İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizim ajiotajların körükçüləri - Bir də müftəxor əcnəbi həmkarların lüksü

1222 02.08.2022 07:35 Yazarlar A A

Jurnalistlərlə bağlı mövzuların, xüsusilə də mənfi səciyyəli söz-söhbətlərin vaxtaşırı, hətta ardıcıl olaraq qabarması boşuna deyil. Bunun bir körükçüsü başlarına gələn hər şeyi və gördükləri “nikü-bədi eyləyib izhar”yazan jurnalistlər özləridirsə, digəri və daha güclü körükçüsü ictimai-siyasi fəallardır.

Bu siyasiləşmiş təbəqəyə daxil olan yüzlərlə, bəlkə də minlərlə fəalın jurnalistləri görən gözü yoxdur və öz siyasi uğursuzluqlarının əsas səbəbkarı kimi jurnalistləri görürlər. Onların fikrincə, jurnalistlər onlara dəstək versələr, “haqqın yanında dursalar”, “iqtidara işləməsələr”, “əqidəli və prinsipial olsalar”, “kişi kimi mübarizə aparsalar”, o zaman ölkədə siyasi dəyişikliklərə nail olmaq olar.

Ancaq ölkə jurnalistləri bunu etmirlər, üstəlik, hakimiyyətdən ev, medal, mükafat alırlar, nazirliklərin dəvəti ilə səfərə gedirlər, bu səbəbdən də onlar ictimai-siyasi fəalların gözündə “düşmənin dostu” statusundadırlar.

Açığı budur, jurnalistlər ictimai-siyasi arenada “sevilməyən övlad” durumuna buna görə düşüblər. Fəallar və ilişməyə adam axtaranlar onları “zəif bənd” hesab edir, hər fürsətdə sancır, aşağılayır, “iqtidarın mirzəsi”, “köləsi” adlandırır, başlarına bir xoşagəlməz iş gələndə (hansısa məmur hansısa jurnalisti təhqir edəndə, bir nazirlik jurnalistlərə qarşı sayğısızlıq göstərəndə və s.), dərhal jurnalistləri nəzərdə tutaraq, “onlara bu da azdır” deyə statuslar yazırlar, rişxənd, istehza, lağlağı hədəfinə çevirirlər. Jurnalistlərin binasında yanğın olanda sevincək status yazanlar, bu nahiyədə zəlzələ olmasını arzu edənlər də olub. Əgər sabah hansısa səfərə çıxarkən bir dəstə jurnalist qəzaya düşsə, bəziləri qol götürüb oynayacaqlar.

Baxırsan ki, bu siyasi fəalların, demək olar ki, hamısının dostluğunda yüzlərlə jurnalist var. Adam mat qalır ki, əgər onlar bu peşənin sahiblərinə bu qədər nifrət edirlərsə, nədən onlarla virtual olsa da “dostluq” edirlər. İmtina etmək olmazmı? Belə məlum olur ki, olmaz. Jurnalistlər nə qədər nifrət edilən kəsim olsalar da, bir gün kara gələ bilərlər.

Bir də tez-tez dünya praktikasına istinad edən, Avropa ölkələrindən misal çəkən, “orada jurnalistlər elədir, belədir, “cəmiyyətin gözətçi köpəyidir”-filan yazanlar, avropalı jurnalistləri ideallaşdıranlar var. Əsas qənaət belədir ki, Avropada jurnalistlər dövlət qurumlarının dəvəti ilə səfərlərdə, ziyafətlərdə, nə bilim, təntənəli tədbirlərdə iştirak etmirlər və öz obyektivliklərini, reputasiyalarını daima qoruyurlar.

Bu məlumat onlarda haradandır, bilmirəm, amma kökündən yanlış qənaətdir. Avropada jurnalistlər dəvət olunduqları bir təntənəli məclisdən, yaxud banketli tədbirdən qalmırlar, hamısında da bal kimi iştirak edirlər.

İndiyədək xarici ölkələrdə 15 dəfədən artıq beynəlxalq tədbirlərdə iştirak etmişəm və bunu orada gördüklərimə əsasən deyirəm. Həmin tədbirlər dəvət edən dövlətlərin və onlarda fəaliyyət göstərən fondların hesabına olurdu. Elə tədbir olub ki, ona dünyanın 100-ə yaxın ölkəsindən jurnalist dəvət ediblər. Hamısı da çamadanlarını qablayıb gəlmişdi və heç bir ziyafəti buraxmır, verilən hədiyyələri də (çanta, qulaqcıq, poverbank və s. aksesuarlar) həvəslə qəbul edirdilər.

Təkcə keçən ilin sentyabrında dəvət olunduğum, Daşkənd və Xivə şəhərlərində keçirilən mədəniyyət forumunda Avrasiya materikinin əksər ölklərindən 400-dən artıq qonaq dəvət olunmuşdu, bunun 70-ə yaxını jurnalist idi. Fransız, ingilis, alman, macar, holland, alban jurnalistlər özbək aşpazların hazırladığı delikateslərdən bol-bol yeyir, məşhur “Yalla” qrupunun, Fərrux Zakirovun möhtəşəm ifasına qulaq asa-asa şotland viskisindən Çili şərabına qədər ən bahalı içkiləri sifariş edirdilər. Alban həmkarımız hətta lüks açıq hava restoranında təşkilatçıların hesabına sulu qəlyan da sifariş etdi və sona qədər ləzzətlə sümürdü.

Əsas qayə bu idi ki, dəvət ediblərsə, ölkə basa-basa bura gəlmişiksə, qoy zəhmət çəkib nazımızı çəksinlər, komfortumuza diqqət etsinlər. Bəli, o tərifli əcnəbi jurnalistlər 5 ulduzlu oteldə bir həftə boyunca dünyanın zövq-səfasını daddılar və gedəndə özlərini elə apardılar ki, sanki belə də olmalıymış. Arasında bir-iki nəfər təşkilatçılara bu qonaqpərvərlikdən məmnun qaldığını bildirərək təşəkkür etdi, qalanları özlərini o yerə qoymadılar.

Əgər onlar belə prinsipial, əqidəli, peşələrini müqəddəs sayan jurnalistlər idisə, o zaman Özbəkistana gəlməzdilər və bu komfortli səyahətdən, lüks ziyafətlərdən imtina edərdilər. Amma onlar bu fürsəti əldən verməmişdilər. Həqiqət budur.

Deyilə bilər ki, o jurnalistlər xaricə çıxanda elə edirlər, amma öz ölkələrinin nazirliklərinin dəvətlərinə etinasız yanaşırlar. Ağıl kəsən söhbət deyil. Peşə kodeksinə riayət ölkədən-ölkəyə fərqlənməz.

Ona görə də bu kimi söhbətləri şişirdib ehkama çevirmək, başqalarını idealizə edərkən, özümüzünküləri aşağılamaq lazım deyil. Bu sözləri daha bərkdən deyən jurnalistlər tanıyıram, xarici dövlətlərin və beynəlxalq təşkilatların, fondların hesabına bütün Avropa ölkələrini bir dövrə gəziblər, bəzi ölkələrdə isə azı 5 dəfə olublar, amma bir qəpikləri də çıxmayıb, hətta əksinə, hər səfərlərində pul, hədiyyə əldə ediblər.

Bəlkə də elə ona görədir ki, onlar səfərə tez-tez dəvət edildikləri ölkələrə toz qondurmurlar – hətta onlar haqsız mövqe tutanda da. İndi bu, obyektiv jurnalistlik olur?

Uzun sözün kəsəsi, bu ölkənin əsas problemi orda-burda jurnalistlərin başına gələn hadisələr deyil. Heç jurnalistlərin peşə fəaliyyətinin də ölkənin problemlərinin yaranmasında elə bir rolu yoxdur, bəzi hallarda varsa da, bu, sıfırın üzərindədir. Ona görə də “günah keçisi” başqa yerdə axtarılsa, yaxşıdır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR