İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir insan həyatı: onu intihara tətikləyənlərdən olmayaq...

925 19.07.2022 18:51 Gündəm A A

Jurnalistika intiharın xəbərini yaymaqdansa, problemi qabartmalıdır...

Belə bir məsəl var ki, günü necə başlasan, elə də davam edər. Psixoloqlar da deyirlər ki, pozitiv düşüncədə olan insanlar digərlərinə də pozitiv enerji ötürür və beləcə, ətrafda xoş aura yaranır.

Bu gün hər kəsin cibində mobil telefon olduğunu, əksəriyyətin informasiyanı sosial şəbəkə və saytlardan aldığını nəzərə alarsaq, demək, medianın üzərinə yuxarıda qeyd etdiyimiz mövzuda ciddi yük düşür.

Mətbuatda yayımlanan “qara xəbərlər”in oxucuların psixologiyasına mənfi təsir etdiyi artıq mütəxəssislər tərəfindən də sübuta yetirilib.

Söhbət intihar, özünəqəsd mövzulu xəbərlərdən gedir. Bu gün sosial şəbəkələrdə başlığında “intihar” sözü olan məlumatlara qadağa qoyulur. Hətta intihar, ölüm xəbərlərini yayan böyük səhifələr bağlanıb, yaxud da yayımı bir müddətlik dayandırılmaqla ciddi xəbərdarlıq alıblar.

Без названия (1).jpg (66 KB)

Deməli, dünyada da sübut olunub ki, bu cür xəbərlər cəmiyyətə, insanların psixologiyasına mənfi təsir edir. İP xatirinə yazılan xəbərlər kimlərinsə intiharla bağlı düşüncələrinə təkan olur və beləliklə, bir insan həyatının bitməsində hansısa xəbər (jurnalist) tətikləyici funksiya yerinə yetirir. Yəqin ki, bunu heç kim istəməz.

Elə qanunlarımızda da bu cür xəbərlərlə bağlı konkret müddəalar yer alır. Azərbaycan Jurnalistlərinin Peşə davranış Qaydalarının 3.11 bəndində birbaşa intiharla bağlı informasiya paylaşan jurnalistin necə davranacağı göstərilib: "...intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməli".

KİV haqqında Qanunun 11-ci maddəsinin 4-cü bəndi də yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol vermir.

Dünyada indiyədək insanların hər hansı bir mahnıdan, əsərdən təsirlənərək kütləvi intihar etmələri halı az olmayıb.

Bu mövzuda ən yayğın nümunə alman yazıçısı Hötenin "Gənc Verterin iztirabları" kitabıdır. Baş obraz olan Verter əsərin sonunda intihar edir. Bu kitab çıxdıqdan sonra ölkədə intiharların sayında nəzərə çarpacaq artım müşahidə olunub. Ona görə də psixologiyada bu cür intihar hallarına “Verter fenomeni” deyilir. Eyni vəziyyət Türkiyədə "Bu akşam ölürüm" mahnısından sonra da yaranıb.

Mahnının klipində müğənninin gitaranı atıb intihar etməsi, intiharların sayının artmasına gətirib çıxarıb. Qeyd etdiyimiz kimi, bu cür nümunələr çoxdur.

İndi daha klipə baxan, kitab oxuyan bir o qədər də çox deyil. Onların da yerini saytlar, sosial şəbəkə tutub. Deməli, artıq xəbər yazanların, yayanların üzərinə ikiqat məsuliyyət düşüb.

Bəs jurnalistikanın bu mövzuda işi nə olmalıdır?

Jurnalistikanın işi bir intihar hadisəsinin necə baş verməsindən çox, onun hansı səbəbdən yaranması, vəziyyətin necə bu hala gəlməsini yazmaq, problemi qabartmaq və həllinə çalışmaqdan ibarət olmalıdır.

Əflatun Amaşov onlayn mediaya pul ayrılmasını təklif etdi

Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov da öz müəllif yazısında qeydlər edib. Əflatun Amaşov bildirib: “Ola bilər ki, intihar hansısa vəzifəli şəxsin səlahiyyətlərindən sui-istifadəsinin məntiqi sonluğu kimi meydana çıxsın. Yaxud da intihar faktının araşdırılması cəmiyyətin tamamilə yanlış yönləndirildiyi reallığını ortaya qoysun. Media bütün bunlara öncədən diqqət yetirilməli və vurğu da intiharın özü yox, həmin motivin üzərinə qoyulmalıdır. Yəni jurnalistikanın işi bu olmalıdır. Bizdə isə məsələyə tam fərqli münasibət göstərilir. Əvvəl intiharın özü mümkün qədər səs-küylü boyalarla təqdim olunur, sonra daha çox telekanalların timsalında hadisəyə guya ictimailik gətirilir. Əslində isə tam əksər hallara məişət müstəvisindəki olay cəmiyyətə ictimai mahiyyət daşıyan məsələ kimi sırıdılır. Nəticə etibarilə özünə qəsd bir növ təbliğ olunur, ona maraq oyadılır, elə təəssürat yaranır ki, insanın düşdüyü çətin durumdan xilasının yeganə yolu elə odur. Belə çıxır ki, media intiharların sayının artmasına çalışır?”

Dünyada gizlədilən intihar statistikası

Bəziləri düşünə bilər ki, Avropada, Amerikada intihar hadisələri baş vermir.

Əlbəttə ki, baş verir, sadəcə, bu xəbərlər əksər hallarda tirajlanmır.

Dünyanın ən inkişaf etmiş ölkəsi sayılan İsveçrədə yaşayan həmyerlimiz, yazıçı Əli Əkbər bu mövzuda bir açıqlamasında qeyd edib ki, elə İsveçrənin özündə intihar edənlərə qarşı fərqli münasibət göstərilir:

“İntihar edənlərin statistikası haqda ictimaiyyətə məlumat verilmir. Ölkə mediası da baş vermiş intihar, qəza və cinayət hadisələrini tirajlamır. Nadir kriminal hadisə olar ki, mətbuatda işıqlandırılır.

Əli Əkbər bildirir ki, İsveçrədə dövlətlə media əlbir işləyir: “Burada senzuradan söhbət getmir. Olsa-olsa, bu, daxili senzuradır.
İsveçrəlilərin qanını qaraltmamaq üçün, psixikasını pozmamaq üçün, ölkənin imicini qorumaq üçün gizlədirlər. Pis xəbərlərin mətbuata çıxışına senzura tətbiq edirlər. İsveçrə dağlıq ölkədir. Xeyli maşın uçurumdan aşır. Sükan arxasında tanınmış cənab, yaxud xanım deyilsə, bu, xəbər mövzusu olmur. Azərbaycanda da bu tip xəbərləri 90 faiz azaltsalar, insanların psixikası düzələr”.

Sübut olunub ki, insanın yaşı nə qədər aşağı olarsa,o qədər tez təsirə düşür. 40-50 yaş arası insanlar belə xəbərlərdən daha az təsirlənir, amma 10, 15, 20 yaşlılar bu cür informasiyaların təsirinə məruz qalır.

Bu gün uşaqlar və gənclər həyatı sosial mediadan öyrənir. Medianı yaxından izləyən gənclərin əksəriyyəti orada məşhur olan insanların verdiyi mesajlara daha çox əhəmiyyət verirlər.

O zaman uşaqlarımızı, onların simasında isə gələcəyimizi qorumaq üçün diqqətli olaq...

Əli Rais,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR