İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Ümumdünya Gülüş Günüdür

1616 01.04.2023 08:25 Yaşam A A

1 apreldə dünyaya gələn Aqil Abbas: “Məni ancaq “evin xozeyni" aldada bilir”

Bu gün - 1 aprel dünyanın bir çox ölkələrində beynəlxalq bayram kimi olmasa da, əyləncə, aldatmaq günü kimi qeyd olunur. Adətən insanlar 1 apreldə bir-biriləri ilə zarafatlaşır, təbəssüm yaratmağa çalışırlar. Bəzən bu günü “Gülüş günü”, bəzən də “Axmaqlar günü” adlandırırlar.

Ümumiyyətlə, 1 aprel haqqında müxtəlif versiyalar var. Onlardan biri də budur ki, qədim Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilib və bu bayram ağılsızların günü adlandırılıb. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb.

Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülüb və müxtəlif zarafatlar ediblər.

O da məlumdur ki, qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə - məhz aprelin 1-də “İtaətsizlik bayramı” keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını “söndürə bilərdilər”. Eyni zamanda səfehlər kralı və ya zarafatlar kralı təyin edər, şənlənər, lətifələr söyləyərdilər. “Səfehlər günü”ndə maska geyinmək qayda idi. Çünki belə etdikdə daha təhlükəsiz halda “xuliqanlıq etmək” mümkün idi.

1 aprel ümumdünya gülüş günüdür

Rusiyada gülüş gününün tarixinin I Pyotrun hakimiyyəti zamanına təsadüf etdiyi bildirilir. Həmin vaxt aprelin 1-də səhər Peterburqda əvvəllər yanğın təhlükəsindən xəbər verən həyəcan siqnalı çalınıb. Hamının yerindən dik atılmasına baxmayaraq, bu, zarafatyana tədbir idi...

Bununla yanaşı, 1 aprel dünyanın bəzi ölkələrində xoşbəxt olmayan gün də hesab olunur. Məsələn, əvvəllər Almaniya və Avstriyada hesab edilirdi ki, bu tarixdə anadan olan adamın həyatda bəxti gətirməyəcək. Səbəb isə budur ki, aprelin 1-də İsa Məsihi satan İuda anadan olub. Şeytanın göydən yerə endiyi gün kimi dəyərləndirilən həmin tarixdə kəndlərdə heç kəs işləmirmiş. Həm böyüklər, həm də uşaqlar bir-birilərini aldadaraq əslində yerinə yetirilməsi mümkünsüz olan tapşırıqların arxasınca göndərirlərmiş.

Lakin hazırda dünya əhalisinin 70 faizi 1 apreli gülüş günü kimi qeyd edir, dost-tanışla zarafatlaşır. Azərbaycanda da sovet dövründən başlayaraq 1 aprel günü zarafat, gülüş günü kimi qeyd edilir.

1 aprel tarixində anadan olan azərbaycanlı tanınmışlar az deyil. Onların arasında millət vəkilləri Aqil Abbas, Razi Nurullayev, şair Ənvər Əlibəyli, köşə yazarı Zamin Hacı, yazıçı-jurnalist Ayxan Ayvaz var. Əcnəbi məşhurlardan isə bəstəkar Serqey Rahmaninov 1 apreldə dünyaya gəlib.

Aprelin 1-də vəfat edən məşhurlar isə xanəndə Əhməd Ağdamski, şair Rəsul Rza, aktyor İsmayıl Dağıstanlı, yazıçı İsa Muğannadır.

Qeyd etdiyimiz kimi, aprelin 1-də dünyaya gələn məşhurlardan biri millət vəkili Aqil Abbasdır. Bu gün onun 70 illik yubileyidir.

1666780614_aqil-abbasjpg-1582379.jpg (31 KB)

Aqil Abbas

“Gülüş günündə sizi aldadan və yaxud aldatdığınız olubmu” sualımıza Aqil Abbas bu cür cavab verdi: “Aprelin 1-də məni heç kim aldada bilməz, çünki mən bu gündə dünyaya gəlmişəm. Bu son kitabımda da yazmışam, məni yalnız ”evin xozeyni" nəsə məni aldatmağa çalışanda, ona yaltaqlanmaq üçün özümü sadəlöhvcəsinə aldadılmış, o yalana inanmış kimi göstərirəm. Ümumiyyətlə isə belə bir zarafatım da var, deyirəm ki, onsuz da ilin 364 gününü yalan danışmışıq,  heç olmasa aprelin 1-də düz danışaq. Bildiyiniz kimi məşhur köşə yazarı Zamin Hacı da aprelin 1-də dünyaya gəlib. Bir dəfə ona zarafatla yazmışdım ki, aprelin 1-də daha mən doğulmuşam, 2-də Ehtiram Məmmədovun doğum günüdür, sən öz ad gününü aprelin 3-ü və ya 4-ü et".

Aqil Abbas 1 aprel günündə başına gələn maraqlı hadisədən də söz açıb: “Bir dəfə ”Azadlıq" qəzeti məndən müsahibə almışdı. Aprelin biri günü qəzetdə çıxan müsahibəmə mənim yerimə bilirsiniz kimin şəklini qoymuşdular? Edam olunan Rumıniya prezidentinin. İndi bilmirəm bu təsadüf idi, ya zarafat. Amma buna çox güldüm".

Xalidə GƏRAY,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR