İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, III Dünya müharibəsinin rəsmi elanı deməkdir” - İLGİNC AÇIQLAMA

4847 15.03.2024 13:47 Siyasət A A

“Rusiya-Ukrayna müharibəsi 2 ildən çoxdur ki, davam edir. Ukraynanın məğlubiyyəti NATO üçün mühüm təhlükəni özündə ehtiva etdiyinə görə Qərb dövlətləri bu müddətdə Ukraynaya tarixdə görünməmiş dəstək nümayiş etdirdilər. Təkcə Avropa İttifaqının son 2 ildə Ukraynaya hərbi yardımı 96 milyard dollar olub. Bunun bir qismini qaçqınlara dəstək, humanitar dəstək, mühüm bir hissəsini isə hərbi dəstək təşkil edib. Həmçinin 2027-ci ilədək 54 milyard dolların ayrılmasına dair ən son qərar 1 fevral 2024-cü ildə qəbul edildi”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq məsələlər üzrə ekspert Şəhla Cəlilzadə deyib.

sehla son.jpg (273 KB)

O vurğulayıb ki, Ukrayna Rusiyanı məğlub etməkdə yetərsiz olduğu üçün bir sıra Avropa dövlətləri bu yardımları səngitməyə çalışır:

“Məsələn, Macarıstanın baş naziri Viktor Orban Aİ-nin Ukraynaya yardım göndərilməsinə dair qərarına əvvəlcə veto qoymuş, lakin daha sonra təzyiqlər nəticəsində fevralda keçirilən təkrar səsvermədə iştirak etməməklə, yardım haqqında qərarın qəbul olunmasına razılıq verməli olmuşdu. Eləcə də Xorvatiyanın prezidenti Zoran Milanoviç, həmçinin Slovakiyanın baş naziri Robert Fitso Ukraynaya hərbi yardımın göndərilməsi əleyhinə olduqlarını bəyan ediblər. Avropa əhalisinin də bu məsələdə mövqeyi xeyli geriləyib. Belə ki, 2023-cü ilin dekabrında Avropa Komissiyası tərəfindən açıqlanan sorğunun nəticələri göstərir ki, Ukraynaya hərbi yardım göndərilməsinə Avropa əhalisinin dəstəyi 2022-ci ildəki nəticə (67%) ilə müqayisədə xeyli azalaraq 48% olub. Bütün bu detalların fonunda Fransa prezidenti Emmanuel Makronun Ukraynaya maddi və silah yardımı ilə yanaşı, NATO əsgərlərini göndərməklə də yardım edəcəklərini açıqlaması Avropa cəmiyyəti və siyasi sferasına bomba kimi düşdü. Təbii ki, yalnız Makron kimi səriştəsiz bir “lider”dən, NATO-nun müharibədə birbaşa iştirakının III Dünya müharibəsinin rəsmi elanı demək olmasını anlamayan bir şəxsdən belə bir açıqlama gələ bilərdi. Odur ki, bundan dərhal sonra aparıcı Avropa dövlətlərinin başçıları, o cümlədən Almaniya kansleri Olaf Şoltz bu açıqlamaya qarşı çıxaraq, Almaniyanın hərbi qüvvələrinin Ukraynaya göndərilməyəcəyini bəyan etməsi mühüm gediş idi. Qəribəsi isə odur ki, bir həftə öncə Ukraynaya NATO qüvvələrini göndərməyi bəyan edən Makron bu gün açıqlama verib deyir ki, “Fransa sülhsevər ölkədir və bizim Rusiya ilə müharibə aparmaq niyyətimiz yoxdur. Biz heç vaxt birinci addım atmayacağıq və təşəbbüsü üstümüzə götürməyəcəyik. Lakin biz rəsmi Moskvadan gələ biləcək eskalasiya təhlükələrinə hazır olmalıyıq. Əgər Rusiya qalib gəlsə, fransızların həyatı dəyişəcək və Avropada təhlükəsizlik artıq mövcud olmayacaq”. Göründüyü kimi, Makronun bu açıqlaması daha öncəki açıqlamanı təkzib edir”.

Ekspert xatırladıb ki, Makron daha öncə 3 dəfə Ukraynaya səfərini ləğv edib.

Şəhla Cəlizadə hesab edir ki, Fransa parlamentinin ölkəmizə qarşı sanksiya çağırışlarına fransız hökumətinin əməl etməyə cürəti çatmadığı kimi, prezidentlərinin də səriştəsiz açıqlamasının arxasında durmağa cürəti çatmadığı aydındır.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR