İnsanlara hürriyət, millətlərə istiqlal!

Çörəyi qurddan və pambıqdan çıxanlar: gözlənən gələcək niyə gəlmir...

1555 13.09.2022 08:50 İqtisadiyyat A A

6 ton barama, 500 min ton pambıq istehsalı proqnozlaşdırılmışdı, amma...

2014-2015-ci illərdə dünya bazarında neft qiymətlərinin kəskin düşməsi gəlirlərin də ciddi azalmasına, manatın dollar qarşısında dəyərsizləşməsinə gətirib çıxardı. Azərbaycan hökuməti həmin illərdən qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişafına diqqəti artırmağa başladı. Kənd təsərrüfatında isə əsas diqqət ixracyönümlü məhsulların istehsalına yönəldildi. Belə məhsullar arasında ən çox diqqət yetirilən pambıq və barama istehsalı idi. Hər iki istiqamətdə dövlət proqramları qəbul olundu, həmçinin onların istehsalı ilə məşğul olanlara dövlət tərəfindən subsidiyalaşma tətbiq edildi. Baramaçılığın inkişafına yönəlik proqrama əsasən 2025-ci ildə Azərbaycanda 6 min ton yaş barama, pambıqçılığın inkişafına dair proqrama əsasən isə 2022-ci ildə 500 min ton pambıq istehsalına nail olunmalı idi. Ötən müddət ərzində pambıq və barama istehsalı sahəsində qarşıya qoyulan məqsədlərə çatılıbmı? Sualın cavabını müəyyənləşdirmək üçün rəqəmlərə diqqət yetirək.

Vaxtilə ölkədə barama istehsalı min tonlarla ölçülən həcmdə olub. Lakin müstəqillik dövründə istehsal minimum səviyyəyə qədər azalıb. 2016-cı ildən etibarən ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb. 2017-ci ildə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün DÖVLƏT PROQRAMI” təsdiqlənib. Sənəddə qeyd olunurdu ki, Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda baramaçılıq və ipəkçilik ənənələrinin inkişaf etdirilməsinə, ipək məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsinə şərait yaradacaq. Eyni zamanda görülən tədbirlər ölkədə toxuculuq sənayesinin inkişafına, ipəkçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşmasına, yeni texnologiya və biliklərin tətbiqinə, ipək məhsulları ixracının genişlənməsinə və ipəkçiliklə bağlı digər sahələrin inkişafına təsir göstərməklə, bütövlükdə ölkənin ümumi iqtisadi potensialının güclənməsinə mühüm töhfə verəcək.

500 min ton pambıq istehsalı hədəfi qouldu - Dövlət Proqramı | marja.az

Proqramın icrası üçün qəbulolunan tədbirlər planında yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi-tədqiqat işlərinin genişləndirilməsi, peşə-ixtisas və ali təhsil müəssisələrində baramaçılıq və ipəkçilik sahəsində ixtisaslı kadrhazırlığının təşkili,qəbul planının əmək bazarının tələblərinə uyğunlaşdırılması, baramaçılığın yem bazasının genişləndirilməsi məqsədi ilə yeni tut (çəkil) tingliyi təsərrüfatlarının yaradılmasının və yeni tut (çəkil) bağlarının salınmasının dəstəklənməsi, baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut ipəkqurdu toxumu ilə təmin edəcək toxumçuluq (qren) zavodlarının yaradılmasının dəstəklənməsi, tədarük olunmuş baramanın ilkin emalı üçün barama qurutma məntəqələrinin, o cümlədən Ağcabədi, Balakən, Bərdə, Göyçay, Tovuz, Zaqatala və Zərdab rayonlarında barama qəbulu və emalı məntəqələrinin yaradılmasının dəstəklənməsi, mövcud və yeni salınmış tut (çəkil) bağlarının su təminatının yaxşılaşdırılması, suvarma şəbəkələrinin qurulması kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu.

2020-ci ildə ilk dəfə Qax Damazlıq İpəkçilik Stansiyasında 5 min qutu ipəkqurdu toxumu (146 kq) istehsal olunub. 2021-ci ildən yerli istehsal olan ipəkqurdu toxumlarının  istehsalının artırılması nəzərdə tutulurdu. Ötən il ipəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, ilk dəfə olaraq Bərdə, Ağsu, Füzuli və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib.

Rəsmi məlumatlardan aydın olur ki, 2016-cı ildə baramaçılığın yem bazasının bərpa olunması üçün Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi gətirilib, əvəzi ödənilmədən 38 rayonunda barama istehsalı ilə məşğul  olan kümçülərə paylanılıb. Bu tinglər əsasında 350 hektara yaxın sahədə yeni tut bağları salınıb. Həyata keçirilən tədbirlər nəticəsində 2007-ci ildən bəri ilk dəfə olaraq 2016-cı ildə Azərbaycanda 70,7 ton, 2017-ci ildə 245 ton, 2018-ci ildə 514 ton, 2019-cu ildə 641 ton yaş barama məhsulu istehsal edilib. Lakin 2020-ci ildə koronavirus pandemiyasının yaratdığı fəaliyyət məhdudiyyətləri üzündən barama istehsalında azalma qeydə alınıb. Həmin il ölkədə 446,6 ton barama (azalma 30,6 faiz) istehsal edilib. 2021-ci ildə isə barama istehsalı 11,4 faiz artaraq 497,4 ton təşkil etsə də, 2022-ci ildə yenidən kəskin şəkildə - 31 faiz azalaraq 339,2 ton olub.

Bu günədək kümçülər 633,26 ton yaş barama təhvil veribl...

Barama istehsalı kifayət qədər gəlirli sahə hesab oluna bilər. Belə ki, kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azəripək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır. Beləliklə, ipək qurdunu dövlətdən pulsuz alan kəndli 40 gündən sonra təhvil verdiyi 1 ton baramadan 11 min manat gəlir əldə edə bilir. Bu, kifayət qədər yüksək gəlirlilik deməkdir. Belə olan halda, barama istehsalı niyə azalır? Apardığımız qısa araşdırmadan sonra gəldiyimiz qənaət bu oldu ki, əhali barama istehsalına maraq göstərmir. Buna görə də 2019-cu ildə barama yetişdirmək istəyənlərə 20 min qutu, 2021-ci ildə 14700 qutu, bu il isə cəmi 11 130 qutu barama qurdu verilib.

Ölkədən barama və ipək parça ixracı 2021-ci ildən artmağa başlayıb. Həmin il Azərbaycan 1 milyon 299,35 min dollar dəyərində 138,14 ton açılmaya yararlı barama qurdunun baraması, 1 milyon 633,58 min dollarlıq 44,27 ton eşilməmiş xam ipək, 1 milyon 92,33 min dollarlıq 57,07 ton İpək tullantıları (açılmaq üçün yararsız barama, əyirmə tullantıları və didilmiş xammal daxil olmaqla), 187,81 min dollar dəyərində 75 min 123,8 kv.metr daraqağzı ipək parça ixrac edib. Əvvəlki illərdə bu ixrac üst-üstə 1 milyon dollara çatmayıb.

Yuxarıda da qeyd etdiyimiz kimi, pambıq istehsalı 2015-ci il böhranından sonra qeyri-neft sektorunun prioritet inkişaf istiqamətlərindən biri elan olunub. Nəticədə, 2016-cı ildə 89 min 442 ton olan pambıq istehsalı 2017-ci ildə 207 min 525 tona, 2018-ci ildə 233 min 592 tona, 2019-cu ildə 295 min 279 tona, 2020-ci ildə 336 min tona  çatdırılıb. 2021-ci ildə 286,7 min ton (14,9 faiz az) pambıq istehsal olunub.  Pambıq əkinlərinin sahəsi qeyd olunan illərdə 51,4 min ha, 136,4 min ha,  132,5 min ha, 100,1 min ha, 2021-c ildə 100,6 min ha təşkil edib. Bu zaman orta məhsuldarlıq 2016-cı ildə 17,3 sentnerdən 2017-ci ildə 15,3 sentnerə düşsə də, 2018-ci il ildən artmağa başlayaraq 2020-ci ildə 33,6 sentnerə çatıb, 2021-ci ildə yenidən azalaraq 28,5 sentnerə düşüb. Məhsuldarlıq və ümumi istehsaldakı bu ziqzaqvari hərəkət daha çox iqlim şərtləri, xüsusilə də su çatışmazlığı ilə bağlıdır. Düzdür, son illərdə Azərbaycanda pambığı yalnız suvarma və torpaq imkanları əlverişli olan rayonlarda əkməyə başlayıblar: 2018-ci illə müqayisədə 2021-ci ildə pambıq əkilən rayonların sayı 27-dən 17-yə endirilib. Lakin bu, optimal məhsuldarlığın əldə olunması üçün yetərli deyil. Pambıq istehsalında müasir texnologiyaların tətbiqi ilə az sahədən maksimum məhsul götürülməsinin təmin olunması çox vacibdir.

Pambıq ixracı son illərdə müəssisələrə xeyli gəlir verməkdədir. Lakin bu ixrac daha çox xammal üzərində qurulub. Rəsmi statistikadan aydın olur ki, 2020-ci ildə Azərbaycandan xaricə133 milyon 260,32 min dollarlıq 100 min 466,82 ton, 2021-ci ildə isə 210 milyon 919,04 min dollarlıq 126 min 997,96 ton pambıq lifi ixrac olunub. Pambıqdan hazır məhsul istehsalı zəncirində ikinci həlqə olan pambıq iplik ixracı isə 2020-ci ildə 18 milyon 951.27 min dollar dəyərlə 9 040.91 ton, 2021-ci ildə 58 milyon 115.09 min dollar dəyərlə 18 429.01 ton təşkil edib.

2022-ci ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq lifi birinci olub. Yeddi ayda xaricə 142 milyon 178.62 min dollar dəyərində 60 min 614.99 ton pambıq lifi, 25 milyon 268.01 min dollar dəyərində 6 min 45.34 ton pambıq iplik ixrac olunub. Keçən ilin eyni dövründə pambıq lifi ixracı 134 953.90 dəyərlə 88 472.31 ton, pambıq iplik ixracı isə 28 801.68 dəyərlə 10 170.33 ton təşkil etmişdi. Göründüyü kimi, hər iki məhsulun dünya bazar qiymətinin artması ixracatçıların gəlirlərini artırıb.

Bu il Azərbaycanda 2022-ci ildə pambıq əkinləri artırılaraq 104,3 min hektara çatdırılıb.  Eyni zamanda bu il yığım ərəfəsində xam pambığın alış qiyməti iki dəfə 50 manat, ümumulikdə 100 manat artırılıb. Nəticədə  emal müəssisələri  istehsalçılara xam pambığın birinci növü üçün 1 tona 800 manat, 2-ci növ üçün 780 manat, 3-cü növ üçün 740 manat, 4-cü növ üçün 700 manat ödəyəcəklər. Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına əsasən, xam pambığın alış qiymətinin hər tona görə əlavə 100 manat qaldırılması cari ildə pambıq istehsalı ilə məşğul olan fermerlərin 30 milyon manata yaxın əlavə gəlir əldə etməsinə imkan verəcək. Bu isə o deməkdir ki, cari ildə pambıq istehsalı həcminə dair gözləntilər 300 min ton civarındadır.

Azərbaycan həm barama, həm də pambığı xammal və birinci emal məhsulu olaraq ixrac edir. Halbuki hər iki istiqamətdə son məhsulun ixracı daha çox gəlir əldə etməyə imkan verər...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR