İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Qənizadə: Dövlətimizin başçısı Azərbaycanla bağlı həqiqətləri, qazanılan nailiyyətləri bir daha diqqətə çatdırdı

559 11.11.2023 11:07 Siyasət A A

Prezient İlham Əliyevin noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında iştirakı, eləcə də tədbir çərçivəsində keçirdiyi bir sıra mühüm görüşlər Azərbaycanın artan nüfuzunu, ölkəmizə verilən önəmi bir daha təsdiq etdi. Dövlətimizin başçısı Zirvə toplantısındakı çıxışında bir çox vacib məqamlara toxundu, ölkəmizlə bağlı həqiqətləri, qazanılan nailiyyətləri diqqətə çatdırdı.

Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi təşkilatın işində hər zaman fəal iştirak etdiyini, onun fəaliyyətinə böyük əhəmiyyət verdiyini, digər üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini dərinləşdirdiyini, ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqləndiyini bildirən hüquq müdafiəçisi dövlətimizin başçısının çıxışında, ilk növbədə, ölkəmizin nəqliyyat-logistika infrastrukturunun inkişafına diqqəti cəlb etdiyni bildirib. Prezident qeyd edib ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Ümumiyyətlə, Azərbaycandakı münbit investisiya iqliminin nəticəsidir ki, son 20 il ərzində ölkəmizin iqtisadiyyatına 310 milyard dollar həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir. Ölkəmizin bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Yaxın gələcəkdə Azərbaycan yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzalanmış sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq.

Çingiz Qənizadə digər önəmli tədbirlərdə olduğu kimi, bu Zirvə toplantısında da dövlətimizin başçısının Azərbaycanla, xüsusilə Qarabağla bağlı həqiqətləri bir daha bəyan etdiyini vurğulayıb. Azərbaycan Prezidenti Ermənistanın ölkəmizin ərazisinin 20 faizə qədərini təqribən 30 il ərzində işğal altında saxladığını, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının öz dədə-baba yurdlarından qovulduğunu, qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı qeyd edib ki, 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin etdi. Ərazi bütövlüyümüz və suverenliyimiz güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa edildi. Bu il sentyabrın 19-20-də keçirilmiş birgünlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi.

Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələrin prioritet istiqamətlərdən birini təşkil etdiyini, ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlı olduğunu vurğulayan hüquq müdafiəçisi ölkəmizin təşkilatın fəaliyyətinə töhfələrini davam etdirdiyini, bir sıra toplantılarına uğurla ev sahibliyi etdiyini bildirib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib.
Çingiz Qənizadə ECO-ya üzv ölkələrin Azərbaycanın haqq işinə hər zaman öz dəstəklərini göstərdiklərini də qeyd edib. Bildirib ki, dövlətimizin başçısının Daşkənddə keçirdiyi görüşlərdə də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində atdığı addımlar təqdir edildi. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi fonunda nəqliyyat-logistika sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların yaranacağına əminlik bildirildi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR