İnsanlara hürriyət, millətlərə istiqlal!

Çimərlik olayları – qumda güləşənlər, suda “akula”lıq edənlər, söyüşlə danışanlar...

1809 11.07.2022 07:20 Yazarlar A A

Bu gün dənizə, xalq çimərliyinə getmişdim. 1 milyon adam, 250 min maşın vardı. Əgər bu rəqəm gözünüzə çox görünürsə, hərəsindən 100 min düşə bilərəm. Gerçəkdən iynə atsan, insan əlindən quma düşməzdi.

Bu, o deməkdir ki, şəhərətrafı qəsəbələrin yaxınlığında, dəniz qırağında bu sayaq baxımlı çimərliklərdən bir neçəsini də açmaq lazımdır ki, camaat gedib rahat çimsin, hamı bir yerə yığışmasın.
İşverənlik olmasın, Şıxovdakı xalq çimərliyindən 700-800 metr şəhər tərəf elə bir yer var. Amma hansısa işbaz ora şlaqbaum qoyub maşınları pulla buraxır, üstəlik, dəniz qırağında 100-ə yaxın çitəmə-çovustan, hücrə-koğuş düzəldib, 15 manatdan kirayəyə verir. Halbuki ora da bir-iki il əvvəl xalq çimərliyi idi.

Nəysə... Bu iltiması əlaqdar təşkilatların diqqətinə çatdırdıq, indi keçək əsas mətləbə.

Bizdə dənizdə çimmək, əylənmək, dincəlmək mədəniyyəti tam deyil, yarımçıqdır. Mütləq kimsə gəlib insanların istirahətinin içinə zibil qoymalıdır.

Yuxarıda dediyim 1 milyon adamın tam əksəriyyəti dənizə ailə-uşaqla gəlmişdi və öz bildikləri kimi dincəlirdilər. Amma “dənizə getmək, dincəlmək” təsəvvürü başqa olanlar da çox idi. Qumda tozu-torpağı ətrafa sovura-sovura güləşən, daha dəqiqi, eşşək balası kimi ağnayanlar, yeddisi birdən qumda bardaşqurma oturub hərəyə bir butulka ucuz pivə hortlada-hortlada hır-hır hırıldayanlar, tüstülətdiyi samovarın, yandırdığı manqalın tüstüsünün külək aparan səmtdəki yüzlərlə adama mane olduğunu vecinə almayan gönüqalınlar, səslərini başlarına atıb telefonla danışanlar...

Sonunculara həm kişilər, həm də qadınlar aiddir. Bir 33-35 yaşlı kişi telefonla bərkdən danışdığı azmış kimi, yaxınlıqdakı arvad-uşağa məhəl qoymadan söyüşlə danışırdı. Əvvəlcə üzünü Cəlilabad-Biləsuvar tərəfə tutmuşdu, o rayonlardan olan kimisə hədələydirdi, sonra üzü Yasamala tərəf döndü, dedi ki, Yasamaldakı oğraşa da de ki, dediyimi iki günə çatdırmasa, gəlib, onu... Xüləs, adam maddəsi ağır olan cinsəl cinayət törədəcəyini vəd etdi.

Çətirin kölgəsində qara şalvar, ağ köynəkdə uzanmış iki qadının (yaşları 40 civarında olardı) biri yaxınlıqdakı adamlara qoymadan deyirdi ki, aaaz, indi, neynim-nağayrım, sevirəm o oğlanı, bir məsləhət ver, qoşulum ona gedim, yoxsa yox. O başdan ona nə cavab verirdilər, bilinmirdi, amma qadın bərkdən qəhqəhə çəkirdi və adamın ağlına yalnız o gəlirdi ki, sənin oğlan sevən vaxtın deyil axı, ay xanım, sevirsənsə də bir az astadan sev, bütün çimərlik səsini eşidir, üstəlik, oğlan sevən yaşda qızın olar. Allahdan, 3-5 dəqiqə sonra 19-20 yaşlı bir qız dənizdən çıxıb gəldi, onlara çatdı, dedi, mama, gəlin, siz də suya girin dəə, bəs bura nəyə gəlmisiniz...

Dərd bu olsa, nə vardı ki. Adam qumluqdakı bu kimi səviyyəsiz söhbətlərin əlindən özünü verir suya, daha iyrənc hərəkətlər görür.

Üç gənc qız idi, öz aralarında astadan söhbət edə-edə suda üzürdülər. 4-5 saqqalı gədə okeanda köpək balığı öz ovunun başına necə dövrə vurarsa, elə edirdilər. Gədələr ayaqlarını suda şappıldatıb, suyu qızların üstünə sıçradırdılar. Qızlar sakitcə aralanmağa çalışır, gədələr köpəkliklərini davam etdirirdilər. “İnşallah”, “maşallah” demələrindən və saqqallarının ölçüsündən guya ki, mömin idilər, amma belə dindarlığı olmaz olsun. Bir ara onlara daha iki cantaraq oğlan yaxınlaşdı. Hesab etmək olardı ki, yeni gələnlər saqqalılara “sakit olun, qadınlara sataşmayın” deyəcəklər, mübahisə düşəcək. Amma qızlar üzü sahilə doğru hərəkət edərək “akula”lardan aralananda, yeni gələn “delfin”lər hırıldaşdılar: “Qaqaşlar, balıqları qaçırtdınız”.

Keçən sezonda hər dəqiqə meqafonla “ay qardaş, şara toxunma”, “ay əmi, şarla işin yoxdur”, “qaqaş, şarı minmə”, “a kişi, şardan o tərəfə keçmə” deyə xəbərdarlıq edən FHN xilasediciləri bu il də öz amplualarında idilər. Qışqırmaqdan səsləri kallaşmışdı, amma dərinliyin başlandığı nahiyəni göstərən sarı şara sataşanların sayı azalmırdı ki, azalmırdı.

Qumluğu qarpız, yemiş qabığıyla, tum çəyirdəyi ilə, qarğıdalı kötüyü ilə, sellofon torbalarla, pivə və enerji içkilərinin bankalarıyla zibilləyələnlər heç, həmişə olublar və inşallah, 2052-ci ildə də olacaqlar.

Özləriylə ev heyvanlarını (it, pişik) gətirib insanların üzdüyü yerdə çimizdirən qlamur qızlar yeni peyda olublar. Keçən il bu işə eşşək boyda itləri gətirib dənizdə üzdürən sıpa-sıpa gədələr baxırdı.

Beləcə, bir daha sübut olunur ki, çoxluq bir şey deyil. Harda çoxluq var, orda zir-zibil, üfunət, iyrənclik var. Bu, bizdə, bizim paraleldə belədir. 1 milyon adamın istirahət etdiyi Rio de-Janeyro çimərliyində deyib-gülən, çalıb-oynayan adamlar çox olur, amma yanlarında kişi olmayan qadınlara sırtıq-sırtıq sataşan, camaatı manqal-samovar tüstüsüylə boğan olmaz.

Görünür, birgə yaşayış qaydalarını öyrənməli olduğumuz kimi, çimərlikdə birlikdə dincəlmək qaydalarını da öyrənməliyik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR