İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir göz qırpımında... – 50 il əvvəl 35 nəfərin ölümünə səbəb olan təyyarə taranının təfərrüatı

4109 16.11.2022 14:06 Yaxın tarix A A

Sovet dövründə kütləvi insan ölümü ilə nəticələnən yanğınlar, texnogen qəzalar, o cümlədən təyyarə, qatar qəzaları və bu kimi hadisələr maksimum dərəsədə ictimaiyyətdən gizli saxlanılıb. Belə hadisələrlə bağlı mətbuat da susub. Ən yaxşı halda qəzetlər bir-iki cümlə ilə kifayətlənib: “... hadisənin səbəbi araşdırılır, xüsusi komissiya yaradılıb, əlavə məlumat veriləcək...”

Hadisə ilə bağlı “əlavə məlumat”lar isə illər sonra, SSRİ-nin süqutundan sonra üzə çıxıb.

16 may 1972-ci ildə 35 nəfərin faciəli şəkildə ölümü ilə nəticələnən hadisə haqqında da ictimaiyyətə ətraflı məlumat verilməyib. Əksinə, həmin gün hadisənin baş verdiyi Kalininqrad vilayətinin Svetloqorsk şəhərinə elektrik qatarlarının hərəkəti dayandırılıb, avtomobil yollarında hərəkət məhdudlaşdırılıb...

263831_original (1).jpg (111 KB)

Həmin ilin may ayının 13-də Baltik donanmasının hərbi hava qüvvələrinin komandanı general-polkovnik Sergey Qulyayev tərəfindən “An-24T” təyyarəsinin radiotexniki qurğularının uçuş zamanı işləməsini yoxlamaq üçün sınaq uçuşu təsdiq edilib. Sınaq uçuşu mayın 16-a planlaşdırılıb. Plana əsasən Xrabrovo aerodromundan qalxan təyyarənin sınaq uçuşu Baltik dənizinin üzərində həyata keçirilməsi nəzərdə tutulub.

Mayın 16-da “An-24T” aerodromdan qalxaraq Baltik dənizinin üzərinə istiqamət alıb. 15 dəqiqədən sonra təyyarə əvvəlcədən nəzərdə tutulmuş marşrut xəttindən çıxıb və cəmi 50-60 metr hündürlükdən uçaraq Svetloqorsk şəhərinə tərəf istiqamət alıb. Əslində, sınaq uçuşunun 500 metr hündürlükdə keçirilməsi nəzərdə tutulub. Amma sonrakı versiyalara görə, hava dumanlı olduğundan pilot təyyarəni aşağı hündürlükdə idarə etməyə məcbur olub. Hətta elə vəziyyət yaranıb ki, pilot təyyarəni yerdən 30-40 metr hündürlükdə idarə edib və bu zaman təyyarənin qanadı ağaca ilişərək zədələnib. Məhz bu zədələnmədən sonra pilot idarəetməni itirib, “An-24T” zərblə Svetloqorskda ikimərtəbəli uşaq bağçasının binasına çırpılıb. Hadisə saat 12.34-də baş verib. Həmin vaxt gəzintidən yenicə qayıdan uşaqlar günorta yeməyinə hazırlaşıblar.

1530699530193227540.jpg (147 KB)

Qəza nəticəsində 35 nəfər, 2-6 yaş arasında 24 uşaq, bağçanın 3 tərbiyəçisi, təyyarənin 6 nəfər heyət üzvü və təyyarədə olan iki mütəxəssis zabit həlak olub.

Qəza baş verdikdən dərhal sonra Svetloqorsk şəhər rəhbərliyi hadisə ilə bağlı Kalininqrad vilayət partiya komitəsinin birinci katibi Nikolay Konovalova məlumat veriblər. Konovolov isə öz növbəsində Moskvaya, Mərkəzi Komitəyə məruzə edib. Onu əvvəlcə Mixail Suslovla calaşdırıblar. Ən kiçik məsələlərə belə ehtiyatla yanaşan Suslov Konovalova bildirib ki, baş katibin, Leonid Brejnevin göstərişini gözləmək lazımdır. Nəhayət, nahar fasiləsindən sonra Brejnev Konovalovla telefonla danışaraq göstərişlərini verib:
- Ərazini qapalı saxlayın. Mətbuata hələ heç bir informasiya verməyin. Qəzanın fəsadlarını aradan qaldırmaq üçün təcili tədbirlər görün. Mən müdafiə nazirinə göstəriş verəcəm ki, hərbi hissədən kömək göndərsinlər...

1530699700166359995.jpg (184 KB)

Artıq axşam saat 21 radələrində hadisənin baş verdiyi yerdən binanın dağıntıları, təyyarənin hissələri və meyitlər çıxarılıb. Ərazi şumlanaraq hasara alınıb. Səhərisi gün isə uşaq bağçasının yerində ağac və güllər əkilib. Həlak olanların ailələrindən hadisə ilə bağlı kiməsə məlumat verilməməsi haqqında iltizam alınıb. Mayın 18-də həlak olanlar dəfn edilib. Ətraf rayon və qəsəbələrdən dəfn mərasiminə heç kim buraxılmayıb. Yerli sakinlərdən isə təxminən 10 min nəfər dəfndə iştirak edib.

Qəza zamanı uşaq bağçasında olanlardan iki nəfər sağ qalıb, tərbiyəçi Valentina Şabaşova və aşbaz Tamara Yankovskaya. Sonralar Valentina Şabaşova hadisəni belə xatırlayıb:
“Hər şey bir göz qırpımında baş verdi. Biz nahar fasiləsinə hazırlaşırdıq. Uşaqlar artıq yeməkxanaya yığışmışdılar. Hamı yerində idi, bir uşaqdan başqa. Mən həmin uşağın həyətdə qaldığını zənn edib çölə çıxdım. Elə bu anda təyyarə bağça binasının üstünə çırpıldı. Yadımda qalan təkcə odur ki, təyyarənin binaya çırpılması ilə ikinci mərtəbə yoxa çıxdı. Sonrasını xatırlamıram. Yaralanmışdım, huşumu itirmişdim. Məni xəstəxanaya aparmışdılar. Uzun müddət, bir neçə ay müalicə olundum. Bu faciəli hadisə hər gün gözlərimin önündən keçir...”

1530699913117814680.jpg (225 KB)

Baş vermiş hadisə ilə bağlı xüsusi komissiya yaradılıb. Həm komissiyanın rəyində, həm də mətbuatda hadisənin səbəbi kimi “hava şəraiti” göstərilib.

Bəzi versiyalara görə, təyyarənin pilotları sərxoş olublar. Hətta bu haqda hadisənin səhərisi günü, mayın 17-də “Amerikanın səsi” informasiya yayıb. Kremldə körpələrin ölümündən daha çox, mətbuatın bu informasiyasına təəssüfləniblər. Brejnev müdafiə naziri Andrey Qreçkoya təkrar araşdırma aparmağı göstəriş verib:

- Belə getsə qərb mətbuatı bu hadisəni terror adlandıracaq. Bir daha araşdırma aparın.

Andrey Qreçko bu göstərişdən sonra Baltik donanmasına gedib. Donanmanın hərbi hava qüvvələrində ciddi yoxlamalar başlanıb. 40 nəfər zabit tutduqları vəzifədən azad edilib. General-polkovnik Sergey Qulyayevə isə şiddətli töhmət verilib.

1530699636124153463.jpg (219 KB)

 

Faciəli hadisənin təfərrüatları haqqında 1990-cı ilə qədər mətbuatda heç bir yazı dərc edilməyib. Çox-çox sonralar, 1994-cü ildə “Komsomolskaya pravda” qəzeti Svetloqorsk faciəsi ilə bağlı silsilə yazılar təqdim edib. Məhz bu yazılardan sonra hadisənin baş verdiyi ərazidə xatirə kompleksi yaradılıb.

İlham Cəmiloğlu, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR