İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir cənub ölkəsində...

1980 05.11.2022 10:35 Yazarlar A A

Rusiya nəşrləri İranla Səudiyyə Ərəbistanı arasında baş verə biləcək müharibədən yazır. Hətta Səudiyyənin belə bir perspektivi öz müttəfiqi ABŞ-ın nəzərinə çatdırdığı da bildirilir.

Oxucu deyə bilər ki, hazırda İran öz hayındadır – ikinci aydır ki, daxildə siyasi etirazlar səngimək bilmir.
Bir qədər təəccüblü səslənsə də, Səudiyyə və ya başqa bir ölkə ilə gərginlik İrana məhz indi lazımdır. Birincisi, Tehran Ər-Riyadı özünün daxili işlərinə qarışmaqda, daxildəki siyasi etirazların arxasında dayanmaqda ittiham edir.

Amma bu məsələnin hələ hamısı deyil. Səudiyyə ilə İran rejimi arasındakı rəqabət on illərdir ki, davam edir.

Bunun bir səbəbi müsəlman dünyasında liderlik uğrundakı bəlli çəkişmədir, digər səbəbisə odur ki, Səudiyyə Ərəbistanı ABŞ-ın bölgədə yaxın müttəfiqi hesab olunur.

İkincisi, hazırkı vəziyyətdə Səudiyyə Ərəbistanı ilə ixtilaf İranda diqqətləri ölkənin iç problemlərindən yayındırmağa kömək edə bilər və hakimiyyət qüvvələrinə daxildəki etirazçılarla daha sərt davranmaq üçün şərait yaradardı...

O ki qaldı ABŞ-a, bir tərəfdən Tehran-Ər-Riyad münaqişəsi ABŞ-a çox sərf edərdi, obrazlı şəkildə desək, onun əlinə oynamaq demək olardı.

Amma burada da bəzi nüanslar var. Birincisi, Donald Tramp dövründən fərqli olaraq indi ABŞ ilə Səudiyyə arasında soyuqluq yaşanır – daha analitiklər nəinki “ərəb NATO-su”ndan yazmır, hətta Ər-Riyadı OPEK-də ABŞ-ın əleyhinə siyasət aparmaqda suçlayırlar. Bəli, bu yaxınlarda Ər-Riyad neftin və qazın hasilatını artırmaq haqqında Vaşinqtonun xahişini nəzərə almadı. Amma birinci dəfə deyil ki, belə hallar baş verir – müttəfiqlər bu gün soyuq davranar, sabah yenə də isti münasibətlərdə bulunarlar...
Üçüncüsü, adamda bəzən belə təəssürat yaranır ki, Vaşinqton Tehran rejiminin çökməsində maraqlı deyil. Biz bunun səbəbləri haqqında çox yazmışıq və burada təkrara ehtiyac yoxdur. Türkiyə ilə ziddiyyətli və ara-sıra hətta gərginləşən münasibətlər göstərir ki, ABŞ-ın maraqları heç də müsəlman dünyasında mütərəqqi rejimlərin bərqərar olmasını lüzum bilmir.

Hər halda, bu, bir ehtimaldır. Bütün hallarda siyasi analitiklər burada “fars və yaxud da İran baharı” haqda yazmağa, İranda C.Sorosun izlərini axtarmağa tələsmirlər. Amma dünən ABŞ prezidenti Cozef Bayden çoxmənalı bir bəyanatla çıxış etdi: “Biz İranı azad edəcəyik”. Ola bilsin, bu, o deməkdir ki, C.Bayden anlayır ki, İranda proseslər elə bir səviyyəyə çatıb ki, onlara müdaxilə etməmək, bu proseslərə dəstək verməmək çox böyük səhv olardı.

Düzdür, belə bir fikir də var ki, prezident Baydenin bəyanatı İran rejiminin repressiya aparatının bir az da güclənməsinə səbəb olacaq. Ancaq ABŞ çox böyük dövlətdir. O, nəyi nə vaxt və necə deməyi çox yaxşı bilir.

Bütün bunları deməyə adamı daha bir detal da vadar edir. Bu da İrandakı etirazların xaotikliyidir. İki aya yaxın vaxt keçib. Bu müddətdə bir neçə yüksək çinli ruhani etirazçılara dəstək verib. Amma buna rəğmən hələ də proseslərin arxasında hansısa müxalifət liderləri, siyasi təşkilatlar görünmür, onlar daha çox spontan şəkildə davam edir.

Daha bir maraqlı detalsa budur ki, Azərbaycanın proseslərə münasibətində böyük dəyişiklik hiss olunur. Ölkə telekanallarındakı siyasi verilişlərdə İrandakı etirazçılarla mənəvi birlik cəhdləri açıq-aydın sezilməyə başlayıb. Başqa cür ola da bilməzdi. Axı nə qədər demək olar ki, Azərbaycanın İrana qarşı hər hansı məkrli planı yoxdur! Nə qədər başa salmaq olar ki, Bakı öz ərazisindən heç vaxt Tehrana qarşı istifadə etməyə imkan verməz!..

Bəli, Bakı bu cür açıqlamalarla çıxış edir, Tehransa Ermənistanda konsulluq açır və bu da azmış kimi, burada Azərbaycan əleyhinə çox sərt bəyanatlar da səsləndirir.

Ona görə də artıq Bakının səbr kasası daşır, nəinki peşəkar siyasətçiyə və diplomata, hətta adi adama da aydındır ki, Tehran qarşısında qardaşlıq andı içməyin heç bir mənası yoxdur. Onlar bu illər ərzində Bakının xoş məramını və niyyətini başa düşmədilər və güman, bundan sonra da başa düşməyəcək və anlamayacaqlar.

Bu baxımdan düşünürük ki, Azərbaycan prezidentinin Ərəb Ölkələri Liqasının Əlcəzairdə baş tutan sammitinə qatılması təsadüfi deyildi. Bizə elə gəlir ki, bu, Fransaya da bir işarə oldu, çünki II Qarabağ savaşından sonra özünə yer tapmayan və daim suyu bulandırmağa cəhd edən ölkələrdən biri də Fransadır. Paris uzaqdır, amma Tehran bizə bütün mənalarda yaxındır. Elə ona görə də rəsmi Tehran nə vaxtsa səhv etdiyini başa düşəcək, amma onda gec olacaq...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR