Deyir, boşanmaların 70 faizinin təşəbbüskarı qadınlardır. Bunu başqası desə, sözünü qəribçiliyə salardıq, amma bu sözləri, necə deyərlər, işin içində olan xanım, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova deyib.
İndi bu sözlər, qələmə verildiyi kimi, cəmiyyətdə geniş rezonans, detonasiya, zəlzələ və sair tərpənişlər doğursa da, doğurmasa da, belədir. Görünür, Taliyə xanımın əlinin altında hansısa statistik göstəricilər var, yoxsa belə publisistik söhbət eləməzdi.
Bu günlərdə bir simsar adam məhkəmədə hakim işləyən və əksər vaxt boşanma işlərinə baxan bir xanımın sözlərindən sitat gətirir, deyirdi ki, tələbə yoldaşı olan hakim xanım bu günlərdə ona belə deyib: “5-6 gün qabaq bir gənc cütlüyü boşamalı oldum. 2 il əvvəl evləniblər, amma israrla boşanmaq istəyirdilər. Başqa variant qalmamışdı. Ürəyim ağrıya-ağrıya onların boşandığını elan edəndə oğlan sakit dayandı, qızın atası ağladı, qızın özü və anası isə qərarı çəpik çalıb alqışladılar. Şoka düşdüm”.
Bu, nə deməkdir? Bu o deməkdir ki, qız da, anası da azadlıq əldə etdiklərini düşünürlər, qız atası isə daha sonra nələr olacağını aşağı-yuxarı təxmin edir.
Yaşlı adamlar deyirlər ki, onların vaxtında belə şey olmayıb. Qız nədir, öz təşəbbüsü ilə boşanması nədir, hələ o da ola boşanmağı alqışlaması.
Düzdür, keçmiş zamanlarda da boşanmalar olub, ancaq həm çox ciddi səbəblərdən, həm də nadir hallarda. Keçmişdə evli cütlüklər adətən uşaq üstə boşanırmışlar. Yəni bir neçə il evli cütlüyün övladı olmayanda nəslin ağsaqqal və ağbirçəkləri düşünürmüş ki, 2000-ci ilə qədər dünya əhalisinin 7 milyarda çatması işinə töhfə verə bilməyəcəklər, təcili tədbirlər görmək lazımdır.
Belə olanda “sonsuz gəlin”i boşayırmışlar, o da ağlaya-ağlaya, taleyini qarğaya-qarğaya qayıdırmış, qaynanasının təbirincə desək, “dədəsinin xarabasına”. Bəzi hallarda isə maraqlı hadisə baş verirmiş: boşatdırılmış gəlin 2-3 ildən sonra ərə gedib övlad-uşaq sahibi olurmuş, onuı boşayan oğlan isə, ikinci dəfə evlənsə də, qısır-qısır qalırmış ortada.
Ancaq müasir tibb bu problemi xeyli dərəcədə həll edib. İndi övlad sahibi olmamaq üstündə boşanma söhbəti minimuma enib. İndiki vaxtın dərdi ayrıdır. İndi daha çox cütlüklərin “xasiyyətləri uyğun gəlmir”.
Əslində isə bu xasiyyət daktiloskopiya məsələsi kimi bir şeydir – necə ki dünyada barmaqlarının izləri bir-birinə uyğun gələn iki adam yoxdur, eləcə də xasiyyətləri tam uyğun olan iki adam, xüsusilə də qarşı cinslərdən olan fərdlər yoxdur.
Xasiyyətə qalsa, gərək Yer üzündəki cütlüklərin 70 faizi boşansın. Yerdə qalan 30 faiz isə xasiyyətləri uyğun gəlsə də, gəlməsə də, yola verməyi bacaran insanlardır, birtəhər keçinib gedəcəklər, ya da gedib keçinəcəklər.
Çətindir. Gerçəkdən də çox çətindir. Xüsusilə də indiki zamanda. Müasir dövrün qadınları saçlarını süpürgə edəsi deyillər, uşaqlardan ötrü qırıla-qırıla qalmayacaqlar, təhsili, işi, perspektivi varsa, “içən, çəkən, gəzən, uşaqlara baxmayan kişi”nin nazıyla oynamayacaqlar... və gedib məhkəmədə hakimin kədərli sifətlə oxuduğu qərardadı alqışlayacaqlar.
Ona görə də boşanma statistikası il-ildən xoşagəlməz xarakter alır və get-gedə daha çox, xüsusilə də ağıllı gənclər fikirləşir ki, 2-3 ildən sonra yolları məhkəməyə düşəcəksə, bəri başdan heç camaatı şadlıq sarayına yığmasınlar. El arasında bunun adına “sonalamaq” və ya “heç kəsi bəyənməmək” deyirlər, amma burada bir məsuliyyət məsələsi var. Adam öz qanacaq-qabiliyyətini bilir.
Dövran dəyişib. Hesabınızı qız qaçırıb evlənənlərdən götürün. Keçmişdə qızqaçırma hadisələri olardı və pis-yaxşı ailə qurulardı. İndi qız qaçıranları “adam oğurluğu” ittihamı ilə basırlar, gedir. Ən düzü də budur. İki könül bir deyilsə, nəinki samanlıq seyran olacaq, hətta villa da qamış çovustan kimi bir şeyə dönəcək.
Bir də bir qism boşanan var, onlar tamam başqa kateqoriyadır. Son illərin trendidir. Ayrılır, müstəqil olur, öz həyatlarını yaşayırlar: lüks evlər tutur, lüks maşın sürür, yayda yay, qışda qış kurortuna gedirlər.
Amma bütün bunlar nəyin hesabına olur, nəyin müqabilində başa gəlir, ta orası dilə gətiriləsi söhbət deyil. Bilən bilir, söhbət nədən gedir, bilməyən də qoy eləcə saf, məsum qalsın.