İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinkenlə telefon danışığında iki mühüm məqam

1690 22.06.2024 10:48 Siyasət A A

Prezident İlham Əliyev ABŞ dövlət katibinə Ermənistan konstitusiyasının dəyişdirilməsi və Minsk Qrupunun ləğvi zəruriliyini diqqətə çatdırıb

İyunun 20-də ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı əsnasında Entoni Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək ABŞ-ın iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib. Dövlət katibi ABŞ-ın Azərbaycan ilə ikitərəfli əlaqələrə verdiyi əhəmiyyəti qeyd edərək iqlim dəyişikliyi və enerji sahəsində birgə məqsədlərə nail olmaq yolunda ölkələrimiz arasındakı konstruktiv əməkdaşlığı vurğulayıb. Antoni Blinken ölkəsinin Azərbaycan ilə yenilənmiş və daha möhkəm ikitərəfli əlaqələri dəstəklədiyini deyib. Onu da əlavə edib ki, ABŞ Azərbaycanda keçiriləcək COP29-un uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcək.

Prezident İlham Əliyev regionda sülhün təmin edildiyini, sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərin və onun mətninin təşəbbüskarının Azərbaycan tərəfi olduğunu qeyd edərək ikitərəfli əsasda normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması səylərinin davam etdirildiyini vurğulayıb. ABŞ-ın sülh gündəliyinə töhfə vermək əzmini yüksək qiymətləndirən dövlətimizin başçısı Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması baxımından vacibliyini qeyd edib.

Prezident İlham Əliyev artıq keçmişin qalığı olan münaqişə səhifəsinin tamamilə bağlanması üçün qeyri-funksional olan ATƏT-in Minsk Qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çoxdan yetişdiyini əlavə edib.

Prezident İlham Əliyev enerji sahəsində ölkələrimiz arasında çoxillik uğurlu əməkdaşlığa toxunub, iqlim dəyişikliyi və COP29-a hazırlıq prosesi çərçivəsində ölkələrimizin nümayəndə heyətləri arasında səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib və COP29-un uğurla nəticələnməsi üçün ABŞ-ın dəstək niyyətinə görə təşəkkür edib. Dövlətimizin başçısı Azərbaycanın da ABŞ ilə əlaqələrə əhəmiyyət verdiyini və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılmasını dəstəklədiyini bildirib.

Telefon danışığı əsnasında ölkələrimiz arasında ali səviyyədə məktub mübadilələri, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərindən məmnunluq ifadə edilib, həmçinin insan hüquqları və demokratiya, ölkələrin daxili qanunlarının aliliyinə hörmət kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, bu yaxınlarda Azərbaycan Prezidenti bəyan edib ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilmədən Bakı sülh müqaviləsi imzalamayacaq: “Ermənistanın hazırkı Konstitusiyası dəyişməz qalarsa, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması sadəcə mümkün deyil”. Paşinyanın son açıqlamalarından isə  belə başa düşülür ki, Ermənistan Konstitusiyasında dəyişiklik etmək niyyətində deyil və  bu da İrəvanın yenidən sülh sazişini uzatmaq niyyəti kimi qiymətləndirilir. Dövlət başçısı Blinkenlə telefon söhbətində də məhz bu məsələni xüsusi vurğulayıb,  Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması baxımından vacibliyini qeyd edib. Ermənistana rəhbərlik edənlər isə hələ də dərk etmir ki, konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları varsa, bu iki ölkə ilə heç bir halda sülh müqaviləsi və normal əlaqələri ola bilməz.

Minsk Qrupunun ləğvinə gəlincə, yada salaq ki, Prezident İlham Əliyev son olaraq Türkdilli Ölkələrin Parlament Assambleyasının üzvləri ilə görüşündə  bildirib ki, Ermənistan tərəfi Minsk Qrupunun buraxılması təklifi ilə ATƏT-ə birgə müraciət etməyə dəvət olunub: “Buna ehtiyac yoxdur, hazırda fəaliyyət göstərmir. Biz faktiki olaraq onun fəaliyyət göstərməsinə imkan verməyəcəyik. De-yure məsələsinə gəlincə, hüquqi baxımdan o, ləğv edilməlidir və bu, Ermənistanın nə qədər səmimi olduğunu göstərəcək. Əgər Ermənistan Minsk Qrupunu qoruyub saxlamaq istəsə, onda onların bizə qarşı ərazi iddiaları davam edəcək”. 

Uzun müddətdir heç bir fəaliyyət göstərməyən qurumun ləğvi əslində hər iki ölkəyə də lazımdır. Zatən Azərbaycan bu yararsız qurumun fəaliyyətinə icazə vermir. Ermənistanın hökumət dairələrinin nümayəndələri isə  hesab edir ki,  Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra Minsk Qrupu buraxıla bilər. 

Azərbaycan rəhbəri dəfələrlə vurğulayıb ki, Cənubi Qafqazda davamlı sülhün yaranması üçün ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya bilər. 

Son bir həftədə ABŞ rəsmilərinin İrəvana səfərlərinin intensivləşməsi fonunda dövlət katibinin Bakıya zəngi Vaşinqtonun regionda balanslı siyasət apardığının da göstəricisi sayıla bilər...

Orxan ƏLİYEV, 
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR