İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cavab əməliyyatının çox da gecikməyəcəyi aydındır”-Sahib Alıyev  

726 16.07.2023 12:07 Siyasət A A

“İyunun 1-də Kişinyovda Almaniya Kansleri və Fransa prezidentinin içəridən izlədikləri üçtərəfli görüş başa çatarkən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin onun eyni formatda oktyabr ayında Qranadada təkrarlanacağını elan etməsindən sonra aydın idi ki, dünənki Brüssel danışıqları sülh anlaşması bağlanması məqsədilə deyil, bu yöndə irəliləyişin təmini və yeni toqquşmanın baş verməməsi üçün keçirilir”.

Musavat.com-un məlumatına görə, bu fikirlər deputat Sahib Alıyevə məxsusdur.
S.Əliyev davamında qeyd edib ki, irəliləyiş var, toqquşmanın olub-olmayacağı isə Ermənistandan, onun silahlı birləşmələrindən proksi kimi faydalananlardan və müəyyən dərəcədə də bizim regionda sülh istəməyən daha iki dövlətdən asılıdır: “İrəliləyiş var deyərkən mən ilk növbədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüssel danışıqlarının yekunu haqda açıqlamasında xankəndindəkiləri rəsmi Bakıyla birbaşa ünsiyyətə çağırmasını, Qarabağın onlar yaşayan hissəsinə humanitar yüklərin Ağdam üzərindən daşınması mümkünlüyünün vurğulanmasını, kommunikasiyaların açılmasından söhbət gedərkən burada "suverenlik, yurisdiksiya və qarşılıqlılıq" sözlərinin işlədilməsini nəzərdə tuturam.
Xatırladım ki, bu "qarşılıqlılıq" sözünü Şarl Mişelin moderatorluğu altında 2021-ci ilin dekabrında elə həmən Brüsseldə keçirilən birinci üçtərəfli görüşdən sonra ilk dəfə məhz cənab İlham Əliyev səsləndirmiş, Zəngəzur dəhlizi necə fəaliyyət göstərəcəksə, Laçın yolunda gediş-gəlişin də eyni şərtlər çərçivəsində reallaşdırılacağını bildirmişdi.

Prezidentimizin 2021-ci ildə irəli sürdüyü tələbin dünənki Brüssel danışıqlarının yekunu haqda açıqlamada öz əksini tapması o deməkdir ki, Avropa Birliyi də, Ermənistan da bundan başqa çıxış yolu qalmadığını dərk edirlər. Çünki Azərbaycan Laçın yolunun başlanğıcında artıq özünün sərhəd keçid məntəqəsini qurub.

Mən dünən Brüsseldə Ermənistanın Azərbaycanın torpaq bütünlüyünü tanıdığının dəqiq rəqəmlər göstərməklə təkrarlamasını və bundan öncəki danışıqlarda əldə olunan razılaşmaların qüvvədə qaldığını təsdiqləyən digər faktları da irəliləyiş kimi dəyərləndirirəm. Çünki biz qarşı tərəfin üzərinə götürdüyü öhdəliyi, verdiyi vədi aradan çox az keçmiş unutduğunu dəfələrlə görmüşük. Ələbəttə, indi də böyük məmnuniyyətlə unuda bilərdilər. Ancaq Afrika cəngəlliklərində əsir düşmüş bir hayla bağlı lətifədə deyildiyi kimi, sadəcə variant yoxdur. Azərbaycan ordusunun hissələri ötən ildən hansı mövqelərdədirsə, yenə də oradadır, Makron və bütün makronabənzərlərin hər cür cəhdlərinə baxmayaraq bir millimetr belə yerdəyişmə baş verməyib”.

S.Alıyev Azərbaycanın maraqlarını özündə ehtiva edən digər məqamlara da toxunub: “Dünənki açıqlamada cənab Mişelin “Dağlıq Qarabağ”ın adını çəkərkən önündə keçmiş sözünü işlətməsini, orada yaşayan haydilliləri yenə də “Qarabağın erməni əhalisi” kimi təqdim etməsini böyük məmnunluqla oxudum. Aydındır ki, məhz Azərbaycanın tələbi nəzərə alınaraq bu ifadələr işlədilir.
Amma və lakin mən açığı Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının nə Avropa İttifaqı Şurası Prezidentinin yayın axırına planlaşdırıldığını üstüörtülü şəkildə bildirdiyi görüşdə, nə də oktyabrda İspaniyada imzalanacağını düşünürəm.

Fikrimcə, qərbdəkilər bunun gələn il ABŞ-da keçiriləcək seçkilər ərəfəsində baş tutmasında daha maraqlıdırlar. Ancaq Ermənistan üzərində təsirləri böyük olan və regionda ümumiyyətlə, sülhə qarşı çıxanların varlığı da unudulmamalıdır. Brüssel görüşü başa çatar-çatmaz Azərbaycan ordusunun Sədərəkdəki mövqelərinin atəşə tutulması da onu göstərir ki, qarşı tərəf yenidən genişmiqyaslı təxribatlara əl ata, yaxud da buna sövq edilə bilər. Onda cavab əməliyyatının çox da gecikməyəcəyi aydındır. Bu əməliyyatlar isə həm də sülhə məcburetmə xarakteri daşıdığından ola da bilsin ki, Ermənistan baş naziri Azərbaycanın torpaq bütünlüyünü tanımasıyla bağlı dediklərini yazılı şəkildə öz imzasıyla gələn il yox, daha tez təsdiqləsin”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR