İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Qafqazda YENİ NİZAM: Ankara və Moskva saatların əqrəblərini tutuşdurur

746 12.06.2024 13:35 Siyasət A A

Bazar ertəsi Rusiyaya səfərə gələn Türkiyənin xarici işlər naziri Hakan Fidan həmin gün Moskvada Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin ilə görüşüb. Həmçinin, Fidanın Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də danışıqlar apardığı bildirilir. Məlumata görə, görüşlərdə Ukraynada nizamlanma, Qəzza zolağında, Suriyada vəziyyət və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar müzakirə olunub.

Diqqətçəkən məqam budur ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə səfərdə olduğu, həmkarı Rəcəb Tayyib Ərdoğanla regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardığı bir vaxtda Hakan Fidan Moskvada Bakı-İrəvan sülh müqaviləsini müzakirə edib. Bu təsadüfdür? Hakan Fidan rəsmi Moskva ilə nələri müzakirə edib, nəyi razılaşdırmalı olub? Cənubi Qafqazın gələcəyi ilə bağlı hansı planlar var? Bu planların gerçəkləşməsində Rusiya və Türkiyənin rolu, əhəmiyyəti nədən ibarətdir? Əgər belə bir plan varsa, Azərbaycan bu planda hansı statusda, mövqedə yer alıb?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycan və Türkiyənin ortaq, qardaş mövqeyi bu gün də özünü geniş anlamda göstərir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin qardaş Türkiyəyə növbəti səfəri, eləcə də prezident Rəcəb Tayyib Ərdoğanla görüşü də bu baxımdan mühüm əhəmiyyət kəsb edir: “Bu görüşlər zamanı aparılan danışıqlarda siyasi-iqtisadi, enerji, hərbi təhlükəsizlik məsələləri prioritet hesab olunur. Eyni zamanda qardaş Türkiyənin Xarici İşlər naziri də, Rusiyada bir sıra mühüm görüşlərdə iştirak edib. Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, eləcə də Təhlükəsizlik Şurasının yeni katibi Sergey Şoyqu ilə danışıqlarda Rusiya-Türkiyə ikitərəfli siyasi gündəliyi əhatə olunmaqla yanaşı, Ukrayna problemi, Qəzza zolağında, Suriyada vəziyyət, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin bağlanması məsələsi də masaya yatırılıb. Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiya formalaşıb. Burada Rusiya ilə Türkiyənin mövqeyi möhkəmlənib. Bu gün Türkiyə həm də Rusiya-Ukrayna müharibəsinin nizamlanmasında vasitəçi kimi çıxış edir. İstanbul-2 layihəsi haqqında böyük ehtimallar var. Fikir bundan ibarətdir ki, İstanbulda yenidən Ukrayna və Rusiyanın nümayəndə heyətlərini görüşdürmək mümkün olsun. Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşlərdə də bu təkliflər səsləndirilib”.

İ.Hüseynov deyib ki, Cənubi Qafqazda təhlükəsizlik sisteminin qurulması yolunda Ankara və Moskva arasında davamlı məsləhətləşmələr, siyasi müzakirələr aparılır: “Cənubi Qafqazda sabitliyin təmin olunması şimal-cənub, şərq-qərb nəqliyyat bağlantıları və o cümlədən enerji tədarükü üçün də əhəmiyyətlidir. Bu gün şimalda və cənubda baş verən qlobal müharibələr fonunda Cənubi Qafqazda nizamın qurulması müstəsna əhəmiyyətə malikdir. Rusiya Cənubi Qafqazda ənənəvi maraqlarını güdməsi ilə yanaşı, qardaş Türkiyənin də yeni reallıqlarda bu regionda mövqeyi çox möhkəmdir, dayanıqlıdır. Həmçinin, etibarlı müttəfiq kimi Türkiyə özünü təsdiq edib. Rusiya və Türkiyənin dünyanın müxtəlif nöqtələrində ortaq mövqeyə, konsensusa gəldiyi kimi, Cənubi Qafqazda da bu etibarlı münasibəti qurması önəmlidir. Şübhəsiz ki, bu, kənar güc mərkəzlərini, böyük dövlətləri, qurumları narahat edir. Hesab edirəm ki, Rusiya və Türkiyənin ortaq yanaşması, davamlı olaraq qarşılıqlı görüşlərin keçirilməsi, beynəlxalq texnologiya ilə ifadə etsək, saat əqrəblərinin tutuşdurulması indiki reallıqda müstəsna əhəmiyyətə malikdir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR