İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu dolğu və botokslardan istifadə etməyin, iflic və ya ölümə səbəb ola bilir" - Məşhur cərrahdan şok açıqlamalar

2212 03.09.2023 10:02 Səhiyyə A A

Bir neçə gün öncə azərbaycanlı model və bloger Leyla Mirzəliyeva plastik əməliyyatlar nəticəsində ağır fəsadlarla qarşılaşdığını deyib.  Model yaxın günlərdə ağır əməliyyat keçirəcəyini və bu əməliyyatdan sonra sağ qalma ehtimalının 10 faiz olduğunu açıqlayıb. Bədəninin çürüdüyünü deyən model  süni gelləri bədənindən çıxartmaq üçün 1 ayda 9 dəfə əməliyyat keçirdiyini də əlavə edib.

Dolğu və botokslar nə zaman təhlükəli ola bilir?

Qeyd edək ki, son illərdə ölkəmizdə tibb müəssisələrindən kənarda, gözəllik salonlarında dodaqların böyüdülməsi, qırışların açılması əməliyyatları həyata keçirilir. Səbəb isə qiymətlərin xeyli, hətta bir neçə dəfə ucuz olması ilə bağlıdır. Bu əməliyyatlara gedən insanlara isə sağlamlıqları ilə bağlı zəmanət verilmir. Nəticədə dolğu vurulan nahiyələrdə irinləşmə, çürümə baş verir, botoksdan isə sinirlər tamamilə iflic vəziyyətə düşür.

Mövzu ilə bağlı tanınmış estetik, plastik cərrah Elnur Mehrəli Musavat.com-a danışıb:

"Ümumiyyətlə, ölkəmizdə istifadə olunan dolğu və botoksların tərkibi heç də təmizlənmiş vəziyyətdə deyil. Yəni zavod istehsalı olan müxtəlif çeşidli dərman preparatları, dolğu və botokslar var ki, onların da tərkibi qiymətə görə dəyişir. Məsələn, bazarda eyni tərkibdə həm 1,5 manata həm də 10 manata seftriaksion satılır. Bəs bunlar bir-birindən nə ilə fərqlənir? Əlbəttə ki, tərkibinin təmizlənmiş və yaxud təmizlənməmiş xüsusiyyətlərinə görə. Eləcə də bu, dolğu və botokslara da aiddir. Yəni dünya brendi olan, tanınmış zavodların istehsal etdiyi dolğu və botokslar daha üstün, keyfiyyətli sayılır. Onların tərkibində məhz zərərli maddələr olmur və orqanizmə yad, kənar təsir göstərmir. Bu baxımdan biz onları təmizlənmiş və təmizlənməməmiş olduğuna görə ayırırıq.

Təmizlənməmiş variantlar dedikdə istehsalı zəif olan ölkələrdə aparılmış, tərkibində müxtəlif əlavə kənar, zərər verə biləcək elementlər ola bilən botoks və dolğular nəzərdə tutulur. Bu baxımdan ölkəmizdə qiyməti həddindən artıq ucuz olan, xüsusən də ara kosmetoloqlar tərəfindən çox geniş istifadə edilən bu cür preparatlara həddindən artıq çox rast gəlirik. Hansı ki, bir müddət sonra öz fəsadlarını, zərərli tərəflərini göstərirlər”.

WhatsApp Image 2023-09-03 at 13.38.42.jpeg (124 KB)

Cərrah qeyd edib ki, hətta sonrakı mərhələdə iltihablaşma, mikroblaşma, infeksiyalaşma, irinləyib abses əmələ gətirməsi, bunun bədəndə geniş yayılmasına gətirib çıxara bilir:

"Əgər bu, damar və ya sinirə yaxındırsa, birbaşa fəsad yarada bilir və bununla da öz zərərlərini bir az da genişləndirmiş olur.

Dolğuların tərkibi müxtəlif olur. Ən çox hialuron turşusu tərkibli təbii dolğulardır. Lakin uzunmüddətli, uzunömürlü qalıcılıq xüsusiyyətini daşıyan dolğuların tərkibində mütləq şəkildə sintetik tərkiblər olur. Çünki əgər sintetik tərkiblər olmazsa,  uzun müddətli qalıcı olmur. Sintetikliyin özünün hialuron turşusu ilə qarışdırılmış və həm də təmizlənmiş forması olması orqanizm üçün daha təhlükəsiz sayılır, nəinki təmizlənməmiş formalarda sintetik tərkiblərdə.

Məsələn, vaxtilə ölkəmizdə xanımlar süni gellərdən dodaqlarına, yanaqlarına çox istifadə ediblər və hazırda biz onların çıxarılması ilə məşğul oluruq. Bunlar çox ciddi fəsadlara səbəb olur, axıntılar baş verir. Məsələn, bəzən göz altına vurulmuş süni gel gəlib dodaq ətrafı, çənə nahiyəsinə qədər axıntı verə bilir ki, bu da gellərin yararsız olmasına dəlalət edir.

Əgər preparatın tərkibi təmizlənməmiş və düzgün olmayan nahiyələrə yeridilməsi halında ölümə səbəb ola bilər. Xüsusilə də dolğuların damar daxilinə düşüb-düşməməsi çox önəmlidir. Məhz ən çox həmin hallarda ağırlaşma, fəsadlaşma baş verə bilir".

Elnur Mehrəlinin sözlərinə görə hələ də İrandan ölkəmizə ucuz və zərərli botoksların gətirilməsi davam edir:

"Bir ara xüsusən də İrandan Azərbaycana çox miqdarda ucuz botoksların gətirilməsi böyük vüsət almışdı, hətta deyərdim ki, bu indi də davam edir, heç azalmayıb. Həmin botokslar çox saylı fəsadlar törədir. 

Botoksun verdiyi fəsadlar əsasən botulinum toksin adlanan zəhərli maddə ilə əlaqədardır,  hansı ki, botokslar ondan hazırlanır. Bu nə məqsəd daşıyır? Sinir impulslarını, əzələlərdə olan sinir ucluqlarını müvəqqəti iflic edilməklə həmin sahənin hərəkətsizləşməsinə səbəb olur. Məsələn, alında, göz ətrafında olan qırışları aradan qaldırmaq üçün vurulan botokslar o nahiyədə əzələ hərəkətsizliyinin sayəsində qırışları aradan qaldırmış olur.

Təbii ki, bu da ömürlük sayılmır, hər 6-7 aydan bir təkrarlanır və bununla da bir növ özünün qalıcılıq effektini saxlamış olur.

Botoksun zərərlərindən biri budur ki, o sinir ucluqlarını nəinki müvəqqəti, hətta daimi iflic edə bilər. Bu, yenə də onun tərkibinin nə dərəcədə təmiz, saf olması ilə bağlıdır.

Eyni zamanda botoksların zərəri, ziyanı onu hazırlayan mütəxəssislərin hazırlıq səviyyəsindən də asılıdır. Əgər dozası düzgün qaydada vurulmazsa, yəni  həddən artıq çox vurularsa, həmin nahiyələrin neykrozlaşmasına gətirib çıxara bilir, bu zaman dəri çürüməyə başlayır.

Digər hallarda isə vurulmuş botokslar göz qapaqlarında ptoza səbəb ola bilir. Ağız ətraflarında ağız bucaqlarının, dodaqları qaldırıb-salan əzələ qruplarının iflic olması nəticəsində bir tərəfli dodaq hərəkətinə gətirib çıxartmış olur. Daha ağırlaşmış formalarda isə sinirlərin daha uzunmüddətli ölümünə səbəb olur".

Cərrah qeyd edib ki, bütün bunların baş verməməsi üçün pasiyentlər ayıq olmalı, vurulan preparatların, botoks və dolğu materiallarının tərkibi ilə maraqlanmalı, sertifikat tələb etməlidir:

"Bununla da insanlar həm özlərini sığortalamış olur, həm orqanizmlərinə hər cürə yad təsirli preparatların yeridilməsindən xilas olmuş olurlar.

99 faiz hallarda müşahidə etdiyimiz budur ki, insanlar onların bədənlərinə nə yeridilib, hansı gel, botoks vurulması ilə bağlı maraqlanmırlar".

Cərrah hansı botoksların keyfiyyətli olmasından da söz açıb:

"Dünya miqyasında bizim də tövsiyə edib, istifadə etdiyimiz botokslar daha çox Amerikanın "allergan" tipli botokslardır. Çünki bunları bütün dünya qəbul edib, sertifikatlaşdırılıb və zərərlilik dərəcələri sıfırdır, tam təmizlənmiş sayılırlar.

Onu da qeyd edim ki, botokslar ölkəmizdə daha çox qırışların aradan qaldırılması üçün istifadə olnursa da, dünyada əsas müalicə üçün istifadə edilir. Məsələn, xüsusən də yay zamanında qoltuqaltı tərləmələri aradan qaldırmaq üçün qoltuqaltı botoksdan və yaxud az qida qəbul etmək üçün mədəbotoksundan istifadə olunur".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR