İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şorabaları yeməyin! - Ev bağlamalarına, yoxsa mağazadakılara üstünlük verək?

1654 05.11.2022 08:20 Ölkə A A

Ekspert: “Plastik çəlləklərdə, bazarlarda üstü açıq formada satılan şorabalar zəhərlənmə yaradır”

Soyuq payız-qış mövsümüm gəlişi ilə əhali tərəfdən qış bağlamalarından - xiyar-pomidor şorabalarının istehlakı da artır. Lakin bəllidir ki, belə “zaqatovka”ların ən böyük təhlükəsi botulizmdən zəhərlənmə, hətta ölüm halları ilə bağlıdır. Daha çox da bu, ev şəraitində hazırlanmış bağlamalardan istifadə zamanı özünü göstərir.

Bəs belə hallardan necə sığortalanmaq olar? Əhali nələrə diqqət eləməlidir? Zəhərli şorabaları necə tanımaq olar? Bəlkə, yalnız mağaza “zaqatovkası”na üstünlük verilsin?

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dedi ki, Azərbaycanın qida mədəniyyətinin ən böyük mədəniyyətsizliyi evdə şorabaların bağlanması məsələsidir: “Əhali bilməlidir ki, torpaq bütün sərvətlərin mənbəyi olduğu kimi, həm də ən təhlükəli bakteriyaların mənbəyidir. Kənd təsərrüfatı məhsullarının əksəriyyəti əlbəttə, torpaqla təmasda olur. Üstəlik, kütləvi satışda olan kənd təsərrüfatı məhsullarının əksəriyyətinin istifadəsində pestisitlərdən, nitritlərdən istifadə olunur.

Ümumiyyətlə, şoraba arzu olunmayan bir qidadır. Baxmayaraq ki, insanı iştaha gətirir, amma arzuolunmaz qidadır. Xüsusən ev şəraitində hazırlanmış şoraba ən təhlükəli sayılır. Sənaye üsulu ilə hazırlanan şorabalarla bağlı zaman-zaman fabriklərdə müşahidələr aparıram. Misal üçün, göy noxudun bağlanması prosesində iştirak etmişəm. O qədər diqqətlə yanaşılır ki. Yəni qabların ağzı bağlanandan sonra 14  gün saxlanılır, şişib-şişmədikləri müəyyən olunur. Yenidən bir də yoxlanılır, bir də ekspertizaya verilir, bir neçə dəfə ekspertizadan keçəndən sonra satışa çıxarılır. Sənaye üsulu ilə hazırlanan şorabalarda belədir.

Eyyub Hüseynov: “Yağ bahalaşacaq, defisit yaranacaq” » Azərbaycan Gəncliyi  qəzetinin internet saytı

Eyyub Hüseynov 

Lakin ümumilikdə həm sənaye üsulu ilə hazırlanan, həm də ev şəraitində hazırlan şorabalar arzuedilməz qida məhsulları sayılır. Hətta görürük ki, ən əcaib formada bazarlarda plastik qabların içərisində doldurulmuş üzüm yarpaqları satılır. Hələ kimyəvi aktiv sirkə də üzərinə tökürlər, plastik qabın içərisində. Aydındır ki, belə üzüm yarpağı təhlükəlidir. Uzun müddət Azərbaycanın  bazarlarında böyük plastik qablarda şoraba satışı görürdük. Çox yaxşı haldır ki, Qida Təhlükəsizliyi Agentliyi bunların qarşısını aldı. Get-gedə dəyişikliklər olur.

Amma insanlar evdə şoraba hazırlamaq mədəniyyətsizliyindən əl çəkmirlər. Zaman-zaman isə bəzi qurumlar məsuliyyəti öz üzərlərindən atmaq üçün zəhərlənən insanlarla bağlı deyirlər ki, evdə hazırladığı şorabadan olub. Bu mədəniyyətsizliyə son qoyulmalıdır. Azərbaycan məişətində hansı qadın daha çox şoraba bağlayar kimi bir brend qadın obrazı yaradıblar. Bu, yolverilməzdir. Mümkün qədər bundan uzaq olmaq lazımdır. Əgər insan çox istəyirsə, sənaye üsulu hazırlanmış şorabalardan seçim edə bilər. Birmənalı şəkildə bu səhvdir. Bunlar çox təhlükəli qidalardır. Onlardan uzaq olmaq lazımdır. Onu nə qədər diqqətlə bağlasan, standartın tələblərinə cavab vermir. Müəyyən yoxlamalar getmir, yalnız qapağın şişməsi ilə müəyyən edirlər. O da çox primitiv üsuldur. Başqa amillər də var ki, gərək  bunlar yerinə yetirilsin. Əhalini çağırıram ki, bu qida məhsullarından uzaq olsunlar".

Göy cisimlərinin insan orqanlarına fizioloji təsiri... -

Ağa Salamov

Qida texnoloqu Ağa Salamov da bildirdi ki, plastik çəlləklərdə olan şorabalar, bazarlarda üstü açıq formada satılan şorabalar zəhərlənmə verir: “Deyə bilərlər ki,  illərdir alıb yeyirlər, neqativ hal baş verməyib. Birinə heç nə olmur, amma başqasına ola bilər. Hər kəsin immun sistemi eyni deyil. Heç kim zəmanət verə bilməz ki, o şorabaların üstündə bakteriyalar yoxdur. Heç marketlərdə də vəziyyət ürəkaçan deyil. Çünki orada da çox vaxt turşuları günəş şüaları altında qoyurlar. Nəzərə alsaq ki, şəffaf qablarda satılan belə məhsullar günəş şüalarını keçirir, bu da zəhərlənmələrə gətirib çıxara bilər”.

A.Salamov ev şəraitində şoraba hazırlayan zaman diqqət edilməli məqamlara diqqət çəkib: “İlk növbədə meyvə və tərəvəzlərin təmizliyinə diqqət edilməlidir. Əks halda botulizm zəhərlənməsinə gətirib çıxara bilər. Çünki bu bakteriyalar torpaqda yaşayır. Eyni zamanda, turşu üçün istifadə olunacaq meyvə-tərəvəzlər suda saxlanmalıdır. Suya sirkə qatmaq olmaz. 10 litr suya 3,5 litrə 2 xörək qaşığı çay sodası miqdarı istifadə etmək olar. Tərəvəzləri 15 dəqiqə sodalı suda saxlayıb, durulayıb içinə çiy su tökməmək şərti ilə bişirib bağlaya bilərlər. Şorabanın ağzının düzgün bağlanması da şərtdir.

Ümumiyyətlə, ən yaxşı üsul evdə turşu hazırlamaqdır. Marketlərdəki qatıq, smetan və şorabaların qapağı şişibsə, bu onun xarab olmasından xəbər verir. Çox vaxt gün şüaları altında qalan məhsullarda belə hallar baş verir. Çəlləklərdə satılan şorabalarda salmonella zəhərlənməsi də ola bilər. Adətən deyirlər salmonella hin heyvanlarından keçir. Xeyr, yaxşı yuyulmayan meyvə-tərəvəzlərdə də salmonella ola bilər. Kənd yerlərində çox vaxt şampinyon göbələyi ilə solğun əzvay göbələyini səhv salırlar. Şampinyon zəhərlənmə vermir və tər-təmiz yuyulub istehlak edildikdə ziyanı olmur. Səriştəsiz insanlar bəzən bilmədən solğun əzvayı da onun içinə qatıb yığırlar.

Odur ki, göbələk alan zaman da yalnız güvənilən yerlərə üz tutsunlar. Şampinyon göbələyini də təmizləyib evdə dadlı şoraba qoymaq mümkündür. Ən yaxşısı ev şəraitində düzəltməkdir. Digər hallarda isə işlədəcəyiniz qədər şorabanı yalnız güvəndiyimiz markalardan qablaşdırılmış formada əldə edin. Marketdən məhsul alan zaman havalandırma sistemi yaxşı işləyən, kondisionerlə təmin edilmiş satış obyektlərinə müraciət edin".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR