İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bunlara əməl edilməzsə..." - Ekspertdən məktəblərlə bağlı XƏBƏRDARLIQ

776 21.04.2023 22:11 Təhsil A A

"2011-ci ildə Nazirlər Kabinetinin təhsil müəssisələrində gigiyenik qaydalar və qidalarla bağlı xüsusi göstərişləri var. Bunlar məktəbdə təhsil alan şagirdlərin sağlamlığının qorunmasına yönləndirilib. Təəssüf ki, orta məktəblərin bufetlərində bu normalar gözlənilmir".

Bunu təhsil eksperti Kamran Əsədov iki məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı Musavat.com-a açıqlamasında deyib.

kamran.jpg (39 KB)

O qeyd edib ki, orta məktəblərdə yağda qızardılmış, iy verən, hətta tez xarab olan məhsullardan istifadə olunur: "Hesab edirəm ki, bu sahədə yoxlamaları dayandırmaq yox, əksinə, ciddi şəkildə həyata keçirmək lazımdır. Çünki qidalanma birbaşa təhsilə təsir göstərən amillərdən biridir.

Azərbaycandakı 4500-dən çox ümumtəhsil məktəbində  şagirdlərə bu xidməti göstərən bufetlərdə demək olar ki,  sağlamlığa birbaşa zərər vuran məhsullar satılır. Oradakı məhsullar heç bir səhiyyə qurumu tərəfindən yoxlanılmır. Bu məsələ xüsusilə diqqətdə saxlanmalı və qadağan olunmuş qidaların, içkilərin bufetlərdə satılmasına icazə verilməməlidir. Artıq geridə qoyduğumuz 2022-2023 tədris ilinin təcrübəsi göstərir ki, bir neçə məktəbdə zəhərlənmə hadisəsi baş verdi. Bu hadisələrin təkrarlanmaması üçün orada satılan məhsullar mütləq şəkildə yoxlamalardan keçməlidir.

Hazırda özəl şirkətlər məktəb bufetlərini qidalarla təmin edir. Həmin şirkətlərin fəaliyyətinin nə dərəcədə leqal və peşəkar olması təbii ki, şübhə altındadır. Burada ən ciddi yük və məsuliyyət məktəblərdə fəaliyyət göstərən valideyn-müəllim assosiasiyasının üzərinə düşür. Çünki onlar birbaşa olaraq qanunvericilik çərçivəsində məktəb bufetlərində satılan məhsulların sertifikatına, kefiyyətinə, son istifadə tarixinə nəzarət etməlidir.

Təəssüflər olsun ki, bu qurumların fəaliyyəti yalnız kağız üzərindədir. İndiyə kimi həmin assosiasiyaların məktəb bufetlərinə satılan hansısa zərərli qidanın satışına qadağa qoyduğunu müşahidə etməmişik. Açığı, bufetlər məktəb direktoruna və aidiyyəti qurumlara müəyyən məbləğ ödədiyi üçün onların dırnaqarası fəaliyyətinə göz yumulur. Bu məsələ xüsusilə gündəmdə saxlanılmalı və bufetlər nəzarətə götürülməlidir. Fəaliyyəti qənaətbəxş olmayan müəllim-valideyn assosiasiyaları buraxılmalı və həqiqətən də vətənini sevən, şagirdin, təhsilin gələcəyini düşünən şəxslər rəhbərliyə cəlb edilməlidir".

Ekspert əlavə edib ki, bəzi məktəblərdə uşaqlara sağlam qidalanma öyrətmək üçün proqramlar artıq başlayıb: "Tədris müəssisələrində, daha dəqiq desək, məktəb yeməkxanalarında çalışanlar müvafiq geyimdə olmalıdır. Bununla yanaşı, hazırlanan yeməklər həm şagirdlərin yaşlarına uyğun, həm də onlar üçün faydalı olmalıdır.

Bir məqamı da qeyd edim ki, rasional və balanslaşdırılmış qidalanma uşaqların sağlamlığını və harmonik inkişafını təmin edən vacib və effektiv amillərdən biridir. Düzgün qidalanma uşaqlarda beynin, intellektin, mərkəzi sinir sisteminin inkişafına və formalaşmasına önəmli təsir göstərir. Uşaq və yeniyetmə yaşlarında düzgün qidalanma qida maddələrinə olan gündəlik tələbatı ödəməklə yanaşı, həm də onların hərtərəfli inkişaf ahəngini təmin edir. Ümumtəhsil müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı şəkər, yağ və şirniyyat tövsiyə edilmir. Məktəbli orqanizmi böyüməkdə olduğu üçün onun kalsiuma daha çox ehtiyacı var. Bu baxımdan süd və süd məhsullarının qəbulu vacibdir. Bu, uşaqlarda boy artımını dəstəkləyir, sümüklərin möhkəmliyini təmin edir. Digər tərəfdən, məktəbyaşlı uşaqların hər gün müəyyən miqdar meyvə-tərəvəz qəbulu da vacibdir.

Elə ölkələr var ki, məktəblərdə isti qida təşkil edirlər. Valideynlər karta pul köçürür və uşaqlar həmin kartla qidaların içərisindən istədiyi yeməyi seçərək pulunu ödəyirlər. Elə konsepsiya var ki, dövlət tərəfindən təşkil edilir. Finlandiyada dövlət tərəfindən ildə pul ayrılır və isti yemək təşkil edilir. Niderlandda isə vəziyyət fərqlidir. Qonşu dövlətlər olsa da, orada qidanın xərci tam olaraq ailənin üzərindədir. Sadəcə, məktəb diyetoloqu tərəfindən hər bir uşağa hansı yeməyin lazım olması ilə bağlı məsləhətlər verilir. Rusiya, Qırğızıstan məktəblərində isə isti yemək təşkil edilir. Aztəminatlı ailələrin qidasına dövlət pul ayırır. Qalanları isə öz hesabına həmin qidalarla qidalanırlar. O ölkələrin məktəblərində həkimin və diyetoloqun nəzarəti altında menyular tərtib edilir. Uşaq qidalanmasında sağlam ərzaq məhsulları əsas götürülür.
Çipsilər, kulinariya məmulatları, enerji və rəngli içkilər fərq etməz, marketdə nə varsa, məktəbdə də onlardır".

Kamran Əsədov qeyd edib ki, son zamanlar uşaqlarda mədə-bağırsaqla bağlı şikayətlər həddindən artıq çoxalıb: "Amma bütün uşaqlarda bunun səbəbi tibbi səbəb deyil. Ən böyük səbəb düzgün qidalanmadır. Düzgün və keyfiyyətli qidalanma çox vacibdir. Hər gün çipsi, kulinariya məmulatları və s. yemək düzgün deyil. Çünki məktəb yaşlı uşaqların gündəlik menyusu var. Onlar kalori almalıdır. İkincisi isə keyfiyyətli qidalanmadır. Bəzi məktəblər var ki, orada isti, normal yeməklər verilir. Ona görə birmənalı şəkildə hər zaman valideynlərə deyirəm ki, uşaqlara evdən nəsə qoyun. Bufetlər böyük bir şəbəkədir.

Ölkəmizdə elə məktəblər var ki, uşaqlara sağlam, isti qidalar təklif edilir. Yəni uşaqlara balanslaşdırılmış qida verilir. Bir sıra lisey və gimnaziyalar var ki, Elm və Təhsil Nazirliyinin icazəsi və təsdiq olunmuş sənəd əsasında o təhsil ocaqlarına isti yeməklər gətirilir. Elə məktəblər də var ki, orada yalnız hazır qidalar – peçenye, bulka və s. satılır. Əsas qidanın sağlam olmasıdır. Əgər uşaq məktəbdə 4 saatdan artıq qalırsa, orada isti qida olmalıdır".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR