İnsanlara hürriyət, millətlərə istiqlal!

Brejnevin Kiyevdəki ov sərgüzəşti – Ustinov Çazovu konfransdan yarımçıq çıxartdırıb

3483 27.05.2022 15:45 Yaxın tarix A A

Sovet dövründə Mərkəzi Komitənin baş katiblərinin istər ölkədaxili, istərsə də xarici dövlətlərə səfərləri haqqında ictimaiyyətə rəsmi məlumat verilib. O cümlədən liderlərin məzuniyyətə çıxmaqları, hansı məkanlarda istirahət etmələri haqqında da ictimaiyyət məlumatlı olub.

Bu qəbul olunmuş qaydalara baxmayaraq, bəzi hallarda birincilər Moskvanı gizli şəkildə tərk ediblər. Bu cür məxfi səfərlərin əsasən iki səbəbi olub. Birincisi, siyasilər hansısa bir məsələnin həllini elə yerindəcə müzakirə etməyə üstünlük veriblər. Məsələn, 1961-ci ildə Kalininqrad vilayətinin bir qrup ziyalısı vilayətdə vəziyyətin acınacaqlı olmağı ilə bağlı Nikita Xruşova yazılı müraciət göndəriblər. Xruşov bu məktuba cavab olaraq bildirib ki, vilayətdə sosial iqtisadi problemlərin həll olunması üçün lazımi tədbirlər görüləcək.

Ancaq onun bu cavabı yalnız kağız üzərində qalıb. 1962-ci ildə Kalininqraddan Kremlə növbəti məktub göndərilib. Məktubda açıq şəkildə bildirilib ki, Moskvanın Kalininqrada laqeyd münasibəti nümayişlərə, mitinqlərə, tətillərə səbəb olacaq. Bu xəbərdarlıqdan sonra Xruşov Mərkəzi Komitənin Polşada rəsmi səfərdə olan katibi Leonid Brejnevə zəng edərək təcili Kalininqrad vilayətinə getməyi əmr edib.

leonid_brezhnev (1).jpg (95 KB)

Brejnevin bu səfəri tam məxfi saxlanılıb. O, Kalininqrad rəhbərləri ilə vilayət partiya komitəsində deyil, adi qonaq evlərinin birində görüşüb. Üç saatdan artıq davam edən gecə görüşündə Brejnev qısa müddətdə vilayətdəki problemlərin həll olunacağını vəd edib və həqiqətən də Moskvaya qayıtdıqdan sonra Kalininqradın sosial-iqtisadi inkişafı ilə bağlı hazırladığı proqramı gerçəkləşdirməyə nail olub.
Məxfi səfərlərin ikinci səbəbi isə birincilərin hobbilərindən yaranıb. Siyasi liderlər bir-iki günlük Kreml gərginliyindən qurtulmaq üçün ov və istirahət etmək məqsədilə hansısa məkana üz tutublar.

1979-cu ildə Brejnev yaxın dostluq münasibətində olduğu Ukrayna Kommunist Partiyasının birinci katibi Vladimir Şerbitskinin dəvəti ilə ictimaiyyətə rəsmi açıqlama olmadan Ukraynaya qeyri-rəsmi səfərə gedib. Amma bu istirahət səfərinin sonluğu heç də xoşluqla bitməyib.

20_volodymyrshcherbytskyileonidbrezhniev.jpg (130 KB)

Günorta saatlarında təyyarə ilə Kiyevə düşən Brejnev birbaşa Şerbitsikinin bağ evinə aparılıb. Kiçik söhbətdən sonra onlar ov etmək üçün təbiətə çıxıblar. Gecədən xeyli keçmiş bağa qayıdan dostların əhvallarında heç bir problem olmayıb və onlar həmin bağ evində ayrı-ayrı otaqlarda istirahət ediblər.
Səhərisi gün saat 10 radələrində Brejnevin səhhətində ciddi problemlər yaranıb. Şerbitski dərhal yerli həkimləri bağa çağırtdırıb. Bütün səylərə baxmayaraq, baş katibin sağlamlığında stabillik yaratmaq mümkün olmayıb. Brejnev Şerbitskiyə təcili Dmitri Ustinova (SSRİ-nin müdafiə naziri) zəng vurmağı tapşırıb və təkrar-təkrar bildirib ki, yalnız Ustinova, başqa heç kimə.

Şerbitski təcili Ustinova zəng vuraraq vəziyyət haqqında ona məlumat verib. Nazir vəziyyətin nə yerdə olduğunu anlayaraq ilk növbədə Kiyevə həkim briqadasının göndərilməsini vacib sayıb. Həmin ərəfədə isə Kremlin baş həkimi sayılan Səhiyyə Nazirliyinin 4-cü idarəsinin rəisi Yevgeni Çazov Almaniyada elmi konfransda olub.

evgeniy-chazov.jpg (74 KB)

Çazov sonralar öz xatirələrində həmin günü belə xatırlayıb:
“Mən adətən Brejevi bütün səfərlərdə müşayiət edirdim. Səfərlər haqqında əvvəlcədən mənə məlumat verilirdi. İşlərimi planlaşdırmaq üçün bu məlumatlar mənə vacib idi. Həmin ərəfədə baş katibin heç bir səfəri gözlənilmirdi. Mən isə Almaniyada elmi konfransda iştirak etməliydim. Olduqca mötəbər bir tədbir idi və mən əsas məruzəçilərdən biri idim. Konfransın ikinci günü çıxış etməliydim. Çıxışıma 15-20 dəqiqə qalmış konfrans keçirilən binanın inzibatçısı içəri daxil oldu, mənim zaldan çıxmağımı xahiş etdi. Nə baş verdiyini anlamırdım. Zaldan çıxdım, o mənə bildirdi təcili Moskvaya zəng vurmalıyam. Kimə zəng vurmağımı da söylədi. Mən elə həmin binadan Moskvaya, Ustunova zəng vurdum. Heç bir giriş, anlatma olmadan marşal həyəcanlı səslə göstərişini verdi:

- Hazırda harada olmağınızdan asılı olmayaraq təcili aeroporta yollanın, bizim təyyarəmiz sizi gözləyir.
Əlavə heç bir sual vermədən portfelimi yığışdırıb binanı tərk etdim. Qapının qarşısında bizim səfirliyimizin xidməti avtomibili gözləyirdi. Səfirin müşaviri qısa şəkildə məsələni mənə anlatdı. Mən xahiş etdim ki, əvvəlcə səfirliyə gedək. Moskvaya təkrar zəng vurmalıydım. Həkim briqadasına hazır olmağı tapşırmalıydım. Əlaqə yaratdım və sonra Ustinova yenidən zəng vurdum. Marşrutu dəqiqləşdirməli idim. Mənə bildirdi ki, birbaşa Kiyevə uçacağam. Belə olan halda həkim briqadasınn Kiyevə göndərilməsini ondan xahiş etdin. Marşal bir az əsəbi, bir az da səbrsiz bildirdi ki, təyyarə artıq onlar üçün də hazırdır.

5c3f165c370f2cbe638b45ae.jpg (78 KB)

Kiyevə çatdım. Moskvadakı həkim briqadası da baş katibin yanında idi. Vəziyyət heç də yüngül deyildi. Brejnev ov zamanı özünü fiziki gərginliyə çox salmışdı, bir az da içki məsələsi, bir az da yuxusuzluq onun ürəyini tam zərbə altında qoymuşdu. Belə vəziyyətdə onu tərpətmək olmazdı. Bütün lazımi tədbirləri həyata keçirtdik, vəziyyət nisbətən öz qaydasına düşdü. Amma üç gün Kiyevdə qalası olduq. Həmin günlər ərzində Brejnevin bir naçə xarici ölkənin nümayəndə heyətləri ilə görüşləri də var idi. Baş katib bu görüşlərin heç birində iştirak edə bilmədi. Onun yerinə nümayəndə heyəti ilə Suslov və Kirilenko görüşürdü. Bütün bu görüşlər isə axşamlar “Vremya” proqramında göstərilirdi. Artıq Moskvada söz-söhbət dolaşırdı ki, Brenev vəfat edib...”

Brejenv Moskvaya qayıtdıqdan sonra Kremldə kosmonavtlarla görüş keçirilib. Rəsmi hissədən sonrakı ziyafətdə baş katib əlində qədəh kosmonavtların şərəfinə tost söyləyib. Bu kadrları isə televiziyada daha çox işıqlandırıblar. Yəni, Brejnev sağdır, gümrahdır, hətta qədəh qaldırmaq gücündədir...

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR