İnsanlara hürriyət, millətlərə istiqlal!

Burundidən öndə, Estoniyadan geridə olmağımızın səbəbləri

2041 07.01.2023 14:03 Yazarlar A A

 

İnternet resurslarında kasıb ölkələrə dair sənədli filmlər var. Sakit baxmaq olmur. 21-ci əsrin bu vədəsində, elmin, texnologiyaların bu qədər inkişaf etdiyi vaxtda insan oğlunun hələ də kütləvi halda ac-yalavac şəkildə, daş dövründə olduğu kimi yaşaması duyarlı insanın qəlbini incidir.

Adam istər-istəməz qorxur və fikirləşir ki, yəni onun öz yaşadığı ölkə də bu qədər zəngin karbohidrogen ehtiyatlata malik olmasaydı, bu duruma düşə bilərdimi? Ya o ehtiyatlar bir vaxtlar tükənəndə necə olacaq?

Yeganə təskinlik odur ki, bizim neft və qaz kimi qızıldan qiymətli resurslarımız olmasaydı da, coğrafiyamızın, iqlimimizin yaşayış üçün əlverişli olması, torpaqlarımızın məhsuldarlığı, vətəndaşlarımızın ən azı yarısının çalışqanlığı, fərasətliliyi imkan verər ki, Zimbabvenin, Ruandanın, Banqladeşin, Burundinin gününə düşməyək.

666.JPG (63 KB)

Xüsusilə də adı sonuncu çəkilən ölkə 12 milyonluq əhalisi ilə zəlil gündədir. Bu ölkədə kütləvi kasıblıq dözülməz həddədir. Yüz minlərlə insan gündə 50 sent (ayda 15 dollar) qazanmaq üçün mübarizə aparır, tonlarla yük daşıyır, on kilometrlərlə yol ölçür, hər cür ağır zəhmətə qatlaşır. Yüz minlərlə cındırından cin ürkən insan yol kənarlarında dilənçilik edir. Di gəl, hər evdə də ortalama 8 uşaq böyüyür - hamısı da yarıçılpaq, ayaqyalın, ac...

554.JPG (34 KB)

Məhz belə mənzərələri görərkən, insan özünün, ölkəsinin halına şükür edir.

Ancaq iki-üç ildən bir minimum əmək haqqının məbləği artırılanda görürsən ki, biz bir çox Afrika və Asiya ölkələrinin halına baxaraq şükür etsək də, bizim halımıza baxəb öz durumlarına şükür edənlər də var. Başqa sözlə, bizdə kasıblıq həddinin altında yaşayan insanların xüsusi çəkisi elədir ki, rifah içində yaşayan ölkələr bizim halımıza acıya bilərlər.

Bu, ortaya haqlı suallar və müqayisələr çıxarır. Məsələn, bir çox insanlar sosial şəbəkədə ritorik suallar qoyaraq soruşurlar ki, necə olur, bu qədər var-dövlətlə, cah-cəlalla, yeraltı, yerüstü sərvətlərlə, bərəkətli torpaqlarla, çalışqan insanlarla bizdə minimum əməkhaqqının və təqaüdlərin həcmi bu qədər azdır.

555443.jpg (137 KB)

Konkret müqayisə aparanlar var: “Estoniyada minimum əməkhaqqının həcmi 1340 avrodur və estonların nefti, qazı yoxdur”.

Göründüyü kimi, tutarlı sualdır və buna ən populyar cavab dövlət məmurlarının korrupsiyaya uğraması əmsalı ilə bağlı olacaq.

Gerçəkdən də dövlət büdcəsinin talanması, inkişaf layihələrinə ayrılmış milyonların səmərəli istifadə olunmaması, kütləvi rüşvətxorluq, bacarıqsızlıq, yerlibazlıq, qohumbazlıq kimi amillər dövlətin iqtisadi inkişafını tormozlayır, ətalət yaradır, lazımi nəticələrin əldə edilməsinə mane olur. Bu, danılmaz faktdır, amma heç də həqiqətin hamısı deyil.

Əsl gerçəklər bir az dərindədir və bunu etiraf etmək çətindir.

Məsələ ondadır ki, bu ölkədə dövlət büdcəsini, inkişaf layihələrinə ayrılan milyonları mənimsəyən məmurlar ordusu olduğu kimi, dövlət büdcəsinə ödəməli olduğu vergilərin yarısını belə ödəməyən, yəni vergidən yayınan yüz minlərlə adam var. Baxaq, görək, Estoniyada və ya başqa Avropa ölkəsində kimsə vergidən yayına bilərmi? Buna həvəs göstərənlər olarsa da, onların “uğur” qazanması üçün mexanizmlər, düsturlar yoxdur.

Bizdə isə əksinədir, dövlətdən və xalqdan oğurluq etmək üçün hər cür işlək mexanizmlər var. Bir şey ki, uzun müddət korrupsiya ilə mübarizə aparmalı olan dövlət komissiyasına ölkənin ən böyük korrupsioneri rəhbərlik edirdi. Bütün korrupsionerlər iyerarxik pillələrlə, subordinasiya qaydalarına riayət etməklə öz xəraclarını ona verirdilər.

Diqqət edək, görək, təqaüdçülərin aylıq müavinətlərinin həcmi 1000 avronun üstündə olan hansı ölkədə yüz minlərlə insan əmək qabiliyyətli olduğu halda saxta “əllillik kağızı” düzəldib dövlət büdcəsini illərlə sümürməyə çalışır?

99887.jpg (7 KB)

Bir halda ki, dövlətin xəzinəsinə bu və ya digər şəkildə əli çatanların, demək olar ki, hamısı oradan nəsə qamarlamağa çalışır (bir qrupu milyardlarla, bir dəstəsi milyonlarla, bir xeylisi yüz minlərlə, əksəriyyət isə on minlərlə və daha aşağı məbləğlərlə), o büdcə lazımi qədər dolarmı ki, təqaüdçülərə layiqli pensiya, tələbələrə lazımi təqaüd, əmək qabiliyyəti olmayanlara kifayət qədər müavinət vermək mümkün olsun?

Mümkün deyil. Sərvəti, maddi resursları bizdən qat-qat az olan ölkələrin bizdən qat-qat yaxşı yaşamalarının səbəbi odur ki, onlar bizdən qat-qat dürüst, qat-qat çalışqan və ağıllıdırlar. Biz onlardan qat-qat tamahkarıq, kütləvi şəkildə haramxoruq, qat-qat eqoistik, ilk növbədə özümüzü, ailəmizi, qohumlarımızı təmin etməyə çalışırıq, girimizə keçən fürsətləri şəxsi planda istifadə edirik. Ona görə də belə olur.

Biz Burundini idarə edənlər və Burundudə idarə olunanlar təfəkküründə olduqca arzu etdiyimiz səviyyədə xoş gün görməyəcəyik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR