İnsanlara hürriyət, millətlərə istiqlal!

Çarəsiz pişiklərin xilas edilməsi əməliyyatı

1551 31.01.2023 12:36 Yazarlar A A

Ömründə bir dəfə Amerikada olan, sonra hər söhbətinə “mən axırıncı dəfə Amerikada olanda” girişi ilə başlayan siyasətçi bəy kimi mən də Amerikada cəmi bir dəfə olmuşam, 13 ildir sitat gətirirəm, bitmir. Birini də bu gün yazası oluram.

Bir may səhəri Cənubi Karolina ştatının paytaxtı Kolombia şəhərinin 35+ dərəcəlik istisində (sanasınız iyulun ortasında Kürdəmirdəydik) bizi bir qəzetin redaksiyasına apardılar. Qəzetin hər gün səhər keçirilən səhər planlaşdırmasında iştirak etdik. Biz 5-6 nəfəridik, 7-8 də amerikalı həmkarımız idi. Tərcüməçimiz onların öz aralarında nə danışdıqlarını, nəyi müzakirə etdikləri astadan bizə danışırdı. Baxırdık ki, aşağı-yuxarı bizim planlaşdırmalarımıza oxşayır, amma mövzular “bağayarpağı, quzuqulağı” xarakterindədir.

Birdən redaksiyaya xəbər gəldi ki, filan avenyuda ağaca bir pişik çıxıb, düşə bilmir, hazırda 911-in xilasedicilər briqadası hadisə yerinə gedir, ştatın bütün TV və qəzetləri ordadır, buradan da bir qrupun getməsi vacibdir. Redaksiyada canlanma, həyəcan əmələ gəldi. Hesab edin ki, İsrail dronları İsfahandakı hərbi təyinatlı obyekti taran edib və siz “Keyhan” qəzetindəsiniz. Eyni ajiotaj.
Tez işçilərdən biri fotoqraf-filan da götürüb pişiyin ağacdan sağ-salamat düşürülməsi prosesini çəkməyə getdi.

Biz, azərbaycamlı jurnalistlər baxışdıq, yüngülcə qımışdıq da. Sonradan öz aramızda danışanda dedik, bizim dərdimizə bax, bunların dərdinə bax, biz nədən yazırıq, bunlar nədən yazır. Hələ onu da dedik ki, pişiyin ağacdan endirilməsi xəbərinin qəzet manşeti, teleradio xəbəri olduğu ölkədə yaşamağa, işləməyə nə var ki.

Bu, o vaxt idi ki, təxminən 10 həmkarımız içəridəydi və biz jurnalist olaraq özümüzü pişiyi ağaca dırmaşdırılmış sadə vətəndaş kimi hiss edirdik.

Həmin gün çox ürəkdən arzuladıq ki, keşkə, elə bir gün gəlsin, biz də hansısa pişiyin ağacdan düşürülməsindən, mazuta bələnmiş ördəyin bataqlıqdan çıxarılıb yuyulmasından, xəstə ceyranların müalicə olunmasından-zaddan yazaq. Yəni ən yekə problemimiz bunlar olsun.

Dünən saytlardakı müvafiq xəbəri görəndə yadıma 13 il öncə mayın 14-də ABŞ-ın Cənubi Karolina ştatının paytaxtı Kolombia şəhərindəki böyük parkın böyründə yerləşən qəzetin redaksiyasında etdiyimiz arzu düşdü. Həmin arzumuz, nəhayət, çin olmuşdu. Saytlar yazırdı ki, FHN-nin xilasediciləri Bakı şəhərinin Səbail rayonunda yerləşən “Dəniz Mall” ticarət mərkəzinin qarşısında, dəniz sahilindəki köhnə estakadanın üzərində köməksiz qalmış bir pişiyi xilas ediblər.

Heç demə, hər şey elə Amerikadakı kimi olub. Kimsə bir duyarlı vətəndaş FHN-in xilasedicilərinə bu dəhşətli hadisə barədə xəbər verib və onlar dərhal hadisə yerinə yollanıblar , uzun dəmir nərdivanlar vasitəsilə estakadanın üzərinə enərək binəsib pişiyin xilas edilməsi üçün əməliyyatı keçiriblər. Hiss olunur ki, çəkilişi həvəskar operatorlar telefonla çəkiblər. Yəni FHN xilasedicilərinin bu çəkilişdən xəbəri olmayıb. Videodan görünür ki, onlar sadəcə öz işlərini hadisəyə şahidlik edənlərin “ura” və alqış sədaları altında başa çatdırır və gedirlər.

Amerikaya çatdıqmı? Əlbəttə. Yox, başqa problemlərin həlli qalır, amma ən azı pişik xilasetmə məsələsində əminliklə deyə bilərik ki, Amerikaya çatmışıq, bəlkə də ötmüşük. Hələ bundan əvvəllər də bağlı qapı arxasında köməksiz qalan it-pişiklərin xilas edilməsi əməliyyatları olub və hamısı uğurlu alınıb. Pişiyi ağaca dırmaşdırılmış insanların ölkəsində bir pişiyin xilas edilməsi də nəfdir, vallah.

Prinsipcə, mənim çarəsiz duruma düşən ev və ya çöl heyvanlarının xilas edilməsinə etirazım yoxdur. Heç kim heyvansevərləri qızışdırıb üstümə salmasın.

Dediyim odur ki, biz əvvəlcə gərək insanları, insan balalarını xilas edək. Məsələn, o gün bir körpə uşağın cəsədi zibillikdən tapılmışdı, adamın ürəyi parçalanırdı. Yaxud, yaşı 70-in üzərində, 80-in (səksən) altında olan qadınların iri alış-veriş mərkəzlərinin qabağında limon, hamam kisəsi, salfet kağızı, ucuz corab, xırda-xuruş satmalarını görəndə adam özünü pis hiss edir – hətta pişiyi ağacdan düşə bilməyən, tutuquşusu qəfəsdən qaçan, iti xəstələnən vətəndaşlardan da pis.

Hər gün onlarla “barıqa-mal satanlar” tutulur və saytlar onların vinyetkasını dərc edir. Onları görüb düşünürsən ki, bu şəxslərdən “mal alan” yüzlərlə, minlərlə, bəlkə də on minlərlə gənc var və onları xilas etmək lazımdır.

Başqa və kəsə sözlə belə deyək: bu ölkədə çarəsiz duruma düşmüş insanlarla ağacdan düşə bilməyən pişik qədər hörmət qoymaq lazımdır. Başqa heç nə.

Bir də belə xüsusi əməliyyatları videoya çəkib xəbər etməmək daha doğru olar. Çarəsiz insanların xətrinə dəyir.

P.S. Yaxşı olar ki, ABŞ-da da 911 xidməti ağacdan düşə bilməyən pişiklərlə yanaşı, az qala hər gün yol polisləri tərəfindən eşşək qədər döyülüb, boğulub öldürülən qaradərili sürücülərin həyatını xilas etsinlər. Pişik qaçmır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR