İnsanlara hürriyət, millətlərə istiqlal!

Canilərin qanlı əllərini sıxanlar – Avropanın ədaləti Srebrenitsadan Xocalıya niyə adlamadı...

2368 21.09.2022 11:00 Yazarlar A A

İstənilən müharibədə hərbi cinayət törədilir. Bu qaçılmazdır. Müharibə psixozuna məruz qalmış əsgər bir az əvvəl danışıb-güldüyü dostunun gülləyə, mərmi qəlpəsinə tuş gəlmiş cansız bədənini səngərdə daldalayıb, silahını əlinə alanda rastına əllərini qaldırmış düşmən əsgəri çıxsa, rəhm etməyəcək, onu əsir götürməyəcək.

Silahını atıb əllərini qaldırmış düşmən əsgərini güllələmək isə, artıq hərbi cinayətdir. Demək olar ki, bütün müharibələrdə belə epizodlar olub, olur və olacaq.

Bu, bir şəxsin, bir taqımın özfəaliyyəti ola bilər. Belə hadisələrin üstü açılmır, açılanda da ört-basdır edilir.

Ancaq siyasi rəhbərliyin, yüksək hərbi komandanlığın əmri ilə əliyalın adamların, əsir düşmək üçün əllərini qaldıranların, o cümlədən mülki şəxslərin kütləvi şəkildə gülləbaran edilməsi, qətliama məruz qoyulması üstü heç cür örtülməyən, böyük ajiotaj və qalmaqala səbəb olan hərbi cinayətlərdir. Belə cinayətlər unudulmur, tarixdə qalır və onu törədənlər 30 ildən sonra olsa da, mühakimə olunur, cəzaya məruz qalırlar.

caniler1.JPG (64 KB)

                  Miloşeviç                                   Mladiç                                             Karaciç

Məsələn, 1991-1995-ci illər arasında keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun törətdiyi hərbi cinayətlər cəzasız qalmadı. 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirilməsi Haaqa tribunalında həm soyqırım aktı kimi tanındı, həm də bu qətliamın təşkilatçısı Ratko Mladiç və onun silahdaşı Radovan Karaciç ömürlük həbs cəzası aldılar. Onların ali baş komandanı, Yuqoslaviyanın eks-prezidenti Slabodan Miloşeviç də həbs olunaraq hərbi tribunala çıxarıldı, ancaq məhkəmənin gedişində ölərək “canını qurtardı”.

Üstündən 25 ildən artıq vaxt keçib, amma dünyanın tərəqqipərvər insanları, humanitar təşkilarlar bu hərbi cinayətlərin baiskarlarını, eləcə də bu cinayətə şərait yaradan holland sülhməramlılarını lənətləyirlər. (Məhz 400 nəfərlik Niderland sülhməramlıları gecəylə mövqelərini tərk edərək, serb generalları ilə razılaşma əsasında qoruduqları Srebrenitsa şəhərini serblərə buraxaraq, dinc camaatı azğın və amansız ordunun gülləsinin qabağına vermişdilər).

sarko.jpg (21 KB)

                                      İki Sark... - Sarkisyan və Sarkozi

Ancaq Yuqoslaviya ərazisində törədilən hərbi cinayəti mühakimə edən, lənətləyən Avropa dövlətləri bənzər hərbi cinayətləri Qarabağda, digər sərhəd rayonlarımızda törədən ermənilərə bir kəlmə də irad, qınaq bildirmədi. Əksinə, onlar həvəslə hərbi canilərin – sonradan Ermənistan prezidentləri olan Robert Köçəryan və Serj Sarkisyanın qanlı əllərini sıxdılar, üzlərinə iltifatla gülümsədilər, birlikdə xatirə şəkli çəkdirdilər.

Bunun səbəbi nəydi? Biz çox zaman günahı özümüzdə axtarırdıq, avropalıların xristian təəssübkeşliyindən çıxış edə biləcəkləri ehtimalını yaxına buraxmırdıq. Guya siyasi xadimlərimiz, diplomatlarımız xarici siyasi dairələrlə yaxşı işləyə bilmirlər, onlara Azərbaycan həqiqətlərini tam çatdırmırlar, ona görə belə olur. Amma bu böyük ölçüdə demaqoqluq idi. Fakt bu idi ki, həmin xarici siyasi dairələr bu həqiqətləri eşitmək istəmirdilər, uyğun müraciətlərə məhəl qoymurdular, həlledici toplantıların müzakirəsinə belə çıxarmırdılar. Özümüz deyib, özümüz eşidirdik. Bundan artığına nail ola bilmədikcə, özümüzü qınayırdıq.

Yalnız ildən-ilə anlayırdıq və əmin olurduq ki, Avropada arasında böyük uçurumlar olan ikili standartlar var. Onlar hətta serblərlə ermənilərin arasında fərq qoyur, ikinciləri “əzabkeş”, “məzlum” sayırlar. Erməniyə bir şillə dəyəndə (uzun illər öncə aeroportda bir erməni QHT-çi ədabaz-ədabaz bizə yandı-qındı etdiyinə görə şapalaq yemişdi) öncədən sözləşibmiş kimi ayağa qalxan Avropa təşkilatları məhz buna görə uzun illər Xocalı faciəsi kimi bir qətliam aktı olmayıbmış kimi davrandı.

basli.jpg (19 KB)

                                               Soyqırımdam qaçan kəlbəcərlilər

Bir bu, deyildi, 1988-1994-cü illər ərzində ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmiş, bir çox yaşayş məntəqələrində dinc əhalini amansızcasına qətlə yetirmişdilər. Kəlbəcərin Başlıbel, Ağdaban və Qazağın Baqanis-Ayrım kəndlərində mülki əhalinin öldürülməsi gizlədilməsi, Füzulinin Qaradağlı kəndində keçirilən toy zamanı xeyli mülki adamın əsir götürülməsi ort-basdır edilməsi mümkün olmayan hərbi cinayətlər idi.

Xocalı qətliamını isə ayrıca Srebrenitsa qətliamı ilə müqayisə etmək olar. Bu kiçik şəhərin əhalisinə qarşı böyük və xüsusi qəddarlıq edilmişdi. Bu, genosid aktıydı. Çünki 1992-ci ilin fevral ayının 26-da Xocalıda 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. Yüzlərlə dinc sakin əsir alınıb, işgəncəyə məruz qoyulub.

Bütün bu vəhşilik yalnız bir səbəbdən edilib: qurbanlar qan düşməni elan edilmiş başqa millətə mənsub insanlar idi. Onları yalnız azərbaycanlı olduqları üçün öldürmüşdülər.

Bu boyda hərbi cinayətə görə hələ bir nəfər də Avropa məhkəmələri tərəfindən mühakimə edilməyib, cəzalandırılmayıb. Heç gözlənilmir də. Avropanın ədaləti Xocalının hüdudlarında qurtarıb.

                           Hərbi canilər

3109.jpg (28 KB)

Fəqət bu dəhşətli qətliamda iştirak edənlərin bir qrupunun cəzası Aprel döyüşlərində, çoxununku isə 44 günlük müharibədə verildi. Aprel döyüşlərində vaxtilə “biz Xocalıda vuruşmuşuq, təcrübəmiz var, gedərik, türkləri yenə əzərik” deyə Sünik şəhərində avtobuslara doluşan veteran canilər Qarabağa gələrək, Suqovuşan istiqamətində təmas xəttinə yaxınlaşarkən Azərbaycan hərbçilərinin idarə etdiyi dronla vurulmuşdu, əksəriyyəti yerindəcə ölmüşdü, bir neçə nəfər sağ çıxsa da, onlar da salamat deyildilər, şil-şikəst olmuşdular.

44 günlük müharibədə isə elə bir gün olmurdu ki, vaxtilə Xocalıda törədilən qətliamda iştirak edən hansısa yüksək rütbəli erməni zabitin öldürülməsi barədə xəbərlər çıxmasın. Onların hamısının adı bəlliydi və ölüm xəbərləri gəldikcə qeyd olunurdu. Bəziləri gənc övladları ilə birlikdə zərərsizləşdirilmişdilər. Həmin günlər hərbi xidmətdə olmasa da, məğlubiyyət acısını dadmaları üzündən keçirdikləri həyəcana görə ürəyi partlayıb ölənlər də oldu.

777.jpg (34 KB)

                                   V.Sarkisyan, R.Köçəryan və S.Sarkisyan

Xocalının üç əsas qatilindən biri olan baş nazir Vazgen Sarkisyan 1999-cu oktyabrında parlamentdə öz həmvətənləri tərəfindən güllələnib öldürülsə də, digər ikisini – Robert Köçəryan və Serj Sarkisyan hələ də azadlıqdadır və öz aralarında nə qədər düşmən olsalar da, Paşinyan onları həbs etdirərək Haaqa tribunalına ekstradisiya etməz. Serb liderlər isə yuxarıda adları çəkilən caniləri Haaqaya vermiş, serb xalqını “soyqırım törədən xalq” töhmətindən qismən xilas etmişdilər.

Düzdür, Xocalı qətliamının qisası böyük ölçüdə alınıb, sağ qalanlar da hazırda vicdan əzabı və xəcalət çəkməsələr də qan üzərində qurduqları qondarma “dövlət”in necə kiçildiyini və süquta yaxınlaşdığını görərək ürəkağrısı ilə yaşayırlar və millətlərinin ağlar günə qaldığını görürlər.

Ancaq bu, bəs deyil. Xocalı soyqırımının siyasi qiyməti verilməliydi. O zaman ermənilərin iddiasının puç olduğu ortaya çıxacaq, belə bir vəhşiliyi törədən xalqın öz müqəddəratını bir regionda ikinci dəfə təyin etməyə haqqının çatmadığı ortaya çıxacaqdı. Avropa dövlətləri və təşkilatları Ermənistanı sona qədər qoruyaraq bu duruma düşməkdən xilas etdilər.

 xaraba.JPG (69 KB)

                                  Şuşadakı erməni kilsəsi və ermənilərin xaraba qoyduğu Ağdam

Cidanı çuvalda gizlətmək mümkünsüz olduğu kimi ermənilərə qahmar çıxan, havadarlıq edən dairələrin də canfəşanlıqları artıq pərdələnməsi mümkün olmayan hərəkətdir. Şuşadakı kilsənin bir böyrünə dəyən mərmiyə görə minlərlə xəbər dərc edən Avropa mediası yer üzündən silinmuş Füzuli, Ağdam, Cəbrayıl şəhərləri barədə bir sətir də yazmayıblarsa, onlardan daha nə ədalət, nə obyektivlik gözləmək olar?

Biz həmişə güclü olmalıyıq ki, heç vaxt genosidə, qətliama məruz qalmayaq və uzaq ölkələrin ogey başbilənlərindən ədalət ummayaq, gözləməyək. Biz aqressorun cavabını özümüz, həm də elə verməliyik ki, bir daha təcavüz haqqında düşünməsin.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR