İnsanlara hürriyət, millətlərə istiqlal!

Boris Conson Putinə məğlub olacağı tarixi verdi: O, Rusiyanı nüvə zərbəsi ilə hədələdi

7609 24.04.2022 18:40 Analitika A A

Rusiyanın nüvə faktoruna olan bütün ümidlərini yenə də Böyük Britaniya baş naziri Boris Conson Kremlin əlindən aldı; "Putin diktaturası və rus imperializmi mütləq dəfn ediləcək" deyən Böyük Britaniya baş nazirinin qətiyyətli xəbərdarlığından sonra Kreml bütün addımlarını mütləq Rusiyanın qarşılaşacağı cavab reaksiyası ilə müqayisə etmək məcburiyyətindədir...

Ukrayna savaşı uzanır və anlaşılan odur ki, yaxın aylarda sona çatmayacaq. Bu savaşı Rusiya başlatmışdı, ancaq müharibənin gedişi və mümkün nəticələri Kremlin nəzarətindən kənardır. Yəni, Ukrayna savaşı ilə bağlı bütün proseslər Rusiyanın nəzarətindən çıxarılıb. Və indi Rusiya bu savaşda sadəcə, məcburi iştirakçı tərəfə çevrilib.

Rusiya savaşa başlayarkən, qələbə günü ilə bağlı da hazırlıqlara başlamışdı. Ancaq indi məlum olur ki, Rusiyanın həmin hazırlıqları artıq heç nəyə yaramır. Çünki, Kremlin planlaşdırdığı qələbə hələ çox uzaqdır. Hətta elə ola bilər ki, Rusiya bu savaşdan qələbə deyil, məhz məğlubiyyət ilə çıxsın. Və Kreml çarəsizcəsinə "uydurma qələbələr" elan etsə də, son vaxtlar bu ehtimal daha çox inandırıcı görünür.

Savaşın ilk həftələrində rəsmi Kiyev sülh danışıqlarına daha çox can atırdı. Ancaq indi vəziyyət tam tərsinə dəyişib. Çünki artıq sülh danışıqları ilə bağlı bəyanatlar Rusiya siyasi dairələrindən səsləndirilir. Nə qədər qəribə də olsa, savaşı başladan Kreml ABŞ və Qərbi Ukraynanı sülh danışıqlarından uzaqlaşdırmaqda suçlayır. Və müəyyən mənada, bu məsələdə haqlı görünür.

6df16bd395986d702344a84c3794b42a.jpg (184 KB)

Ancaq ABŞ və Qərbin Ukraynanı sülh danışıqlarından uzaqlaşdırması sadəcə, siyasi təlqinlər hesabına baş vermir. ABŞ və Qərb hazırda Ukraynanın hərbi texnika və silah-sursatla təmin edilməsini gücləndirib. Ukrayna savaş meydanında Rusiya ilə hərbi tarazlığı bərpa etməyə nail olub. Ona görə də, artıq rəsmi Kiyev bundan sonra sülh danışıqlarına Rusiya qədər həvəsli deyil. Yəni, rəsmi Kiyev Rusiyanı savaş meydanında məğlub edə biləcəyinə inanmağa başlayıb.

Maraqlıdır ki, indi Kreml güzəştlərdən danışarkən, Rusiyanın geri çəkiləcək tərəf olmayacağını vurğulayır. Bu isə Kremlin siyasi-psixoloji üstünlüyü artıq əldən vermək üzrə olduğunu göstərir. Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi Mariya Zaxarova bildirib ki, Rusiya Qərbin və Ukraynanın qarşısında geri çəkilməyəcək. Onun fikrincə, rəsmi Kiyev Rusiyanın maraqlarına qarşı olmayan anlaşma zəmini axtarmalıdır.

Halbuki, rəsmi Kiyevin son vaxtlar belə axtarışda olduğunu iddia etmək olduqca çətindir. Əksinə, Ukrayna prezidenti Volodimir Zelenski rəsmi Kiyevin Rusiya ilə danışıqları ümumiyyətlə, dayandıra biləcəyini bəyan edib. Belə anlaşılır ki, prezident Volodimir Zelenski Ukraynanın savaş zəfərinin mümkünlüyünü hiss etməyə başlayıb. Və qələbə variantı uğrunda mübarizəni sınaqdan çıxartmaq niyyətindədir: "Rusiyaya güvənmək mümkün deyil. Bir söz verirlər, ancaq onun əksinə hərəkət edirlər".

Ukraynaya göstərilən hərbi yardımların genişləndiyi bir şəraitdə bu, o qədər də təəccüblü deyil. Avropa Birliyi ağır hücum silahlarının satın alınaraq, Ukraynaya ödənişsiz verilməsi barədə qərar qəbul edib. Kanada Ukraynaya ağır artilleriya qurğuları göndərib. ABŞ və Böyük Britaniya isə tezliklə Ukraynanın savaş meydanında Rusiya qarşısında tam üstünlük qazanması üçün strateji hücum silahlarının tədarükünə başlayıb.

7e4ccf20b83ec7a50a88dc32cb0d0fc1.jpg (107 KB)

Onu da qeyd etmək lazımdır ki, Rusiya əleyhinə beynəlxalq koalisiyanın avanqard dövlətləri rolunda da məhz ABŞ və Böyük Britaniya çıxış edir. ABŞ bütün mümkün vasitələrlə Ukraynaya hər tərəfli yardım göstərir. Eyni zamanda, Ağ Ev müxtəlif təzyiq metodları ilə Avropa Birliyi ölkələrini də Ukraynaya dəstək verməyə yönəldir. Halbuki, bu işdə şəxsən prezident Co Baydenin xüsusi planlar qurmaq qabiliyyətində olduğunu iddia etmək də olduqca çətindir.

Çünki, xüsusilə də, son vaxtlar prezident Co Bayden bunu bacara biləcək durumdan uzaq olduğunu dəfələrlə geniş ictimaiyyət qarşısında göstərib. Hər halda, hər dəfə rabitəsiz çıxışını yekunlaşdırdıqdan sonra qarşısındakı "boşluğun əlini sıxan" Ağ Ev sahibinin strateji planlar üzərində işləyə biləcəyinə yalnız sadəlövhlər inana bilər. Böyük ehtimalla hazırda onu hələlik yaxın ətrafı mümkün qədər idarə etməyə çalışır.

Bu baxımdan, Rusiya əleyhinə beynəlxalq koalisiyanın real lideri rolunda ABŞ prezidenti Co Baydendən daha çox Böyük Britaniyanın baş naziri Boris Çonsanun çıxış etdiyini düşünmək olar. Çünki, baş nazir Boris Conson həm Rusiyanın hərbi aqressiyasını dəqiq ittihamlarla hədəfə alır, həm də Kremli daha ağır vəziyyətə sala biləcək planlı addımlar atır. Onun bir müddət öncə Kiyevə səfər edib, Rusiyanın raket hədəfində olan Ukrayna paytaxtında sərbəst şəkildə, heç nədən çəkinmədən gəzintiyə çıxması Kremlə açıq-aşkar meydan oxuması kimi də qəbul edilə bilər. Böyük Britaniya baş nazirinin bu davranışı Rusiya ordusunun Ukrayna paytaxtına girməsinə heç vaxt imkan verilməyəcəyinin açıq mesajı idi.

6251d588e772d6251d588e772e16495302486251d588e772b6251d588e772c.jpg (62 KB)

Eyni zamanda, bəzən heç kimin gözləmədiyi səviyyədə açıq danışan baş nazir Boris Consonun Ukrayna savaşı ilə bağlı açıqlamaları da olduqca qeyri-adi məzmun daşıyır. Onun fikrincə, Rusiyanın Ukraynaya qarşı apardığı müharibəsində gözlənilməz durum yaranıb. B.Conson hesab edir ki, hətta Kreml qalib gələ təqdirdə belə, Rusiya qələbəni hiss etməkdən çox uzaq olacaq: "Rusiyada siyasi vəziyyət çox ağırdır. Çünki, Kreml Ukraynaya hücum etməklə ciddi səhvə yol verdi”.

Maraqlıdır ki, Böyük Britaniya lideri Ukrayna savaşının sona çata biləcəyi ilə bağlı da təxminlərini gizlətməyir. O, hesab edir ki, Rusiyanın böyük ordusu var, ona görə də müharibə 2023-cü ilin sonuna qədər davam edə bilər. Diqqət etdikdə, ingilis baş nazirin seçdiyi ifadələrin arxasında müəyyən şifrələrin gizlənə biləcəyini də düşünmək olar. Belə ki, baş nazir B.Conson Rusiyanın güclü ordusu deyil, məhz böyük ordusu olduğunu vurğulayır.

Yəni, o, Rusiyanın məğlub ediləcəyindən əmindir. Sadəcə, Rusiyanın böyük ordusu olduğundan onun məğlub edilməsi üçün vaxt lazımdır və bu proses 2023-cü ilin sona qədər davam edə bilər. Əgər, bir ingilis siyasətçi, xüsusilə də, Böyük Britaniya baş naziri gələcəyə yönəlik nəsə deyirsə, deməli, bu barədə kifayət qədər məlumata malikdir. Və bu baxımdan, Böyük Britaniya baş nazirinin Ukrayna savaşının sona çatacağı tarixi elə indidən açıqladığını da düşünmək olar.

zadd.jpg (292 KB)

Əslində, Rusiyanın Ukrayna savaşından qalibiyyətlə çıxmasının hər ötən gün daha da çətinləşdiyini Kremldə də almağa başlayıblar. Hər halda, müdafiə naziri Sergey Şoyqunun Mariupolun alınması ilə bağlı "uydurma raport"una qulaq asarkən, sevinməli olan prezident Vladimir Putinin üzündəki məyusluq ifadəsi də bunu təsdiqləyir. İndi Rusiyanın Ukrayna savaşında qalıb gəlmək üçün əlində nüvə faktorundan başqa heç nə qalmayıb.

Rusiyanın nüvə faktoruna olan ümidlərini isə yenə də Böyük Britaniya baş naziri Boris Conson Kremlin əlindən aldı. Baş nazir Boris Conson Böyük Britaniyanın da nüvə silahına sahib olduğunu Kremlə xatırladıb. O, bildirib ki, əgər prezident V.Putin nüvə düyməsinə basacaqsa, Böyük Britaniya da dərhal nüvə silahı ilə reaksiya verəcək: "Rusiya daha heç kimi təhdid edə bilməz. Biz hər şeyə hazırıq. Putin diktaturası və rus imperalizmi mütləq dəfn ediləcək. Rusiya kütləvi qırğın silahlarından istifadə edərsə, Böyük Britaniya müharibəyə qoşulacaq. Hətta bunun üçün müttəfiqlərimiz ilə belə, məsləhətləşməyə ehtiyac qalmayacaq”.

Göründüyü kimi, Böyük Britaniya baş naziri Boris Conson olduqca cəsarətli mövqe tutmaqla, diqqəti çəkir. Deməli, Kreml bundan sonra atacağı bütün addımları, Rusiyanın qarşılaşacağı cavab reaksiyası ilə müqayisə etmək məcburiyyətindədir. Əks halda, Rusiya daha dağıdıcı zərbə ilə qarşılaşa bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR