İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Le Penin siyasi taleyi həll olunur

586 07.07.2026 13:45 Dünya A A

Fransada ifrat sağçı siyasətçi Marin Le Penin siyasi gələcəyini müəyyənləşdirəcək məhkəmə qərarı bu gün açıqlanacaq.

Musavat.com xəbər verir ki, Politico saytının yazdığına görə, Paris Apellyasiya Məhkəməsinin qərarı Le Penin 2027-ci il prezident seçkilərində iştirak edib-etməyəcəyini müəyyənləşdirə bilər.

57 yaşlı siyasətçi ötən il Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə təqsirli bilinmişdi. Məhkəmə onun parlament köməkçilərinin Avropa Parlamenti üçün deyil, rəhbərlik etdiyi Milli Birlik (Rassemblement National) Partiyası üçün çalışdığını müəyyən etmişdi. Nəticədə Le Penə 5 il müddətinə seçkilərdə iştirak qadağası qoyulub.

Əgər Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlasa, Le Pen ilk dəfə 2027-ci il prezident seçkilərindən kənarda qalacaq və uzun illər davam edən prezidentlik iddiası faktiki olaraq başa çatacaq.

Le Pen üç dəfə Fransa prezidentliyinə namizəd olub və son iki seçkidə ikinci tura yüksəlsə də, hər iki dəfə Emmanuel Makrona məğlub olub.

Politico qeyd edir ki, Le Pen seçkiyə buraxılmasa belə, bu, ifrat sağçıların hakimiyyət şanslarını mütləq zəiflətməyə bilər.

Partiyanın 30 yaşlı sədri Jordan Bardella artıq Le Penin əsas varisi kimi təqdim edilir. Son rəy sorğularında Bardella bəzi ssenarilərdə 37 faiz dəstək qazanaraq bütün rəqiblərini geridə qoyur. Le Pen üçün isə ən yüksək göstərici 32 faiz olub.

Bununla belə, nəşr vurğulayır ki, Bardellanın populyarlığına baxmayaraq, onun yaşı və dövlət idarəçiliyində təcrübəsinin olmaması Fransa kimi nüvə dövlətinə rəhbərlik edə biləcəyi ilə bağlı suallar yaradır.

Məhkəmə qərarının yerli vaxtla saat 13:30-da (Bakı vaxtı ilə 15:30) elan olunacağı gözlənilir. Le Pen hökm açıqlandıqdan sonra əvvəlcə partiyanın qərargahına gedərək Jordan Bardella ilə görüşəcək, daha sonra isə axşam ölkənin aparıcı televiziya kanallarından birində ilk açıqlamasını verəcək.

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu 18 aprel 2027-ci ildə, ikinci turu isə 2 may 2027-ci ildə keçiriləcək. Politico-nun qiymətləndirməsinə görə, məhkəmənin bugünkü qərarı həmin seçkilərin siyasi mənzərəsini kökündən dəyişə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR