İnsanlara hürriyət, millətlərə istiqlal!

Conun sonu, Consonun triumf anı, Trampın şansı – ABŞ-də əsas şahidləri niyə öldürürlər?

2385 16.07.2024 09:22 Yazarlar A A

ABŞ prezidenti Con Kennedinin qətlindən fərqli olaraq eks-prezident Donald Trampın həyatına sui-qəsdin ört-basdır edilməsi mümkün olmayacaq. Çünki adam sağ qalıb və prezident seçilməsi ehtimalı böyükdür.

Böyük cinayətin izlərinin azdırılması

Əgər 1963-cü ilin noyabr ayının 22-də Texas ştatının Dallas şəhərində Kennediyə atılan güllə yan keçsəydi və o, sağ qalsaydı, o işin də üstü tezliklə açılardı. Fəqət Kennedinin yerinə elə bir adam gəlib ki, cinayət kələfini dolaşdırıb. Hətta bu kələfin nə vaxtsa çözülməsinə kömək edəcək daha 6-7 adam (başda Con Kennedinin qardaşı Robert Kennedi olmaqla) öldürülüb.

ttrrrr.jpg (87 KB)

Bu şəxs o dönəmdə ABŞ vitse-prezidenti postunu tutan, Kenendinin ölümündən sonra ölkəsinin 36-cı prezidenti olan Lindon Consondur. Maraqlıdır ki, nə prezidentliyi dövründə, nə də ondan sonra L.Consona qarşı heç bir ittiham irəli sürülməyib, onun Kennedinin qətlindəki rolu araşdırılmayıb.

Qətldən dərhal sonra Amerika kəşfiyyatı Moskvadan Kennedinin öldürülməsinin təşkil olunmuş sui-qəsd olması və vitse-prezident Lindon Consonun qəsd sözləşməsini mümkün iştirakçılarından biri olduğunu qeyd edən məlumatlar alıb, amma ABŞ kriminalistləri bu siqnala əhəmiyyət verməyiblər. Qətli araşdırmaq üçün yaradılmış "Uorren komissiyası" isə əsasən ört-basdır işi ilə məşğul olub. Üstəlik həmin təhqiqatçı qrupun ortaya çıxardığı detalların mühüm bir hissəsi hələ də ictimaiyyətə açıqlanmayıb.

Bu, ona görə belə olub ki, əslində Kennedinin qətlini ABŞ dövlətinin başında duranlar özləri təşkil edib. Ona görə də onlar bu qətlin təqsirini gah SSRİ-nin, gah Kubanın, gah da Amerikanın mafioz ailələrinin üstünə atmağa cəhd edib, versiya kirliliyi yaradıblar. Ancaq irəli sürülən heç bir versiya inandırıcı olmayıb.

Nədən əsas şübhəlidən şübhələnməyiblər...

Qədim Roma hüququnun məntiqiylə çıxış etsək, Kennedinin qətlinin ən çox sərf etdiyi adam məhz Lindon Conson idi.

andconson.jpg (40 KB)

                                           L.Conson təyyarədə prezident kimi and içir

1960-cı il prezident seçkisi kampaniyası başlayanda Texasdan olan 52 yaşlı senator Lindon Conson ABŞ demokratlarının favorit namizədi olub. Adam əngin təcrübəyə malik, prezident Franklin Ruzveltlə xüsusi münasibəti olan, Senatın komitələrinə rəhbərlik etmiş bir şəxs olub. Ancaq seçki kampaniyasının gedişində özünü hər kəsə sevdirməyi bacaran 43 yaşlı Con Kennedi ona qalib gəlib və Demokrat Partiyasından prezidentliyə namizəd seçilib. L.Conson bu gedişatdan çox narazı qalıb, amma Kennedi sırf Texasdan olan seçicilərin səsini almaq üçün Consonu öz vitse-prezidenti seçib. Prinsipcə, ambisiyalı Conson özündən 9 yaş kiçik, necə deyərlər, “dünənin uşağı”nın yanında ikinci rola razılaşmamalı idi, amma nə fikirləşibsə, təklifdən imtina etməyib. Onlar birlikdə seçkini udublar, biri prezident, digəri vitse-prezident olub.

kennediler2.JPG (50 KB)

Conson vitse-prezident olaraq aydın səlahiyyətlərə malik olmaq və ümumilikdə prezident administrasiyasında vitse-prezident ofisinin söz sahibi olmasına çalışıb. Ancaq Kennedilər ona bu imkanı verməyiblər. “Kennedilər” deyərkən, həm prezident Con Kennedi, həm də onun kiçik qardaşı, baş prokuror və ədliyyə naziri təyin edilən Robert Kennedi nəzərdə tutulur. Robert bu iki vəzifədən başqa həm də qeyri-rəsmi olaraq özünü prezident administrasiyasını rəhbəri, faktiki vitse-prezident kimi aparıb və bəzi vaxtlar öz üzərinə xarici işlər nazirinin funksiyasını da götürüb – xüsusilə də 1962-ci ildə SSRİ ilə ABŞ arasında yaranan Karib böhranı zamanı.

Buna görə də Conson tezliklə prezident Kennedidən və onun qardaşı Robertdən incik düşüb. Prezident Kennedi 1964-cü ildə baş tutacaq seçkiyə artıq Consonla birlikdə qatılmaq fikrində deyilmiş və 1963-cü ilin ortalarından özünə yeni vitse-prezident namizədi axtarırmış.

ruz-con.JPG (22 KB)

         32-ci prezident Franklin Ruzvelt və 36-cı prezident Lindon Conson (1940-cı illər)

Bundan başqa, 1963-cü ildə ABŞ-də rüşvətxorluq və maliyyə sui-istifadəsi ilə bağlı böyük bir qalmaqal yaranıb. Bu qalmaqala vitse-prezident Consonun adı da qarışıb. 1963-cü ilin noyabr ayından etibarən bu qalmaqal fonunda Consonun həbs olunma ehtimalı olub. Lakin 1963-cü il noyabrın 22-də Kennedinin öldürülməsi vəziyyəti kəskin şəkildə dəyişib və Conson artıq cinayət təqibi ilə üzləşməyib.

Göründüyü kimi, Kennedinin qətlini vitse-prezident Consonun təşkil edə biləcəyinə dair əsaslı şübhələr var – cinayətin motivi də həmçinin.

Hələ onu da nəzərə alaq ki, qətl Consonun məmləkətində - Texasda törədilib. Üstəlik, həmin vaxt Conson da Texasda olub və Kennedinin cəsədi soyumadan, elə təyyarədəcə ABŞ prezidenti səlahiyyətlərini öz üzərinə götürərək and içib.

Qətldə SSRİ “izi”

Əlbəttə ki, ABŞ-nin güc strukturları, kəşfiyyat və xüsusi xidmət orqanlarının rəhbərləri bir araya gəlməsələr, bu miqyasda qətlin həyata keçirilməsi mümkün olmazdı. Ancaq Kennedi qardaşlarının ötkəm davranışı, ölkədə faktiki olaraq “iki qardaş iqtidarı”nın formalaşması hərbi-siyasi dairələrdə ciddi narazılıq doğurubmuş. Xüsusilə də Kennediyə qarşı SSRİ-yə loyallıq, dövlətin ümdə mənafelərini güzəştə getmək, Amerikanı zəif göstərmək kimi ittihamlar səslənib.

1963-cü il avqustun 5-də Moskvada SSRİ, ABŞ və Böyük Britaniya nümayəndələri üç sahədə - havada, quruda və su altında nüvə silahının sınaqlarını qadağan edən saziş imzalayıblar. ABŞ generalitetinin “qırğı”ları bundan məmnun qalmayıb. Həmin ilin oktyabrında prezident Kennedi SSRİ-yə 250 milyon dollarlıq taxıl satışına icazə verib və bu, sovet dövlətinin rəhbərliyinə ciddi məhsul çatışmazlığının nəticələrinin öhdəsindən gəlməyə kömək edib.

Bu baxımdan L.Consonun anti-Kennedi koalisiyası formalaşdırması çətin olmayıb.

Marksist killer SSRİ ilə anlaşmağa çalışan şəxsi niyə güllələməli idi?

bc29a77cebbf65842278e9519f41e373.jpg (52 KB)

                      Kennedinin rəsmən elan olunmuş qatili Li Harvi Osvald

Qətli həyata keçirmək üçün vaxtilə (1959-62-ci illərdə) SSRİ-də, Minsk şəhərində yaşamış, rus qızı Marina Prusakova ilə evlənərək Yeni Orleana, oradan isə Texasa köçmüş sabiq dəniz piyadası Li Harvi Osvaldın seçilməsi təsadüfi deyil. Qətlin təşkilatçıları çalışıblar ki, şübhələr SSRİ-yə, Kubaya yönəlsin. Çünki Osvald özünü marksist hesab edirdi və Kuba inqilabçıları ilə əlaqələri vardı. Onun SSRİ-dən qayıtdıqdan sonra FTB-nin nəzarətində olmaması mümkünsüz idi. Həm də Osvald SSRİ-yə rəğbətli biriydi və prinsipcə, onun Moskva ilə anlaşmağa çalışan Kennediyə qarşı hər hansı bir nifrəti olmamalı idi.

Ümumiyyətlə, bu adam qətldə iştirakını boynuna almayıb. Belə bir versiya da var ki, qətli ümumiyyətlə, Osvald törətməyib, Kennedini daha peşəkar atıcılar (azı iki nəfər) vurub, Osvaldı isə izi itirmək üçün tutublar.

Bir əhlikef və kriminal barmen nədən qatildən qisas alsın?

Pappas_Exh1-murder_Oswald-21-19.jpg (317 KB)

                          Cek Rubinin Osvaldı güllələdiyi an

Qətldən iki gün sonra Osvaldın televiziya kameralarının önündə, hüquq-mühafizə orqanlarının onlarla işçisinin əhatəsində Cek Rubi (Ceykob Rubinşteyn) adlı barmen tərəfindən güllələnməsi Kennedinin qətlinin izinin itirilməsi niyyətinin ciddiliyinə şübhə yeri qoymur. Çünki Cek Rubi Kennedi aşiqi olmadığı üçün onun Osvalddan qisas alması absurddur. Gecə barının sahibi olan və mafiya ilə bağlılığı bilinən Rubi əhlikefin biri olub. Əsas işi yeyib-içib əylənmək, vaxtaşırı bara yüngül əxlaqlı qadınları işə götürmək, onlarla cinsi əlaqədə olduqdan sonra qovmaq olan bu adam birdən-birə prezidentin qatilini niyə öldürmək istəsin? Bu, onun nəyinə lazım idi? Lap onun belə bir niyyəti olsa da, üstündəki silahla necə olub ki, Dallas polis departamentinin zirzəmisindən Dallas həbsxanasına aparılan Osvaldın, son dərəcə ciddi şəkildə qorunmalı olan bir nömrəli qətl şübhəlisinin 3-5 metr yaxınlığına qədər gəlib və onun qarnına atəş açıb. Bu da maraqlıdır ki, həbs və məhkum ediləndən 4 il sonra Cek Rubi türmədə ölüb – Consonun prezidentlik müddəti bitməmiş.

Atıcının öncədən nişangahda olduğunu sübut edən detal

İndi Tampa atəş açan Metyu Kruks da ifadə verməyə macal tapmamış öldürülüb. Osvald kimi Metyunu da “tənha atıcı” elan ediblər. 20 yaşlı Kruksun Trampa atəş açdıqdan saniyələr sonra 1 atəşlə öldürüldüyü bildirilir. Bunun özü də şübhəlidir. Demək, o, öncədən nişangahdaymış və işini görən kimi dərhal vurulub. Onu xüsusi xidmət orqanlarının əməkdaşı vurub. Bu, necə bir peşəkardır ki, işıq gələn səmtə bir güllə atır və adamı öldürür. Mümkün olan şey deyil.

Başqa bir şübhəli məqam isə odur ki, hadisənin şahidləri polislərə tüfəngli bir adamın damda süründüyünü xəbər veriblər, polis isə onların dediyinə məhəl qoymayıb. Belə təhlükəsizlik tədbiri olarmı? Söhbət keçmiş prezidentdən və prezidentliyə ən şansı namizədin həyatından gedirsə, hər bir siqnal ciddiyə alınmalıydı. Demək, çox adamın “Trampın məhv edilməsi” ssenarisindən xəbəri olub.

Absurd – “Başıma güllə atın, qulağıma dəysin”

İndi komplo nəzəriyyələri sevənlər eyham edirlər ki, bu qəsdi Tramp özü təşkil edə bilərdi – guya ki, öz reytinqini bir az da artırmaq üçün.

bayden-qesdjpg-1720939685.jpg (275 KB)

                              Trampın güllələnməsindən bir neçə saniyə sonra

Birincisi, Trampın öz reytinqini bu yolla artırmasına ehtiyacı yox idi. Onun nüfuzu onsuz da arta-arta gedir, rəqibinin nüfuzu isə gündən-günə azalırdı. İkincisi, texniki və psixoloji baxımdan mümkün deyil ki, Tramp belə bir ssenariyə razılaşsın, desin, mənim başıma snayper tüfəngindən atəş açın, amma qulağıma dəyib keçsin. Bunun tətbiqatı heç cür mümkün deyil.

Məsələ budur: ABŞ-nin xüsusi xidmət orqanları adamı köhnə, bir dəfə sınaqdan çıxarılmış üsulla (“tənha” və dərhal öldürülmüş snayper tərəfindən törədilən qətl) aradan götürmək istəyiblər, amma Trampın başını yana əyməsi qətlin baş tutmasını əngəlləyib. Hadisə saniyənin onda biri qədər zaman kəsiyində baş verib.

“Dövlət mənafeyi tələb edirsə, susmaq lazımdır” prinsipi

ABŞ-də bu mövzuda təfərrüatları uzun-uzadı danışmağı sevmirlər. Özlərini elə aparırlar ki, guya heç nə bilmirlər və ya əllərində daşdan keçən sübutlar yoxdur. Sübutlar məhv ediləndən, əsas şahidlər aradan götürüləndən, qətl işi ört-basdır olunandan sonra, əlbəttə ki, ortada yalnız şübhələr qalacaq.

Ancaq bu şübhələr o qədər güclüdür, cinayətin motivi o qədər bəllidir ki, bunun altından sürüşüb çıxmaq mümkün deyil.

Bilmək olmaz, mümkündür ki, Tramp prezident seçiləndən sonra xalqın qarşısına çıxıb onu güllə atanın “tənha atıcı” olduğunu deyə bilər. Ortada ABŞ-nin dövlət mənafeyi olanda, amerikalı siyasətçilər həqiqətin ağzına daşı hermetik şəkildə basa bilirlər.

Məhz ona görə də 61 ildir ki, “Kennedini kim öldürdü” sualının ağlabatan cavabı yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR