İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin yüksək keyfiyyətli antikorrupsiya güllələri

1982 17.07.2022 08:00 Yazarlar A A

 

Sinni 60-ı adlamış bir rəfiqim var, çox mehribanıq, 3-4 ildən bir görüşürük, amma tez-tez yazışırıq, hər dəfə bir yüksək mənsəbli məmur tutulanda mənə yazır ki, bu cür olmaz, düzgün deyil.

İndi oxucular elə bilməsin ki, bəradər tutulan məmurların müdafiəsinə qalxır. Yox. Onun fikrincə, əliəyri məmuru tutmaq, mühakimə etmək, sonra 7-8 il iş vermək və 1-2 ildən sonra buraxmaq düzgün deyil, birdəfəlik güllələmək lazımdır.

Yenə elə çıxa bilər ki, simsarım stalinçidir, qəddar sovet rejiminin fanatıdır. Yenə yox. Adam Stalin dövrünün amansızlıqlarını, repressiyasını, haqsızlıqlarını incəliyinə qədər bilir və deyir ki, Stalinin vaxtında da N qədər rüşvət alan, xan kefində yaşayanlar olub, amma heç vaxt cəzalandırılmayıblar, sadəcə, ilişənin başı gedib.

O qəti əmindir ki, tamahkar məmura ayda bir milyon maaş da versən, xeyri yoxdur, rüşvət almaq, korrupsiyaya qurşanmaq imkanı varsa, istifadə edəcək, varidatını artıracaq, fikirləşəcək ki, ayda 1 milyon azdır, qoy 2 milyon olsun.

Qardaşın fikrincə, adam bilsə ki, bu işin axırında güllə var, tamahını boğar, ya da boğmaz, güllələnər, tamahkarın biri azalar. Onun yerinə gələn görər ki, bəli, əliəyriliyin, tamahkarlığın aqibəti pis olur, özünü yığışdırar. Yox, əgər o da özünü yığışdırmasa, bir müddətdən sonra o da ilişər, güllələnər. Nəhayət, beşinci fikirləşər ki, məndən qabaq bu vəzifədə işləyən dördünü güllələyiblər, qoy düz işləyim, güllələnməyim.

Humanist həmvətənimiz deyir, başqa çıxış yolu yoxdur və Çindən misal gətirir. Orda hər il dövlətə kəf gəldiklərinə, dövlət büdcəsinin yuanına yan gözlə baxdıqlarına görə bir xeyli məmuru güllələyirmişlər. Yerdə qalanlar da onların aqibətindən dərs çıxarırmış, bu qənaətə gəlirmişlər ki, milyonçu olub 5 gün yaşayınca, yaxşı maaş alan məmur olub 30-40 il yaşamaq yaxşıdır.

Mən özüm də bu haqq-hesabı araşdırmışam, gerçəkdən də Çinin iqtisadi tərəqqisinin mayasında güllə durur. Dövlət büdcəsini talayanları güllələyirlər, sahibkarlardan külli miqdarda rüşvət tələb edənləri edam edirlər, tenderləri öz qohumlarına udduranlara qan uddururlar, bir də dövlətə ciddi iqtisadi zərbə vuranlara şərait yaradırlar ki, özlərini güllələsinlər.

Ona görə də Çin camaatının çoxu görür ki, kişinin başının salamatlığına, ürəyinin sağlamlığına yol mədədən, qarından keçmir, ən yaxşısı, partiyanın dediyinə qulaq asmaqdır. Partiya isə deyir, diqqətli ol, hörmətli ol, haram billə yemə, qızıl güllə yemə.

İndi bəzi dostlar yazırlar ki, yox, bizdə elə olsa, ölkədə vəzifəli adam qalmaz, hamısı güllələnər. Elə deyil. Heç də hamı dövlət malına qarşı ağırlaşdırıcı halda cinayət etmir, milyonluq yeyintiyə yol verənlərlə 300-500 min manatlıq “şirinlik” alanları bir-birinə qatıb güllələmək ədalətli olmaz. Onları bir-birindən ayırıb güllələmək lazımdır.

Bir nəfər də yazıb ki, elə bir şey olsa, vallah, güllələmə işinə baxanlar bir ayın içində nəinki milyonçu, hətta milyarder olarlar. Mexanizmi sadədir: bu işə baxan adam 10 güllələnməli adam tutar, 5-nin 10 milyonunu alıb buraxar, o biri 5-ni güllələyər və 50 milyon qabağa düşər. Nəyinə bəs deyil? İntəhası, bir gün onun da yaxasından yapışıb çəkərlər ortalığa və söykəyərlər divara. Elə olmalıdır. Əksi olsa, korrupsiya ilə mübarizə effekt verməz.

Budur, xəbər yayılıb ki, Məsum adlı bir gömrükçü rəis müsadirə olunmuş siqaretləri əsgərlərə göndərmək əvəzinə satdırırmış. Çində onu güllələyərdilər. Bizdə isə ölüm hökmü çoxdan ləğv olunub, qüvvədə olsa da, belə xırda şeyə görə general rütbəsi daşıyan adamı güllələməzlər. Heç lazım da deyil. Elə adamları vəzifədən çıxarmaq və yığdıqlarını əlindən almaq kifayətdir. Lətifəsi Məsum müəllimə dəyməsin, deyirlər, tısbağanı ha öldür, ha arxası üstə çevir, eyni şeydir.

Belə baxanda çinlilər çox humanist camaatdır. Onlar haqqı yeyilmiş, ədalətsizliyə məruz qalmış adamlara qarşı çox mərhəmətli davranırlar, onların malına-mülkünə qəsd edənləri isə güllələyirlər ki, o cür haqsızlıq bir daha təkrar olunmasın. Onlar bu günlərə güllə ilə gəlib çıxıblar. Özü də çinlilərin başqa mallarına baxmayın, güllələri çox keyfiyyətlidir, hər qudurmuş məmura cəmi bir dənə vururlar, bəs edir.

İndi elə çıxmasın ki, müəllif ölüm hökmünün bərpasının tərəfdarıdır. Xeyr. Müəllif, sadəcə, korrupsiyanın minimuma endirilməsini vacib sayır. İndi bunu güllə edəcəklər, yoxsa güllə ilə, elə bir əhəmiyyəti yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR