İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Konstitutsiya Məhkəməsi İlham Əliyevin prezidentliyini təsdiq edəcək

450 13.02.2024 09:01 Gündəm A A

Dövlət başçısına seçkidəki qələbəsinə görə təbriklər gəlməkdə davam edir; inauqurasiya mərasiminin Qarabağda olacağı istisna deyil 

Fevralın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar prezident seçkisi ilə bağlı iclası keçirilib. MSK qərara alıb ki, prezident seçkisinin nəticələri barədə Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilərək seçkilərə yekun vurulsun. Həmçinin MSK Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar çıxarılıb. MSK Protokolunun dərci barədə də qərar qəbul edilib. 

Komissiyanın müəyyən etdiyi nəticələrə görə, İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Növbədənkənar prezident seçkisində seçici fəallığı 76,43 faiz olub. 

Seçki Məcəlləsinə uyğun olaraq, MSK səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkisinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim olunmasını təmin etməlidir. Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkisinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir. 

Bu gün fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkisinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək. Bu barədə  Konstitusiya Məhkəməsindən məlumat verilib. Bildirilib ki, iclas saat 11:00-a təyin edilib.

Konstitusiya Məhkəməsinin sabahkı iclasında növbədənkənar Prezident seçkisinin nəticələrini 8 hakim yoxlayacaq:

Fərhad Abdullayev (Konstitusiya Məhkəməsinin sədri);

Sona Salmanova (sədr müavini);

Humay Əfəndiyeva (hakim);

Rövşən İsmayılov (hakim);

Ceyhun Qaracayev (hakim);

Rafael Qvaladze (hakim);

İsa Nəcəfov (hakim);

Kamran Şəfiyev (hakim).

***

Prezident seçkisində qalib gəlmiş İlham Əliyevin ünvanına təbriklər davam edir.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı qələbə münasibətilə təbrik edib. İlham Əliyevi təbrik edənlər arasında Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud və Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah da var. Moskvanın və bütün Rusiyanın patriarxı Kirilldən, Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoydan, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən, Gürcüstan prezidenti Salome Zurabişvilidən  də Prezident İlham Əliyevə təbrik məktubu gəlib. 

İtaliya prezidenti Sercio Matarella da seçkilərdə inamlı qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib. 

***

Bəs prezidentin budəfəki andiçməsinə kimlər dəvət olunacaq? Siyahı varmı, tərtib olunacaqmı?

Ehtimala görə, Prezident İlham Əliyevin inauqurasiya mərasimi Qarabağda, Xankəndidə keçirilə bilər. Prezident və ailə üzvlərinin səsvermə üçün məhz Xankəndini seçməsi bu ehtimalı daha da qüvvətləndirir. 

İlham Əliyevin andiçmə mərasimi üçün xaricdən qonaqların dəvət edilib-edilməyəcəyi ilə bağlı Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq. XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirdi ki, bu barədə hər hansı məlumat yoxdur.

Vahid Əhmədovun cavabı gecikmədi

 Vahid Əhmədov

Milli Məclisin deputatı Vahid Əhmədov “Yeni Müsavat”a şərhində bildirdi ki, andiçmə mərasiminin həftənin son günlərində keçirilməsi istisna deyil. Deputatın fikrincə, inauqurasiya mərasimi Xankəndidə keçirilərsə, bunun xüsusi əhəmiyyəti olacaq: “30 il işğal altında olan Xankəndi artıq azaddır. Hər birimiz Prezident və ailəsinin Xakəndidə səsvermədə iştirak etdiyinin şahidi olduq. Hər kəs başa düşür ki, Qarabağ məsələsi tam həll olunub. Təbii ki, andiçmə mərasimi Xankəndidə olsa, təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetiriləcək. Sonuncu andiçmə Milli Məclisdə keçirilmişdi. Bu dəfə mərasim Milli Məclisdə, yaxud Xankəndidə ola bilər. Mərasimə kimlərin dəvət ediləcəyini Prezident müəyyən edir. Qonşu dövlətlərə dəvət göndəriləcəyi, o cümlədən səfirlərin əksəriyyətinin dəvət ediləcəyini ehtimal etmək olar, çünki cənab Prezidenti təbrik edənlər çox idi”.   

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin öncəki andiçmə mərasimi 2018-ci il aprelin 18-də Milli Məclisdə keçirilib. Andiçmə mərasimində Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak edib. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR