İnsanlara hürriyət, millətlərə istiqlal!

COVİD-ə yoluxma qismən artıb, İsraildə 7-ci dalğa başlayıb - tamammı, davammı...

1657 21.06.2022 08:20 Yaşam A A

İnfeksionist: “Yeni virus variantlarının ölkəmizə gəlməsi ehtimalı aşağıdır”

Dünyada koronavirusa yoluxma sayında artım müşahidə edilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir ki, son bir həftə ərzində dünyada 3,2 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 8 mindən çox insan dünyasını dəyişib. İyunun 6-dan 12-dək ölüm hallarının sayı əvvəlki yeddi günlə müqayisədə 4 faiz artıb, yoluxma hallarının sayı isə eyni səviyyədə qalıb. Əvvəlki həftə ilə müqayisədə yoluxma hallarının sayında ən əhəmiyyətli azalma Avropa və Qərbi Sakit okean regionunda (8 faiz) qeydə alınıb. Bununla belə, Şərqi Aralıq dənizi regionunda (58 faiz) və Cənub-Şərqi Asiyada (33 faiz) yoluxma hallarının sayı nəzərəçarpacaq dərəcədə artıb. Amerikada (21 faiz) və Qərbi Sakit okean regionunda (17 faiz) ölüm hallarında əhəmiyyətli artım qeydə alınıb.

ABŞ bir həftə ərzində ən çox yoluxma sayının 743.723 olduğunu bildirib. Daha sonra Çin (501.146), Almaniya (281.706), Braziliya (279.862) və Avstraliya (194.158) yer alıblar. Yeddi gün ərzində ən çox ölüm halları ABŞ-da qeydə alınıb - 2,367. ÜST-in informasiya bülletenində qeyd edildiyi kimi, ondan sonra Çin (1.201), Braziliya (989), Rusiya (500) və İtaliya (443) yer alıblar.

İsraildə isə vəziyyət lap pisləşib. Ölkənin Səhiyyə Nazirliyi koronavirusun yeni, yeddinci dalğasının başladığını bəyan edib. İsrail mətbuatı xəbər verir ki, xəstəxanalarda koronavirus şöbələri yenidən açılır, karantin tədbirlərinin sərtləşdirilməsi istisna olunmur. Ölkənin Səhiyyə Nazirliyi bəyan edib ki, hazırda 47 min nəfər COVİD-19 virusuna yoluxub, 572 nəfər xəstəxanaya yerləşdirilib, qalanları isə ev şəraitində müalicə olunur. Pandemiyanın başlanğıcından bəri İsraildə 4,2 milyondan çox yoluxma halı aşkarlanıb, yoluxanlardan 10,8 min nəfəri həyatını itirib. Səhiyyə Nazirliyi hələlik qapalı məkanlarda və ictimai nəqliyyatda maska rejiminə qayıtmaqda israr etmir, lakin sakinlərə, hər halda, maska taxmaq tövsiyə olunur. Ölkədə xəstəxanalarda, poliklinika və apteklərdə, yaşlı insanların olduğu müəssisələrdə maskadan istifadə məcburidir.

Bəs görəsən, Azərbaycanda da koronavirusun yeni dalğası ola bilərmi, bununla bağlı önləyici tədbirlər görülməlidirmi?

 

Israel sees over 10,000 new coronavirus cases, highest daily number since  April | The Times of Israel

İnfeksionist Aqil Kəməndli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O bildirib ki, İsraildə yeni dalğanın başlaması yeni mutasiyaların yaranması deməkdir: “İkinci bir səbəbi də görülən profilaktik tədbirlərin nisbətən yumşalması ilə bağlıdır. Ölkəmizdə quru sərhədlərin bağlanması, həm nəzarət sisteminin tam olaraq yumşalmaması virusun yeni mutagen formalarının gəlib çıxmayacağına dair təminat verir. Bizdə elə bir təhlükənin olması görünmür. Bizdə hələ ki karantin qaydaları tam yumşalmayıb. Gündəlik statistik məlumatları da izlədikdə görürük ki, 5-6 nəfər yoluxub. Uzun müddət bu rəqəmlər stabil olduğuna görə belə qənaətə gəlmək olar. Çünki ən azından yoluxma sayında artım hiss edərdik. İsrail isə pandemiyanin ilk dövründə vaksinasiyanı 70-80 faizə çatdıran ölkə oldu. Lakin statistika üzrə ilk və ən tez yumşalmaya gedən ölkə oldu, PCR analizi tələb etmədən Avropa ölkələrinin girişinə icazə verdi. Ona görə də bu ölkədə xəstə saylarının artması, yeni ştamın yaranması daha çox özünü göstərir”.

Doktor Aqil.jpg (162 KB)

Aqil Kəməndli 

İnfeksionist ölkəmizdə əhalinin 70-80 faiz vaksinasiyaya cəlb olunduğunu yada salıb: “Düzdür, vaksinasiya  immuniteti müəyyən müddət üçün saxlayır. Bununla belə, vaksinasiyanın təmin etdiyi immunitet 6-7 aydırsa, onun qoruyuculuğu əhalidə hələ də qalmaqdadır. Bununla yanaşı, iri ticarət mərkəzlərində  mübarizə tədbirlərinin davam etdirilməsi, ölkəyə giriş-çıxış zamanı COVİD pasportunun yoxlanılması və digər bu qəbildən olan tədbirlər onu deməyə əsas verir ki, yaxın gələcəkdə yeni virus variantlarının ölkəmizə gəlməsi ehtimalı aşağıdır”.   

Həkim quru sərhədlərin açılması ilə bağlı tələblərə də münasibət bildirib: “Quru sərhədlərin açılması əhalinin sosial vəziyyətinin yaxşılaşması baxımından daha yaxşı olar. Maddi durumun, ticarət əlaqələrinin, sahibkarlıq subyektlərinin inkişaf etdirilməsi baxımından müsbətdir. Amma dünyada virusun artması, İsraildə yeni dalğanın yaranması bizə əsas verir deyək ki, verilmiş qərarlar doğru qərarlardır”.

Nadir Zeynalov: Dünyada tibb personalının 20 faizi bu virusa yoluxub

Qeyd edək ki, səhiyyə nazirinin müavini Nadir Zeynalov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda həm koronavirus, həm də digər xəstəliklərlə bağlı epidemioloji durum sabitdir. Nazir müavini qeyd edib ki, uşaqlar arasında yayılan influenza xəstəliyi sırf soyuqdəymədir:

“Mövsümi olaraq həmişə respirator virus infeksiyaları olub. Hazırda həmin viruslar mövsümi olmadığından xəstələnmə halları azalmaqdadır. İnfluenza virusu vaxtaşırı xəstələndiyimiz soyuqdəymə, qrip xəstəliyidir və bu da mövsümidir. Hazırda bu sahədə sabitlikdir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR