İnsanlara hürriyət, millətlərə istiqlal!

“Buraxılış imtahanındakı o sualları 3 saata cavablandırmaq mümkün deyil” - ekspertdən ilginc açıqlamalar

1841 14.03.2023 13:37 Təhsil A A

“Keçirilən imtahanlardan sonra şagirdlər arasında ciddi böhran var, onların motivasiyası aşağı düşüb”

Martın 12-də Azərbaycanda şagirdlərin buraxılış imtahanı keçirilib.

İmtahanlar Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbayel, Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarını, həmçinin xüsusi məktəbləri (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəbləri, hərbi liseyləri əhatə edib.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 215 imtahan binası, 3880 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 629 ümumi rəhbər və imtahan rəhbəri, 4832 nəzarətçi-müəllim, 689 buraxılışı rejimi əməkdaşı (mühafizə), 215 bina nümayəndəsi ayrılıb. Bu imtahanda 50 min 823 şagirdin iştirakı nəzərdə tutulurdu.

İmtahanda 47 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Zəngilan rayonu, Ağalı kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib. Bu, Dövlət İmtahan Mərkəzinin işğaldan azad olunan rayonlarda təşkil etdiyi ilk imtahandır.

İlkin məlumatlara əsasən, 5 şagirddə və 1 nəzarətçi-müəllimdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılması üçün imtahan qərargahına təhvil verilib. Qeyd olunan hallarla bağlı araşdırma aparılır. Bundan əlavə, imtahanın gedişi zamanı imtahan binasında əvvəlcədən gizlədilən 1 ədəd mobil telefon aşkar edilib. Həmçinin Ağcabədi rayonunda imtahan keçirilən binaların birinin arxa pəncərəsindən 2 nəfər kənar şəxs daxil olmağa cəhd edib və həmin şəxslər saxlanılaraq polis əməkdaşlarına təhvil verilib. İlkin araşdırma nəticəsində məlum olub ki, həmin şəxslər ötən illərin məzunlarıdır. Bir nəfər, ümumiyyətlə, buraxılış imtahanlarında iştirak etməyib, digər şəxs isə ötən il imtahanda iştirak edərək 20 bal toplayıb. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Qeyd edək ki, martın 13-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılıb.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulur.

Bəs ekspertlərin bu imtahanla bağlı təəssüratları və gözləntiləri hansılardır?

Kamran Əsədov "2 həftə sonra tədris dayandırılacaq” xəbəri ilə bağlı  AÇIQLAMA VERDİ

Kamran Əsədov

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb:

“Martın 12-də 11-ci sinif bazasında keçirilən buraxılış  imtahanları martın 5-də keçirilən imtahanlardan sualların ağırlıq səviyyəsinə görə müəyyən qədər dəyişik idi. Şagirdlərin imtahandan çıxandan sonra yadında qalan sualları nəzərə alsaq, ilin ekspertizasını təhlil edəndə görürük ki, müəyyən edilmiş 3 saat ərzində bu tip suallara cavab vermək mümkün deyil. Xüsusilə Azərbaycan dilindən təqdim edilən mətn tipli, riyaziyyat fənnindən təqdim edilən açıq və situasiya tipli suallar şagirdlər üçün daha çox vaxt itkisinə gətirib çıxarır. Məhz buna görə də imtahandan bitdikdən sonra şagirdlər haqlı etirazlarını  bildirməyə başlayıblar. Çünki istər 5 mart, istərsə də 12 martda keçirilən imtahanlar şagirdlərin gələcəkdə ali məktəblərə qəbulu  ilə bağlı çox böyük əhəmiyyət kəsb edir. Yəni bu imtahanlarda toplanan ballar blok  imtahanlardakı balların üzərinə gələcək və bu da ciddi faktordur.

Hesab edirəm ki, şagirdlərin xüsusən də Azərbaycan dili fənnindən olan dil qaydalarına aid suallar və yaxud riyaziyyat fənnindən cavabı kodlaşdıra bilən açıq və yaxud situasiya ilə bağlı suallar barəsində olan  etirazları tamamilə haqlıdır və bu imtahanlarla bağı ciddi qərar qəbul etməliyik. Həmçinin xarici dillə bağlı dinləyib-anlama test tapşırığının səsləndirilməsi ilə bağlı otaqlarda problemlər olub, buna görə şagirdlər xeyli əziyyət çəkiblər.

Çox təəssüf ayrı-ayrılıqda fənlər üzrə təhlil aparanda gördük ki, məzmun standartlaşmasını əsas götürən DİM nəzərə almır ki,  bu şagirdlər pandemiya dövründən çıxıb və yaxud həmin şagirdlərin hamısı eyni bilik və bacarığa malik deyil".

Təhsil eksperti şagird və valideynlərin imtahanlarla bağlı digər şikayətlərindən də söz açıb: “DİM orta məktəbi bitirən hamını eyni səviyyədə imtahan edir. Doğrudur, hamı eyni təhsil alır, amma biz reallıqdan danışmalıyıq. Hər birimizə məlumdur ki, bu gün şagirdlər orta məktəblərdə bilik əldə etmirlər. Onlar ali  məktəblərə hazırlaşmaq üçün repetitor yanına, hazırlıq kurslarına gedirlər, imtahanlarda əldə etdikləri nailiyyətlər də bunların nəticəsidir. Təsəvvür edin, şagirdlər artıq 9-cu sinifdən ali məktəblərə hazırlaşır, hazırlaşdıqları qruplar üzr fənləri öyrənirlər. Nəticədə buraxılış imtahanlarında hazırlaşmadıqları fənlərdən zəif nəticə göstərirlər. Buna görə də bütün şagirdlərdən eyni fənlərdən eyni cür nəticə gözləməməliyik.

Hesab edirəm ki, şagirdlərə müəyyən qədər güzəştlər etməliyik. Doğrudur, ali məktəblərə qəbul plan yerləri ciddi şəkildə artıb və hətta gözləyirik ki, bu il müsabiqə şərtləri aşağı da düşə bilər. Çünki 60 minə yaxın plan yerinin doldurulması bu imtahan qaydaları ilə mümkün deyil və biz ümumiyyətlə, mövcud vəziyyəti nəzərə alaraq şagirdlərə güzəştə getməliyik.

Qeyd edim ki, keçirilən imtahanlardan sonra şagirdlər arasında ciddi böhran var, onların motivasiyası aşağı düşüb. Bu yaxşı hal deyil, biz şagirdlərimizə bu qədər stress, həyəcan yaşatmamalıyıq. Bu nəticələr valideynləri də ciddi narahat edir, təbii ki, onlar da bununla bağlı övladlarına təzyiq və basqılar edəcəklər ki, bu da xoşagəlməz hadisələr ortaya çıxara bilər".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR