İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu avtoservisə Talıbov talibdir, verməlisən” – Naxçıvanda reyder əməliyyatı

8734 25.12.2022 11:21 Yazarlar A A

Vaxtilə jurnalistlər bir amerikalı milyarderdən soruşublar ki, varidatınızı qaynaqları, necə toplanması barədə müfəssəl deklarasiya təqdim edə bilərsinizmi. Milyarder səmimi adam olub, deyib ki, verə bilərəm, ilk milyondan başqa yerdə qalanını necə qazandığım barədə bəyannamə verərəm.

Bax, əsas məsələ budur: ilk milyonu necə qazanmaq. Dünya üzrə yüz minlərlə biznes strukturu göstərmək olar ki, onun mayası, yəni ilk 1 milyonu ağır və yüngül cinayətlər yolu ilə toplanıb.

Bu, özünü daha çox inkişaf etməkdə olan, formasiya dəyişdirən ölkələrdə göstərib. Regionumuzu götürsək, bir aralar Türkiyədə və Rusiyada böyük biznes strukturları yaratmaq, müxtəlif istehsal, xidmət, ticarət və iaşə müəssisələrini bir əldə cəmləşdirib holdinqlər qurmaq üçün hər yola əl atıblar. Həmin ölkələrdə çəkilmiş detektiv filmlərdə bu xətt qabarıq şəkildə canlandırılıb. Mexanizm belədir: sərəncamında adminstrativ resurslar və kriminal elementlər olan ambisiyalı və tamahkar vəzifəli şəxslər inkişaf etməkdə, babat pul qazanmaqda olan arxa-dayaqsız iş adamlarını (və ya onların ailə üzvlərini) həbs etdirir, girov götürür, müəssisələrini notarial qaydada bağışlama yolu ilə əllərindən alırlar. Hər iki ölkədə minlərlə belə hadisə olub. Rusiyada bu əməliyyatı “reyder”, Türkiyədə “üzərinə çökmə” adlandırırlar.

66643.jpg (30 KB)

Öz ölkəmizdə də belə hadisələr olub. Zərərçəkənlərin bəziləri başının, ailəsinin salamatlığı naminə dərdlərini heç kəsə bildirməyiblər, bildirmirlər, bəziləri “MTN generallarının işi”ndə ortaya çıxıb şikayətçi oldular, bəziləri də pis-yaxşı razı salındıqları, bisneslərinə əl qoyanlara “halallıq” verdikləri üçün şikayətçi olmadılar.

Heç demə, 27 il boyunca bir ailənin – Talıbov klanının sərəncamında olan, dövlət büdcəsindən ayrılan milyardların rahatlıqla mənimsənildiyi Naxçıvanda bu cür “çökmə əməliyyatları”nı daha qorxu-ürküsüz edirmişlər.

Talıbovun istefasından sonra bu xüsusda informasiyalar, şahid ifadələri, zərərçəkən iddiaları artmağa başlayıb.

Elə hadisələrdən biri də sahibkar Xəyal Hüseynovun başına gəlib.

321306851_875566566904184_5108825822176387695_n.jpg (79 KB)

Bu barədə əslən naxçıvanlı olan jurnalistlər sosial şəbəkədə və öz media qurumlarında yazırlar.
Yazılanlardan anlaşılır ki, Xəyal Hüseynov 2013-cü ildə böyük əziyyət hesabına Naxçıvanın Əliabad kəndi yaxınlığında bir avtoservis ərsəyə gətirib, 4 il yorulmadan, usanmadan çalışıb, çabalayıb, nəhayət, bu avtoservis Naxçıvanda məşhurlaşıb, gəlir gətirməyə başlayıb. Muxtar respublikada çox adam öz avtomobilini bu servisdə təmir etdirib. Ancaq 2017-ci ildə Vasif Talıbovun oğlu Seymur Talıbovun sürücüsü və mühafizəçisi Həsən Əhmədov onun servisinə gəlib və “xanzadə”nin mesajını çatdırıb, deyib ki, Seymur Talıbov bu avtoservisə talibdir, onun ixtiyarına verilməlidir.
Xəyal Hüseynovun başqa əlacı qalmayıb, ya azadlığını (bəlkə də həyatını) itirməliydi, ya da biznesini. O, ağıllı addım atıb, ikincidən vaz keçib. Tərəflər Naxçıvan şəhərindəki 1 saylı notariat kontorunda daşınmaz əmlakın bağışlanmasına dair müqavilə imzalayıblar. Avtoservis hədiyyə adı ilə “Nəqşi-cahan MED”-in balansına keçirilib.

Seymur-Talibov-710x403.jpg (41 KB)

Bəs o boyda müəssisəni X.Hüseynovun əlindən alanlar heç olmasa onun tikintisinə və avadanlıqlarına çəkilmiş xərci ödəyiblərmi? Belə anlaşılır ki, ödəməyiblər və adamı quru yurdda qoyublar. Bakıdakı bənzər əməliyyatlarda, heç olmasa, 1 milyonluq müəssisinin köhnə sahibinə 200 min “halallıq pulu” verirdilər, Naxçıvanda bunu da etməyiblər.

İddialara görə, bu muxtar respublikada baş verən analoji əməliyyatlardan yalnız biridir.

Anlaşılır ki, özlərini hüdudsuz səlahiyyət sahibi sayanların biznes təfəkkürü bundan ibarətdir: biri uğurlu biznes layihəsi həyata keçirsin, rentabelli müəssisə yaratsın, mənfəət qazanmağa başlayanda hüquq-mühafizə orqanlarındakı “qulbeçə”lərin köməyi ilə bisnesin üstünə çök, sahibkarın başına oyun aç, qorxudub əlindən al, sonra da de ki, mən rüşvət və korrupsiyadan uzaq adamam, uğurlu bisnesim var.

Yenə gəlib çıxırıq həmin o “ilk bir milyon” məsələsinə. Sadəcə, belə adamların tamahı o qədər iti olub ki, heç sonrakı milyonları da halal olmayıb, hamısının mayasında talama, oğurluq, quldurluqla ələ keçirmə olayları var.

İndi dövran dəyişib deyə, zərərçəkənlər bir-bir ortaya çıxıb itirdikləri varidatın haqq-hesabını tələb edirlər. Onlardan biri olan Razi Orucov əmlaklarının qaytarılması tələbi ilə müvafiq orqanlara müraciət etsə də, hələ ki S.Talıbovun sürücüsünə verdiklərinin hamısını geri ala bilmir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR