İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu torbalar üçün ödəniş minimal olmalıdır” - RƏY

1258 03.02.2023 14:48 Sosial A A

“Vətəndaşlar düşünürlər ki, alış-veriş zamanı təqdim olunan torbalar onlara pulsuz verilir. Halbuki, təsərrüfat subyekti həmin torbaların pulunu digər məhsullar arasında bölərək xərcini çıxarır”.

Bu fikirləri Musavat.com-a iqtisadçı Eldəniz Əmirov deyib.

WhatsApp Image 2023-02-03 at 14.39.53.jpeg (46 KB)

Ekspert bildirib ki, ən kiçik xərc belə marketləri düşündürür: “Marketlər xərcləri nəzərə alaraq ekoloji cəhətdən aşağı keyfiyyətli torbalarda məhsullar satırlar. Polietilen torbalar üçün ödəniş minimal olmalıdır. Keyfiyyəti də qənaətbəxş olmalıdır ki, təkrar istifadə mümkün olsun. Bu zaman insanlar qənaətə diqqət edəcəklər. Məsələn, 3 məhsul aldığı zaman hər məhsula 3 torba istəməyəcək. Parça torbalardan istifadə seçimi də təklif olunmalıdır. Bu, iqtisadi səmərəliliyi də artıracaq. Qiymət münasib olmasa, bu, narazılığa səbəb ola bilər”.

Ekspert ekoloji faktora da diqqət çəkib. Eldəniz Əmirov daha çox məhsullar üçün torba alındığını vurğulayıb: “Bu torbalar istifadədən sonra atılır. Hər kəs bilir ki, polietilen torbalar ekologiyaya ziyandır. Bu ziyana qarşı hər hansı formada mübarizə aparmaq lazımdır. Dünyanın bir çox ölkələrində bu, uzun illərdir tətbiq olunur. Digər tərəfdən, iri market şəbəkələrində bunu tətbiq etmək daha asandır, bəs kiçik məhəllə marketlərində bu, mümkün olacaqmı? Hesab edirəm ki, bu məsələ tam həllini tapmayacaq. Ciddi nəzarət və zaman lazımdır. Bir marketdən bunu tələb edib, digərindən etməmək rəqabət mühitini pozacaq. Bu, göründüyü qədər sadə proses deyil”.

Ekspert qeyd edib ki, polietilen torbalara görə ödənişin müəyyən olunması bütün hallarda müsbət qərardır, çünki buna ehtiyac var idi.

Qeyd edək ki, “Qafqazinfo”nun məlumatına görə, Bakıda marketlərdə alıcılara verilən polietilen torbalar yaxın günlərdən etibarən ödənişli ola bilər. Bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iri market şəbəkələrinə məktub göndərilib. Məktubda qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciəti əsasında qalınlığı 15-20 mikron olan yüngül çəkili polietilen torbaların nəzarət-kassa aparatlarında ayrıca məhsul növü kimi təqdim edilməsi üçün təcili tədbir görülsün və bunun nəticələri ilə bağlı Dövlət Xidmətinə 5 iş günü ərzində məlumat verilsin.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR