İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşu prezident edən düyü üsyanı – Liberiyada Tolbert buraxdığı səhvlərin qurbanı olub

1798 20.04.2023 12:00 Yaxın tarix A A

O, 19 il Liberiyanın vitse-prezidenti vəzifəsini daşıyıb. Nəhayət, uzun illərdən sonra, 1971-ci ildə Uilyam Tolbert bir pillə də qalxaraq ölkəsinin birinci kürsüsünə sahib olub. Seçkilərdə qələbə qazanmaq Tolbert üçün bir o qədər də çətin olmayıb. Liberiyanın ən uzunömürlü, 27 illik prezidenti Tabmen Londonda prostat əməliyyatı zamanı vəfat etdikdən iki həftə sonra Liberiyada prezident seçkilərinin keçirilməsi elan edilib. Seçkilər zamanı Liberiya üçün xarakterik olan heç bir insident, qarşıdurma qeydə alınmayıb. Uilyam Tolbertin prezidentliyə gəlişi rahatlıqla baş tutsa da, sonu faciə ilə bitib...

Uilyam Tolbert 1913-cü ildə Liberiyanın Bensonvil şəhərində anadan olub. O, orta təhsilini həmin şəhərdə dövlət məktəbində alıb. Daha sonra təhsilini Liberiya Universitetində davam etdirərək mülki hüquq fakültəsini bitirib.

дло.jpg (90 KB)

Tolbert 1936-1943-cü illərdə ölkə xəzinadarlığında inspektor vəzifəsində işləyib və eyni zamanda Liberiyanın ictimai-siyasi həyatında fəallığı ilə fərqlənib. O, 1943-cü ildə parlament seçkilərinə qatılaraq deputat seçilib, parlamentdə maliyyə və kənd təsərrüfatı daimi komissiyalarına rəhbərlik edib.

1951-ci ildə keçirilən prezident seçkilərində Tolbert Liberiyanın vitse-prezidenti seçilib. Məhz bu vəzifədə o, Liberiyanın rəsmi siması kimi bir çox xarici ölkələrə səfər edib, beynəlxalq müstəvidə fəal siyasətçi kimi tanınmağa başlayıb. Afrika ölkələrində, Avropada, Amerikada rəsmi səfərlərdə olan Tolbert 1962-ci ildə SSRİ-yə də bir həftəlik işgüzar səfər edib.

Tabmenin vəfatından sonra Tolbertin prezident seçilməsi gözlənilən bir hadisə kimi qarşılanıb. O cümlədən bir sıra xarici ölkələrin dövlət başçıları da onun prezident seçilməsinə müsbət reaksiya veriblər.

unnamed.jpg (146 KB)

Tolbert hakimiyyəti Liberiyada illər boyu yığılıb qalmış problemlərlə qəbul edib. O, yaxşı anlayıb ki, dəyişikliklər etməsə, islahatlar aparmasa hakimiyyətdəki ömrü çox da uzun olmaya bilər. Düzdür, o, bir sıra islahatlar həyata keçirib, ölkədə təkpatiyalı sistem ləğv olunub, köklü liberiyalıların dövlət qurumlarında işə qəbuluna imkan verilib, kənd ərazilirəndə yaşayanlara güzəştlər tətbiq edilməsi ilə bağlı qərar qəbul olunub və s. Amma əslində bu islahatlar heç nəyi dəyişməyib. Sadəcə, Tolbert bu islahatlarla siyasi dekoru yeniləyib.

Tolbert əvvəlki prezidentdən fərqli olaraq Liberiyanın xarici siyasi kursunu dəyişərək qərb ölkələrindən asılılığı aradan götürməyə çalışıb. Məhz onun prezidentliyi dövründə Liberiyanın SSRİ, Çin, Kuba və sosialist blokunda olan digər ölkələrlə diplomatik əlaqələri yaranıb.

unnamed (1).jpg (124 KB)

Tolbert hakimiyyətini ikinci prezidentlik müddətində də saxlaya bilib. 1975-ci ildə keçirilən seçkilərdə o, ikinci müddətə prezident seçilib.

Prezident kürsüsünü əldə saxlaya bilsə də, Tolbert ölkəsini, onun iqtisadiyyatını, vətəndaşlarının rifahını, siyasi və ictimai sabitliyi saxlamağa müvəffəq olmayıb. Tətbiq etdiyi sərt rejim belə onu xilas edə bilməyib.

1970-ci illərin ortalarından Liberiyanın əsas ixrac məhsulu olan rezinin dünya bazarında qiymətinin kəskin düşməsi vəziyyəti daha da ağırlaşdırıb. Ölkənin bir çox istehsal müəssisələrinin böyük məbləğlərdə vergi borcları yaranıb. Mövcud rejim maliyyə balansının pozulmasının qarşısını almaqda çətinlik çəkib.

tolbert_nixon_1973.gif (211 KB)

1979-cu ilin aprelində iqtisadi böhrana doğru gedən vəziyyəti normallaşdırmaq üçün Liberiyanın kənd təsərrüfat naziri Çenovet prezidentə düyünün qiymətinin qaldırılmasını təklif edib. Tolbert bu təklifi qəbul edib. 100 funt düyünün qiyməti 22 dollardan 26 dollara qaldırılıb.

Qiymət artımı həm kütlələr, həm də müxalif qüvvələr tərəfindən ciddi narazılıqla qarşılanıb. Qıcıq yaradan amillərdən biri isə o olub ki, Liberiyada düyü istehsalı və satışı Tolbertin yaxın adamlarının nəzarətində saxlanılıb.

Narazılıqlar səngiməyib və bütün ölkəni bürüyüb. Bununla da Liberiyada düyü üsyanı başlayıb. Ölkənin əsas müxalifət qüvvəsi sayılan Liberiya Tərəqqi Alyansı həm əyalətlərdə, həm də paytaxt Monroviyada əhalini dinc nümayişlərə səsləyib. 12 aprel 1979-cu ildə etirazçılar prezident iqamətgahına yürüş ediblər. Onların sayı təxminən 12 minə yaxın olub. Amma bu yürüş “dinc nümayiş” statusundan çox-çox kənara çıxıb. Yolboyu onlar qarşılarına çıxan dövlət qurumlarının inzibati binalarına, ticarət obyektlərinə, şəxsi evlərə talançılıq və dağıtmaq məqdəsilə hücum ediblər. Bu hücumlardan dəyən ziyanın məbləği 40 milyon dollar hesablanıb.

William_R._Tolbert,_Jr._(President_of_Liberia)_on_September_23,_1976,_from-_CAC_CC_001_18_11_0000_1060_(cropped).jpg (74 KB)


Hökumət qüvvələri üsyançıların qarşısını ala bilməyib. Qarşıdurma zamanı etirazçılardan 41 nəfər öldürülüb. Amma onlar geri çəkilməyiblər. Liberiya ordusunun çavuşu (sonralar Liberiya prezidenti) Semyuel Kanon Dounun başçılıq etdiyi dəstə prezident iqamətgahına daxil olub. 66 yaşlı prezident Tolbert güllələnib. Düyü üsyanı hərbi çevrilişlə sona çatıb.

Tolbert iqamətgahda öldürülən digər 27 nəfərlə birgə eyni qəbirdə basdırılıb. Bu qəbir üsyançılar tərəfindən daşa basılıb. Sonralar sabiq prezidentin nəşi çıxarılaraq paytaxtın Palm-Qrov qəbirstanlığnda dəfn edilib.

Düyü üsyanından sonra Liberiyanın hökumət üzvləri məhkəmə qarşısına çıxarılıb. Onların, demək olar ki, hamısı güllələnib.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR