İnsanlara hürriyət, millətlərə istiqlal!

Bxopal faciəsi – yarım milyon insanın zərər çəkdiyi texnogen qəza

2533 11.12.2022 15:14 Yaxın tarix A A

 

Bxopal faciəsi 20-ci əsrin ən dəhşətli və çoxsaylı itkilərlə nəticələnən texnogen qəzası sayılır ki, bu hadisə zamanı zərərçəkənlərin sayı yarım milyondan artıq olub...

1970-ci ildən Hindistan hökuməti yerli sənayeyə xarici investisiyaların cəlb edilməsi siyasətini həyata keçirəndə, bu proqrama Amerikanın “Union Carbide” şirkəti də qoşulub. Hindistan hökuməti ilə qarşılıqlı razılaşma əsasında şirkət Bxopal şəhərində pestisid zavodunun inşasına başlayıb. Qeyd edək ki, pestisid kimyəvi zəhərli maddə olaraq, kənd təsərrüfatında becərilən mədəni bitkiləri və məhsulları ziyanvericilərdən qorumaq, eləcə də torpağın məhsuldarlığını artırmaq üçün istifadə olunur.

Zavodun tikintisinə iki il vaxt sərf olunub. Yeni müəssisə əvvəlcədən düşünüldüyündən də artıq gəlirlə işləyib. Zavodun məhsulları xarici ölkələrə də satılıb ki, bu da Hindistana xarici valyuta qazandırıb.

Yüksək gəlir gətirməyinə baxmayaraq, zavodun fəaliyyəti ilə bağlı tez-tez mübahisəli məsələlər ortaya çıxıb. Belə ki, artıq 1976-cı ildə yerli həmkarlar tərəfindən zavodun ətraf mühitə zəhərli maddələr buraxması məsələsi Hindistan hökumətində müzakirə mövzusuna çevrilib. Profilaktik tədbirlər görülsə də, bu daha çox kağız üzərində qalıb, zavodun yaratdığı ekoloji problem aradan qaldırılmayıb.

Zavodun fəaliyyətə başlamasından çox keçməmiş səhiyyə müəssisələri də hökumətə təqdim etdikləri arayışda zavodda işləyənlərin sağlamlıq durumunda yaranmış problemləri qabarıq şəkildə qeyd ediblər. Amma bu da heç bir nəticə verməyib, heç bir tədbir görülməyib. Beləliklə, zavod əvvəlki tempi ilə öz fəaliyyətini davam etdirib.

Nəhayət, 1984-cü ildə zəhərli kimyəvi maddələr istehsal edən zavod fəaliyyətini birdəfəlik dayandırıb. Həmin ilin dekabrın 2-dən 3-nə keçən gecə pestisidlərin saxlandığı rezervuarlarda yüksək temperaturdan partlayış baş verib. Partlayış nəticəsində dəqiqələr ərzində havaya 42 ton zəhərli qaz buraxılıb.

Hadisə gecə baş verdiyindən yuxuda olan əhalidə çaşqınlıq yaranıb. İlk dəqiqələrdə onlar nə baş verdiyini anlamayıblar. Çoxları elə yataqda qazdan zəhərlənərək ölüb. Məhz belə hadisələr zamanı hansı tədbirlərə əl atmağın lazım olduğunu bilməyən şəhər sakinlərinin bir çoxu tam əksinə hərəkət edib. Onlar qapı-pəncərəni açıb, havanı dəyişməyin lazım olduğunu düşünüblər. Digər çoxluq çölə çıxaraq qazla zəhərlənmiş havada öz vəziyyətlərini daha da ağırlaşdırıb.

Şəhərin üstünü boz rəngli təbəqə bürüyüb. Bütün canlılar, heyvanlar və bitkilər dəqiqələr ərzində məhv olub.

Hava çatışmazlığından, davamlı öskürəkdən hadisənin ilk saatında ölənlərin sayı 3 min nəfəri keçib. 12 saatdan sonra bu say 8 minə, daha sonralar isə 15 minə çatıb.

Amma rəsmilər  ölənlərin statistikası ilə bağlı ictimaiyyətə dəqiq məlumat verməyiblər. Çox-çox sonralar, 2006-cı ildə  Bxopal faciəsi yenidən araşdırılanda ortaya dəhşətli rəqəmlər çıxıb. Araşdırma nəticəsində məlum olub ki, qəza nəticəsində 600 min nəfərə yaxın insan zərər çəkib. Qəza 15 min nəfərin həyatına son qoyub, zəhərlənmə nəticəsində yüz minlərlə insanın səhhətində olduqca ciddi problemlər yaranıb.

Qəzanın hansı səbəbdən baş verməsini araşdırmaq üçün xüsusi istintaq qrupu yaradılıb. Bir ildən artıq davam edən araşdırmalar ortaya heç bir dəqiq səbəb çıxarmayıb. “Union Carbide” şirkəti rəsmi qurumlarla danışıqlar apararaq məhkəmə prosesi keçirilmədən qəzada ölənlərin ailələrinə və zərər çəkənlərə 470 milyon dollar ödəyəcəyini vəd edib. Tərəflər bu məbləğlə razılaşıblar. Bununla yanaşı şirkət tərəfindən Bxopal şəhərində qəza zamanı zərər çəkənlərin müalicəsi üçün ayrıca yeni bir klinika açılıb.

Bu razılaşmalardan sonra Amerika şirkəti qısa müddətdə zavodda bərpa işləri aparıb və zavod fəaliyyətini yenidən davam etdirib. Qəza ilə bağlı mübahisələr, iddialar, ittihamlar səngimədiyindən 1986-cı ildə şirkət zavodun avadanlıqlarını sataraq fəaliyyətlərini dayandırıblar.

Zavod fəaliyyətini dayandırdıqdan sonra onun ərazisində 400 tona yaxın zəhərli maddə qalıb. Hindistan hökuməti onun çox az bir qismini məhv edib. Bütövlükdə zəhərli maddələrin tam məhv edilməsinə hökumət vəsait tapmayıb və 2012-ci ildə bununla bağlı Hindistan hökuməti qərar çıxarsa da, hazırda da həmin ərazidə zəhərli tullantılar qalmaqdadır. Sözsüz ki, bu da yerli əhalinin sağlamlığı üçün real təhlükədir.

2010-cu ildə Bxopal faciəsi yenidən gündəmə gəlib. Bu dəfə Hindistan məhkəməsi “Union Carbide” şirkətinin Hindistandakı 7 nümayəndəsini müttəhimlər kürsüsündə əyləşdirib. Məhkəmə onları zavodun fəaliyyətindəki  səhlənkarlıqlarda ittiham edib.

Məhkəmənin hökmü ilə şirkətin yeddi nəfər əməkdaşının hər biri iki il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və bununla yanaşı hər biri 100 min rupi məbləğində cərimə olunublar.

Bu gün də hindistanlılar Bxopal faciəsinin baş verdiyi 1984-cü ili ölüm ili kimi xatırlayırlar.

İlham Cəmiloğlu, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR