilik göstərməsi, əksər insanlarda boğaz ağrısının üstünlük təşkil etməsi, bəzən qızdırma olsa da, bir çoxunda da qızdırmasız davam etməsi və sairə. Ümumilikdə xəstəliyin gedişatı son zamanlar əhalinin əksəriyyətində yüngüldür.

Qeyd etdiyiniz qızdırmalı xəstəlik hallarına gəldikdə, bir insanın yüksək hərarətinin olması zamanı o xəstə tək bu simptoma görə ağır olaraq qiymətləndirilmir. Ağırlıq kriteriyası xəstənin daha həyati göstəricilərinin cəminə baxılaraq həkim tərəfindən qiymətləndirilir. Bəzən xəstələr özlərini çox pis hiss etdikləri üçün xəstəliyi ağır keçirdiklərini zənn edirlər. Daha sonra müayinə əsasında aydın olur ki, heç bir həyati təhlükə yoxdur.

Vaksinə gəldikdə, Azərbaycanda tətbiq olunan vaksinlərdən yalnız “Pfizer” vaksinindən ən azı 3 doza almış və sonuncu dozadan 6 aydan artıq müddət keçməmiş insanlar xəstəliyə qarşı effektiv immunitetə sahibdir. Lakin burada həmişə unudulan bir məqamı vurğulamağa gərək var; vaksinlər xəstəliyə yoluxmaqdan bizi qorumur. Vaksinasiyanın məqsədi ağırlaşma ehtimalını minimuma endirməkdir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR