İnsanlara hürriyət, millətlərə istiqlal!

Çini Rusiyanın düşdüyü “bataqlığa” çəkirlər: Dağıdıcı qlobal savaş reallığa çevrilir

2513 08.07.2022 19:31 Analitika A A

Kreml rəsmi Pekini növbəti hədəf olduğuna inandırmağa çalışır, ABŞ və Qərb isə açıq təhdidlərlə Çini elə indidən Rusiyanın olduğu “bataqlığa” salmağa can atır… Ancaq Çin hələlik təmkinli davranır, Ukrayna savaşının və Rusiyaya qarşı sanksiyaların dünyada yaradacağı vəziyyətin tam aydınlaşmasını gözləyir…

Ukrayna savaşı bütün dünyanı öz təsiri altında saxlamaqda davam edir. Bu savaşın real təsirləri hər ötən gün daha da güclənir. Dünya bütün böhran növlərinə məruz qalmaqdadır. Ən inkişaf etmiş ölkələr belə, hazırda maliyyə-iqtisadi, enerji, ərzaq, social-humanitar və s. problemlərlə üz-üzə qalıb. Və bu dağıdıcı müharibənin nə vaxt sona çatacağı isə hələlik məlum deyil.

Ancaq müşahidələr göstərir ki, bəşəriyyətin narahatlıq keçirtməli olduğu problem yalnız Ukrayna savaşı ilə məhdudlaşmır. Hətta elə vəziyyət yarana bilər ki, Ukrayna savaşı yeni təhlükə qaynaqları qarşısında daha əhəmiyyətsiz görünə bilər. Ən pisi də ondan ibarətdir ki, dünya üçün daha böyük fəlakətlər vəd edən qarşıdurmanın ilkin əlamətləri artıq nəzərə çarpmağa başlayıb.

Məsələ ondadır ki, NATO-nun Madrid sammitində Rusiyanın əsas düşmən elan edilməsinə parallel olaraq, Çin də real təhlükə mənbəyi kimi qeydə alınıb. Yəni, bu hərbi-siyasi alyans bundan sonra yalnız Rusiya ilə deyil, həm də Çinlə qarşıdurma vəziyyətində olmaq məcburiyyətindədir. ABŞ və Qərb Çini orta perspektivdə yalnız özünə deyil, həm də bütün dünyaya qarşı ən real təhlükə mənbəyi hesab edir.

Təbii ki, rəsmi Pekin NATO-nun tımsalında ABŞ və Qərbin Çinə qarşı hərbi-siyasi ssenarilər qurduğunun fərqindədir. Rəsmi Pekin Rusiyanı çökdürmək məqsədilə başladılan Ukrayna savaşının yekunlaşmasının Çinə qarşı oxşar beynəlxalq savaşın başlanğıcı ola biləcəyini təxmin etməyəcək qədər sadəlövh deyil. Və bu səbəbdən də, son vaxtlar Çinin yeni qlobal savaş ssenarisinə hazırlaşmağa başladığı müşahidə olunur.

ezgif.com-gif-maker-1-4-768x403.jpg (41 KB)

Onu da nəzərə almaq lazımdır ki, Çin Ukraynada “savaş bataqlığı”na salınmış Rusiyanın durumundan artıq lazımi nəticələr də çıxartmağa imkan tapıb. Bəzi məlumatlara görə, indi rəsmi Pekin Çinin üzləşə biləcəyi dəhşətli savaş variantı üçün öz resurslarını gücləndirməyə üstünlük verir. Çinin hətta ən az əhəmiyyət daşıyan müdafiə vasitələrinə belə, xüsusi həssaslıqla yanaşdığı bildirlir.

Maraqlıdır ki, rəsmi Pekin Çin üçün hərbi texnika, silah-sursat, canlı qüvvə, enerji resursları, ərzaq ehtiyatları və əhalinin qorunmasında vacib olan vasitələr də daxil olmaqla, bir çox istiqamətlər üzrə ölkənin minimum təlabat limitini müəyyən edib, yeniləməyə başlayıb. Eyni zamanda, rəsmi Pekin Orta Asiya da daxil olmaqla, dünyanın bəzi strateji bölgələrində Çinin mövqelərini möhkəmləndirməyə və beynəlxalq rəqiblərinin başladacağı savaşa müqavimət gücünü artırmağa çalışır. Və hazırda rəsmi Pekinin ən çox narahat olduğu məqam rəqiblərin başladacağı savaşın yalnız iqtisadi alətlər üzərindən ola biləcəyi ilə bağlıdır.

Məsələ ondadır ki, hazırda Çinin inkişafı və güclənməsi birmənalı şəkildə iqtisadi faktorlara indeksləşib. Hətta Qərbdə bəzi mütəxəssislər hesab edirlər ki, Çini məğlub etmək üçün bu ölkəyə hərbi zərbə endirmək effektiv olmayacaq. Ancaq Çinin maliyyə-iqtisadi zərbələrin hədəfinə çevrilməsi onun süqutunu qaçılmaz edə bilər. Qərb ekspertləri öz iddialarını Ukrayna savaşının Çin iqtisadiyyatına göstərdiyi təsirlərlə arqumentləşdirməyə çalışırlar.

Səbəb isə Rusiyaya qarşı tətbiq olunan sanksiyaların zəncirvari effekt verməsi ilə bağlıdır. Belə ki, Rusiyaya qarşı sanksiyalar həm də Avropa maliyyə-iqtisadi məkanını zərbələrə məruz qoyaraq, zəiflədir. Avropa iqtisadi məkanının zəifləməsi isə Çinə birbaşa təsir göstərir. Çünki, Çin iqtisadiyyatının əsas ticari tərəfdaşı məhz Avropa məkanıdır. Bu məkan zəiflədikcə, Çinin idxal-ixrac fəaliyyəti də məhdudlaşır. Rəsmi Pekin ölkədə istensal olunan əsas məhsulların sərfəli alıcılarını itirməyə başlayır. Və bu baxımdan, Rusiyaya qarşı sanksiyalar həm də Avropa ölkələri ilə yanaşı, Çini də “vurmuş” olur.

1647759506_prezidenti_4.jpg (56 KB)

Ancaq dünyanın nüfuzlu xüsusi xidmət servislərindən verilən mesajlar ABŞ və Qərbin Çin ilə qarşıdurmasının yalnız iqtisadi alətlər üzərindən mübarizə ilə məhdudlaşmaya biləcəyini təxmin etməyə imkanlar açır. Belə ki, Böyük Britaniya və ABŞ təhlükəsizlik xidmətlərinin rəhbərləri dünya ölkələrinə Çindən gələn real təhlükə barədə xəbərdarlıq ediblər. ABŞ-ın Federal Təhlükəsizlik Bürosunun (FTB) direktoru Kristofer Vrayın sözlərinə görə, Çin onların iqtisadi və milli təhlükəsizliyi üçün ən böyük və uzunmüddətli təhdiddir.

Digər tərəfdən, K.Vray Çinin Ukraynadakı silahlı münaqişədən artıq hər cür “dərslər” aldığına əmin olduğunu da vurğulayıb. K.Vray həmçinin Çinin Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyalarını diqqətlə izlədiyini və bunun üçün intensiv şəkildə iqtisadi xarakterli hazırlığa başladığını iddia edib.

Böyük Britaniyanın xüsusi xidmət servisi “Mİ 5”-in rəhbəri Ken Makkallum isə bildirib ki, Çinin Tayvanı zorla öz tərkibinə qatmaq cəhdləri FTB-ni bərk qəzəbləndirə bilər. Onun fikrincə, bu halda, dünyanın indiyədək gördüyü ən qorxulu müharibələrdən biri baş verə bilər.

Maraqlıdır ki, ABŞ və Qərlə Çin arasında dərinləşən ziddiyyətlərdən Rusiya da öz maraqları çərçivəsində yararlanmağa cəhd göstərir. Kreml çalışır ki, rəsmi Pekini hər iki ölkə üçün indiki ağır situasiyada Çinin Rusiyanın yanında yer almasının vacibliyinə inandıra bilsin. Əgər, bu, baş verərsə, Rusiya ABŞ-və Qərblə savaşda Çinin hərbi-siyasi və iqtisadi-ticari tərəfdaşlığı sayəsində bir çox qəliz problemlərini həll edə, mövqelərini nisbətən möhkəmləndirə bilər.

Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ Rusiya və Çini ikiqat mühasirəyə aldığı üçün ölkələr strateji əməkdaşlığı genişləndirəcək. Onun dediyinə görə, hər iki qonşu ölkə praktiki qarşılıqlı fəaliyyətin həcmini artırmaqda və əhatə dairəsini genişləndirməkdə davam edir. Rusiyalı diplomat rəsmi Pekinin diqqətini NATO-nun Madrid sammitində bu hərbi-siyasi alyansın yeni qəbul edilən konsepsiyasına çəkməyə çalışıb. Çünki həmin sənəddə Rusiya birbaşa təhdid, Çin isə gizli təhlükə kimi göstərilir.

1576226711_russia-china (1).jpg (35 KB)

Ancaq rəsmi Pekinin Kremldən gələn birləşmə mesajlarına müsbət yanaşmaq həvəsi o qədər də yüksək deyil. Çinə olan təhlükələr və təzyiqlər nə qədər güclənsə də, rəsmi Pekin balansı qorumağa, hətta Rusiya ilə mümkün qədər məsafə saxlamağa da çalışır. Çinin siyasi liderinin Kremldən gələn Rusiyaya rəsmi səfər təklifini koronavirus bəhanəsi ilə geri çevirməsi də bunu təsdiqləyir.

Digər tərəfdən, Çin rəsmi olaraq, Rusiyaya qarşı sanksiyaları dəstəkləməsə də, ABŞ və Qərbin açıq hədəfində olan şimal qonşusu ilə ticari-iqtisadi əlaqələri də tədricən məhdudlaşdırmağa üstünlük verir. Belə ki, “Peterson” Dünya İqtisadiyyatı İnstitutunun hesablamalarına görə, martın əvvəlindən mayın sonuna qədər olan dövrdə Çindən Rusiyaya ixracın həcmi 2021-ci ilin ikinci yarısı ilə müqayisədə 38 faiz azalıb. Və bu, rəsmi Pekinin Çini mümkün qədər Rusiyanın düşdüyü maliyyə-iqtisadi və hərbi “bataqlıq”dan uzaq tutmağa çalışması kimi də yozula bilər.

Göründüyü, Kreml rəsmi Pekini Çinin Rusiyadan sonrakı hədəf olduğuna inandırmağa çalışır. ABŞ və Qərb də müxtəlif təhdidlərlə Çini Rusiyanın yanında yer almaq məcburiyyətində buraxmağa cəhd göstərir. Çünki, bu halda, hər iki ölkəni eyni vaxtda iqtisadi savaşın qurbanına çevirmək şansı yarana bilər. Və bu, müəyyən mənada, Çin üçün “tələ” xarakteri daşıyır.

Ancaq rəsmi Pekin hələlik təmkinli davranır. Çinin Rusiya ilə eyni “bataqlığa” düşməsinə imkan vermir. Ukrayna savaşının və Rusiyaya qarşı sanksiyaların dünyada yaradacağı vəziyyətin aydınlaşmasını gözləyir. Çünki, bu iki proses dünyada elə vəziyyət yarada bilər ki, ABŞ və Qərbin Çinə qarşı növbəti iqtisadi savaş açmaq imkanları yetərli olmaz. Bu halda, Çin uzun müddət üçün analoji qarşudurmadan yayınmaqla, öz rəqiblərinə münasibətdə güclənə də bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR