İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəfəng söhbətlər – Şevardnadzenin maşınını bazuka ilə kim vurmuşdu....

2481 30.03.2023 10:35 Yazarlar A A

 

Deputatın öz doqqazının ağzında güllələnməsinə dair versiyaların, türkün sözü, ərəb saçına döndüyü dönəmdə bir versiya öz cəfəngliyi ilə üzümüzü güldürdü.

Əlinə aftaha götürüb hansısa dövlətin onurğa sütununun qurtaracağını yumaq istəyən bir-iki nəfər iddia edib ki, Fazil Mustafa öz-özünü vurdurub. Belə anlaşılır ki, o bundan ötrü xüsusi killer tutub və nə məqsədləsə özünə qəsd etdirib.

Bu xüsusda başqa bir cəfəng iddia da var, o da ondan ibarətdir ki, killerlər adamı öldürmək istəməyiblər, eləcə, qorxutmaq istəyiblər və mesaj veriblər.

Mesaj məsələsini qırağa qoyaq, amma “Kalaşnikov”la adamı yaralamaq öldürməkdən qat-qat çətindir. Gerçəkdən. Yəni bir adam sakitcə divara söykənib dursun, döyüş təcrübəsi olan başqa bir adama da “Kalaşnikov” avtomatı versinlər və desinlər ki, nişan və nəfəs almadan, ard-arda adama 7 güllə at, amma elə at ki, adam ölməsin, eləcə yaralansın. Belə bir sınaq baş tutsa, 10-da 9 halda divara yaxınlaşıb görəcəksiniz ki, adam dəlik-deşik olub ölüb, bir halda isə qorxusundan gedib.

Çünki bu “Kalaşnikov” özlüyündə kombayn kimi şeydir, biçə-biçə gedir, nişan və nəfəs almadan atanda adamı aşsüzənə döndərir. O snayper tüfəngi deyil ki, atıcı binoklunu rahlayıb, nişangahda qurbanına 1-2 dəqiqə tamaşa etsin, sonra gicgahından vursun. “Kalaşnikov” heyvərə silahdır.

Başqa sözlə, killerlərin deputatı öldürmək istəməməsi, sadəcə, qorxutmaq istəməsi cəfəng söhbətdir, onun özünə qarşı qəsd törətməsi isə absurdluğun Mariana çökəkliyidir. Bu barədə yalnız lətifə janrında danışmaq olar.

000333.jpeg (64 KB)

Yadımdadır, 1995-ci ildə Gürcüstanın prezidenti Eduard Şevardnadzenin həyatına maşınıyla gedərkən sui-qəsd edilmişdi. Ağsaqqalın “Mersedes”ini bazuka (qumbaraatan) ilə vurub küvetə dığırlatmışdlar. Amma Amvrosyeviçə bir şey olmamışdı. Mömin olsam, deyərdim ki, onu Allah saxlamışdı, hərçənd dəqiq idi ki, alman mühəndislər “Mersedes”i etibarlı zirehlə təmin edərək gözəgörünməzə kömək etmişdilər. Şevardnadze isə bərk qorxmuşdu və hadisədən dərhal sonra şoklu-şoklu jurnalistlərin önünə ağ maykada çıxmışdı, rəngi qaçmış halda müsahibə verirdi, deyirdi, heç bilmədim, necə oldu, bir də gördüm, nəsə oldu.

O vaxt qəsdi kimin törətmiş olduğuna dair ortalığa 3 versiya çıxdı. Birinci versiya beləydi ki, sui-qəsdi Kreml törədib. (O vaxtlar postsovet məkanında belə haqq-hesab olan kimi hamı Moskvadan quşqulanırdı).

İkinci versiya beləydi ki, Şevardnadzeni keçmiş prezident Zviad Qamsaxurdiyanın adamları vurdurub.
Üçüncü versiya da beləydi ki, prezidentə qəsdin təşkilatçıları 3 il əvvəl Qamsaxurdiyanı devirən müxalifətçilərdir. Adlar da çəkirdilər: Caba İoseliani, Tengiz Kitovani və başqaları.

mers.JPG (54 KB)

 

Daha bir versiya da vardı, amma bu, tam absurd və bir az da satirik-yumoristik janrda idi. Deyirdilər ki, gürcü liderin maşınını bazuka atəşinə “Mersedes-Bents” konserni tutdurub və bununla da göstərmək istəyib ki, bu şirkətdə istehsal olunan zirehli avtomobil daha etibarlıdır, tank kimi şeydir, qumbaraatan mərmisinə belə tab gətirir. Yəni, başının salamatlığını istəyənlər, tələsin, Ştutqarta gəlin, zirehli avtomobil sifariş edin!

99998.JPG (17 KB)

Lakin o zaman bu işə görə 3-cü versiyanın personajlarından, vaxtilə 4 dəfə oğurluq-quldurluqdan tutmuş ta qətlə və silahlı qiyama qədər müxtəlif cinayətlər üstündə türmədə yatmış, içəridə “qanuni oğru” adı almış, amma azadlığa çıxdıqdan sonra namizədlik və doktorluq dissertasiyası müdafiə edərək professor adı qazanmış, 4 roman yazmış Caba İoselianini 5-ci dəfə tutdular və 11 il iş kəsdilər.

Xüləs, ta biz də durub absurda getməyək və nahaq yerə mətləb üstünə də qayıtmayaq, Dənizkənarı Milli Parkın rəhbərliyinin yaydığı bəyanatın cəfəngliyi barədə də bir-iki kəlmə yazaq.

Cənablar, o park nədir elə? Kubadakı Quantanamo türməsidir, Venesueladakı “La Sabaneta” həbsxanasıdır, İrandakı “Evin”dir, ya Rusiyadakı “Qara delfin”dir, nədir axı? Niyə çəkiliş olmaz, niyə hər şeyə görə icazə alınmalıdır? Elədirsə, onda bulvarı dəmir tor və tikanlı məftillərlə hasara alın, girişini pullu edin, keçid-buraxılış məntəqəsi yaradın, 5-6 yerdə metal qapı detektorları quraşdırın, adamların üst-başını arayın, çantalarını xüsusi rentgen aparatından keçirin, fotoaparat və videokameraları müsadirə edin, hamı da bilsin ki, bura aeroport, metro kimi yerdir.

Belə olsa, heç bir mübahisə olmaz. Düzdür, absurd iş olar, amma cəhənnəmə olsun, əsas məsələ təhlkəsizlikdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR