İnsanlara hürriyət, millətlərə istiqlal!

Brejnevlə Kosıginin keçirdiyi “Məşəl” əməliyyatı – uğursuz nüvə partlayışı minlərlə insana ziyan vurub...

1879 18.12.2022 17:37 Yaxın tarix A A

Sovet dövrünün yazılmamış qanunlarından biri də ittifaq miqyaslı hər hansı bir məsələnin müzakirəsində son və həlledici sözün Mərkəzi Komitə rəhbərləri tərəfindən diktə edilməsi olub. Hətta bəzi hallarda Siyasi Büro üzvləri konkret bir sahənin mütəxəssisləri ilə də razılaşmaq istəməyiblər...

Bu cür hadisələrdən biri də 1971-ci ildə baş verib. Nüvə mütəxəssislərinin etirazına baxmayaraq Siyasi Büro üzvləri “Məşəl” (Fakel) əməliyyatının keçirilməsinə qərar veriblər. Əməliyyat planını şəxsən baş katib Leonid Brejnev və SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin imzalayıblar. Məhz bu əməliyyat zamanı SSRİ-də ilk dəfə sənaye nüvə partlayışı həyata keçirilib.

Maraqlıdır, “Məşəl” əməliyyatının keçirilməsi hansı zərurətdən doğub?

0589.jpg (131 KB)

1970-ci ildə Ukraynanın Xarkov və Poltava vilayətlərində bir neçə il davam edən geoloji kəşfiyyatlar sona çatdıqdan sonra Mərkəzi Komitəyə və Nazirlər Sovetinə arayışlar təqdim olunub. Arayışlarda Xarkov vilayətinin Krestişe kəndi ərazisində təxminən 300-400 milyard kubmetr həcmində olan qaz yataqlarının aşkar edildiyi göstərilib. Mütəxəssislər onu da qeyd ediblər ki, bu yataq böyüklüyünə və həcminə görə Avropada beşinci yeri tutur.

Krestişedəki yataqların istismarı üçün Nazirlər Soveti xüsusi planhazırlayıb və Mərkəzi Komitəyə təqdim edib. Qısa müzakirələrdən sonra yataqların istismara hazırlanması üçün dövlət büdcəsindən vəsait ayrılıb.

Qısa zaman ərzində ərazidə bütün lazımi işlər görülüb, ilkin olaraq 17 qazma qurğusu quraşdırılıb. Amma çox keçməmiş ortaya çıxan problemlər qaz yataqlarının istismarını tam dayandırıb. Belə ki, buruqların birindən yataqlardakı qaz partlayışı nəticəsində ətraf mühitə 400 atmosfer təzyiqdə qaz kondensatının axını baş verib ki, bunun da nəticəsində ərazidə işləyən iki nəfər həlak olub. Növbəti partlayışların baş verməməsi üçün mütəxəssislər hündürlüyü 200-300 metrə çatan qaz axınını yandırmağa qərar veriblər. Bununla partlayışların qarşısı alınsa da, növbəti problem yaranıb. Nəhəng bir məşəli xatırladan qaz yanğını işlərin davam etdirilməsinə imkan verməyib. Digər bir tərəfdən yanğın Krestişe kəndinin sakinləri üçün böyük təhlükə yaradıb. Yanğının davam etdiyi təxminən bir ilə yaxın müddətdə ərazidə bütün heyvanlar və əkin sahələri məhv olub.

4000000B.jpg (93 KB)

Moskvada problemin aradan qaldırılması üçün müvafiq qurumlar çoxsaylı təkliflər irəli sürüblər. Bütün təkliflər Kremldə nəzərdən keçirilib. Nəhayət, qərara alınıb ki, yeraltı nüvə partlayışı ilə həm yanğını söndürmək olacaq, həm də qaz yataqlarında partlayış ehtimalı azalacaq. Bu qərarla bəzi alimlər razılaşsalar da, bəziləri, xüsusilə də nüvə üzrə mütəxəssislər razılaşmayıblar. Onlar bildiriblər ki, yeraltı nüvə partlayaşlarının fəsadları daha ağır olacaq. Buna baxmayaraq Mərkəzi Komitə öz qərarında qalıb.

Beləliklə də yeraltı nüvə partlayışlarının həyata keçirilməsi üçün “Məşəl” əməliyyatı hazırlanıb. Əməliyyat tam məxfi keçirilib. İlk növbədə yanğın ərazisi DTK və daxili qoşunların əməldaşları tərəfindən mühasirəyə götürülüb.

Əməliyyat Moskvadan olan mütəxəssislərə həvalə edilib. Onlardan əməliyyatın keçirilməsi haqqında 15 il ərzində heç bir kəsə, hətta ailə üzvlərinə məlumatın verilməməsi ilə bağlı iltizam alınıb. Ukraynalı mütəxəssislər isə ümumiyyətlə, əraziyə buraxılmayıb.

“Məşəl” əməliyyatı 9 iyul 1972-ci ildə keçirilib. Yanğın “qülləsi”nin ətrafında dərinliyi təxminən 3 min metrə çatan quyu qazılıb və ora sənaye nüvəsi buraxılıb. Səhər saat 10-radələrində nüvə partlayışı ətraf kəndlərdə zəlzələ effekti verib. Yerli sakinlər əvvəlcədən xəbərdar edilsə də, onlar nüvə partlayışının olacağından xəbərsiz olublar.

tushenie-620x413.jpg (96 KB)

Brejnevin və Kosıginin “Məşəl” əməliyyatı heç bir nəticə verməyib. Nüvə partlayışından sonra ətrafdakı quyudan daha hündür alov fəvvarəsi qalxıb. Nüvə partlayışı zamanı ətraf kəndlərə, xüsusilə Krestişe və Pervomaysk kəndlərinə daha çox ziyan dəyib. Kəndlərdə saxlanılan ev heyvanları tələf olub, əkin sahələrində məhsuldarlıq 80 faizə qədər azalıb, bir çox fərdi evlərin damları dağılıb. Sonrakı illərdə bu kənddə yaşayanlarda onkoloji xəstəliklər kəskin şəkildə çoxalıb.

Sonralar SSRİ-nin atom layihəsinin rəhbərlərindən biri, akademik Yuli Xariton həmin hadisələr haqqında fikirlərini aşağıdakı kimi bölüşüb:

“Qaz yataqlarında yanğının söndürülməsi və partlayaşların qarşısının alınması üçün yeraltı nüvə partlayışı həyata keçirmək yanlış bir addım idi. Söhbət nüvə partlayışından gedirsə, burada ilk növbədə insan faktorunu düşünmək lazımdır. Nüvə partlayışı keçirilən ərazinin yaxın ətrafında yaşayış məntəqələrinin, kəndlərin olması, həmin yerlərdə on minlərlə insanın yaşaması nəzər alınmadan bu işi görmək ən azı səriştəsizlik idi. Bu cür məsələlərdə mütəxəssisləri dinləmək lazımdır. Qaz yataqlarındakı yanğının və partlayışların qarşısını başqa yolla da almaq olardı. Amma nədənsə tələskənliyə yol verildi və sonda da heç bir nəticə olmadı. Nəticə o oldu ki, ətrafdakı kəndlərə ciddi ziyan dəydi, həmin kəndlərdə yaşayan insanların səhhətində isə ciddi problemlər yarandı...”

Beləliklə, SSRİ-nin iki baş kommunistinin, baş katibin və baş nazirin “Məşəl” əməliyyatı iflasa uğrayıb. Krestişe ətrafındakı yanğın və partlayış problemi isə yalnız bir ildən sonra fərqli üsulla aradan qaldırılıb. Nüvə partlayışından əziyyət çəkən yerli sakinlər isə dəfələrlə müraciət etmələrinə baxmayaraq “Məşəl” əməliyyatının müəlliflərindən, Brejnevdən və Kosıgindən yardım ala bilməyiblər.

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR