İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Qənizadə: Beynəlxalq təşkilatlar Ermənistanın əsir götürdüyü Azərbaycan hərbçisinə qarşı işgəncələrə qəti mövqeyini bildirməlidirlər

462 17.04.2023 14:25 Region A A

Bir neçə gündür ki, Naxçıvanın Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində yolunu azaraq Ermənistana keçmiş əsgərlərimizə ağır işgəncələr verilir, onlar qeyri-insani rəftarlara məruz qalırlar. Ermənistan tərəfinin əsir götürdüyü azərbaycanlı əsgərlərlərə amansız işgəncələr verməsi və bu vəhşilikləri sosial şəbəkələrdə yaymaları beynəlxalq hüquq normalarına ziddir. Ermənistan hərbçilərimizə işgəncə verməklə Cenevrə Konvensiyasının 3-cü maddəsinin tələblərini açıq şəkildə pozub. Dünya ictimaiyyətinin, o cümlədən özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən beynəlxalq qurumların gözləri qarşısında baş verən bu barbarlıq ermənilərin vəhşi xislətini bir daha təsdiqlədi. Beynəlxalq təşkilatların bu vəhşiliyə laqeyd münasibəti ikili standartların növbəti nümunəsidir. Məlum olduğu kimi, beynəlxalq sənədlər əsir götürülən şəxslərin hüquqlarının qorunmasında vacib mexanizm rolunda çıxış edir və bütün ölkələrin buna riayət etməsi vacib hesab olunur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.

Hüquq müdafiəçisi deyib ki, Ermənistanın həm mülki şəxsləri, həm də hərbçiləri dəfələrlə azaraq Azərbaycan tərəfinə keçdikdə saxlanılıb və dərhal Ermənistana sağ-salamat geri qaytarılıb. Amma Ermənistan nəinki əsgərlərimizi geri qaytardı, onların əsir götürüldüyünü gizlətməyə çalışdı. Sonradan isə əsgərlərimizə verdikləri işgəncələri və qeyri-insani rəftarları sosial şəbəkələrdə yaymağa başladılar. Ermənistan bununla Cenevrə Konvensiyasının 3-cü maddəsinin tələblərini pozub. Həmin maddədə birmənalı olaraq qeyd olunub ki, əsir götürülmüş əsgərlərə qarşı işgəncə və qeyri-insani hərəkətlər etmək qadağan olunur. Ermənistan da bu konvensiyaya qoşulub. Bundan başqa digər konvensiyalarda da , irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi ilə bağlı Ermənistan üzərinə öhdəlik götürüb və konvensiyanı imzalayan dövlətlərdən biridir.

Ç.Qənizadə deyib ki, beynəlxalq humanitar hüquqda əsir götürülmüş hərbçilərin işgəncələrə məruz qalmasını qadağan edən 3 sənəd mövcuddur: 1907-ci il Quru müharibəsi qanunları və adətləri haqqında Haaqa Konvensiyası, 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyaları və 1977-ci il Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyalarına I əlavə protokol və insan hüquqlarına hörmət prinsipinin əks olunduğu beynəlxalq hüquq sənədləri: “İnsan hüquqlarına hörmət prinsipi, ilk dəfə olaraq, BMT Nizamnaməsində ümumi formada təsbit olunub, sonralar bir sıra beynəlxalq sənədlərdə, o cümlədən 1948-ci il 10 dekabr tarixli İnsan Hüquqları Haqqında Ümumi Bəyannamədə dəqiqləşdirilib. 1949-cu il avqustun 12-də Cenevrədə bağlanmış “Hərbi əsirlərlə rəftar haqqında” Konvensiyaya görə, əsir götürülən hərbçilərə qarşı zorakılıq yolverilməzdir. Konvensiyada əsirlərə insan həyatına qəsd və fiziki toxunulmazlığın pozulması, xüsusilə hər cür qətl, şikəstetmə, qəddarlıq, işgəncə edilməsi, insan ləyaqətinə qarşı hücum, xüsusilə təhqiramiz və alçaldıcı davranış, sivil millətlər tərəfindən tanınan və zəmanət verilən məhkəmənin qüvvəyə minən qərarı olmadan kimisə məhkum etmək və ona cəzanı tətbiq etmək qadağan edilir”.

Komitə sədri deyib ki, Ermənistan qeyd olunan Cenevrə konvensiyalarını təsdiq edib. Lakin silahsız Azərbaycan əsgərinə amansız işgəncələr vermək, qeyri-humanist münasibət göstərmək və onun vəhşicəsinə döyülməsi Ermənistanın beynəlxalq konvensiyaların maddələrini kobud şəkildə pozduğundan xəbər verir. Beynəlxalq təşkilatlar Ermənistanın iki Azərbaycan hərbçisinə qarşı işgəncə və zorakılığını araşdırmalı və ona lazımi hüquqi qiymət verməlidirlər.

Ç.Qənizadə bəzi beynəlxalq təşkilatlara iradını da bildirib. Deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvləri hər gün Laçın-Xankəndi yolunda görünürlər: “Təəssüf ki, hələ də Ermənistan tərəfindən əsir götürülmüş əsgərlərimizə baş çəkməyiblər. Onların ailə üzvləri ilə əlaqəsinə yardımçı olmayıblar. Bu təşkilat qısa vaxt ərzində əsgərlərimizin Azərbaycana qaytarılması ilə bağlı ciddi addımlar atmalı idilər”.

Hüquq müdafiəçisi Ermənistan tərəfinin əsirlərlə erməni cinayətkarlarının dəyişdirilməsi məsələsini gündəmə gətirildiyini də diqqətə çatdırıb: “Göründüyü kimi, İrəvan iki əsgərimizdən siyasi alver məqsədilə istifadə etməyə çalışır. Hesab edirəm ki, beynəlxalq təşkilatlar Ermənistanın çirkin siyasi alverinin qarşısını alacaq və əsir götürdükləri əsgərlərimizi tezliklə əsirlikdən qurtararaq, Azərbaycana təhvil verəcəklər” –deyə Ç.Qənizadə bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR