İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində pandemiyanın yeni dalğası başlayıb, hökumət yoluxmanın qarşısını ala bilmir

1702 20.12.2022 08:13 Yaşam A A

Həkim-infeksionist: “Çində belə yüksək artımların olması bizə də öz təsirini göstərəcək”

Çində koronavirus pandemiyasının növbəti yeni dalğası başlayıb. Hökumət sərt karantin rejiminin  yumşaldılmasından sonra xəstəliyin kəskin dərəcədə artmasının qarşısını ala bilmir. Xarici media bildirir ki, Çinin baş epidemioloqu Vu Zunyunun fikrincə, ölkədə koronavirusa yoluxma hallarının daha bir böyük dalğası başlayıb. Qarşıdakı üç ayda yoluxanların sayında sürətlə artım olacaq. Ən pis pik vəziyyətin isə yanvarın sonunda Çində Yeni ilin qeyd olunması zamanı olacağı proqnozlaşdırılır. Bununla əlaqədar Çin hakimiyyəti bələdiyyələri COVİD-lə mübarizədə səylərini artırmağa çağırıb. Qeyd olunur ki, Çində gündə iki mindən çox yeni yoluxma halı qeydə alınıb.

Dünyada da vəziyyət ürəkaçan deyil, ümumi olaraq koronavirusa yoluxanların sayı 652,85 milyona çatıb. Bu barədə hesablamanı ABŞ-ın Cons Hopkins Universiteti aparıb. Virusun yayılmasından indiyədək 6,66 milyon insan koronavirusdan dünyasını dəyişib. Otuz milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya var.

Bəs bu xəbərlərin bizim ölkəmizə nə kimi təsiri ola bilər? Azərbaycanda da son vaxtlar müxtəlif virusları  ağır keçirənlər var. Əksər insanlar bildirirlər ki, test etdirmirlər. Bununla belə, xəstəliyi ağır keçirənlər az deyil, yenidən ölkəmizdə vəziyyət pisləşə bilərmi?

Bu arada, “Pfizer”in COVİD-19 dərmanının onlayn satışına icazə verilib. Çində ABŞ-ın əczaçılıq şirkəti “Pfizer” tərəfindən həb şəklində istehsal olunan COVİD-19 dərmanının reseptlə onlayn satışına icazə verilib. Çin Dövlət Şurası tibb müəssisələrinə verdiyi notada təcili istifadə icazəsi olan COVİD-19 dərmanlarının reseptlə internetdə satıla biləcəyini bildirib. Onlayn bir klinika “Pfizer”in COVİD-19 dərmanını bir qutusu 2,980 yuana (427 dollar) müsbət nəticə verən xəstələrə satmağa başlayıb. Çinin Milli Tibbi Dərman İdarəsi fevralın 12-də “Paxlovid” dərmanının şərti təcili istifadəsinə icazə vermişdi. Laboratoriya tədqiqatlarında həbin COVİD-19-un “Omikron” variantına qarşı da təsirli olduğu müəyyən edilib. 22 dekabr 2021-ci ildə ABŞ Dərman və Qida İdarəsi “Paxlovid”in ağır xəstəlik riski olan 12 yaş və daha yuxarı xəstələrdə təcili istifadəyə icazə verib.

Bəs bu dərmanlar nə dərəcədə effektlidir?

Vaksinlər koronavirusun yeni ştammından qoruyurmu? "Effekt bir qədər  azalacaq" - "İki sahil"

Mərdan Əliyev

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Çində yenidən sürətli artım müşahidə edilir: “Bunun səbəbi də Çində sıfır dözümlülük siyasətinin aparılmasıdır. O vaxt çox güclü karantin hesabına virusun qarşısını ala bilmişdilər.  Amma "Omikron" variantı gəldikdə onun daha sürətli yoluxma qabiliyyəti olduğu üçün bunun qarşısını ala bilmirlər. Sürətli artım orada güclü karantin qaydalarının tətbiqi ilə müşahidə edilir. Buna rəğmən artım yenə də müşahidə edilir. Bunun səbəbi onlarda kollektiv immunitetin formalaşmaması ilə bağlıdır. Çində olan insan bu virusla təmasda olmadı, indi yenidən sürətli artım müşahidə edilir.

Bizdə isə vəziyyət fərqlidir. Demək olar ki, hər kəs virusla təmasda oldu. Peyvəndin xəstəliyi yüngül keçirmədə də çox böyük rolu oldu. Bununla belə, biz də dünyanın bir hissəsiyik və Çində belə yüksək artımların olması bizə də öz təsirini göstərəcək. Amma bu artım çox ciddi rəqəmlərlə olmamalıdır. Xəstəlik bizdə ağır keçməyəcək. Çünki kimsə yoluxursa, artıq 2-ci, ya da üçüncü dəfə bu virusa yoluxur. Belə olan halda da artıq immunitet əldə edib deyə daha yüngül gedişli olur".

Həkim əlavə edib ki, “Paxlovid” dərmanı bir ildən çoxdur tanınır: “FAZ 1, FAZ 2, FAZ 3 araşdırmaları davam edirdi. Nəhayət, bir neçə ay öncə təsdiq aldı və istehsalına başlanıldı. Dünya ölkələrində də istifadə olunmağa başlayıb. Bu dərmanın COVİD-19-a qarşı yaxşı effekti var. "Pfizer" şirkətinin istehsal etdiyi bu dərman COVİD-19 ağırlaşmalarının qarşısını xeyli dərəcədə alır".

Qeyd edək ki, dekabrın 18-də Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasına 72 yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 825 min 409 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 869 nəfər müalicə olunaraq sağalıb, 9993 nəfər vəfat edib. Aktiv xəstə sayı 547 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1864, bu günə qədər isə ümumilikdə 7 milyon 407 min 349 test icra olunub.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR