İnsanlara hürriyət, millətlərə istiqlal!

Biometrik autentifikasiya fonunda elektron imzaların perspektivləri: pandemiya inkişafı sürətləndirən amil kimi   FOTO

1059 12.03.2022 21:37 Texnologiya A A

Artıq bir neçə ildir ki, dünyada, o cümlədən ölkəmizdə rəqəmsal transformasiya prosesi gedir. Bu prosesin ən böyük özünəməxsusluğu xidmətlərin rəqəmsallaşmasıdır. “COVID-19” virusunun yayılması, pandemiya vəziyyəti rəqəmsal transformasiyanı daha da aktual etdi və son iki ildə rəqəmsal xidmətlərin, eləcə də bu xidmətlərdən istifadə edənlərin sayı əhəmiyyətli dərəcədə artdı.

Rəqəmsal xidmətlərin artması onlardan istifadə edənlərin şəxsiyyətinin müəyyən olunması istiqamətində də hərəkətlənməyə səbəb oldu. Əlbəttə ki, internet üzərindən xidmət alan və xidmət göstərən arasında münasibətləri tənzimləmək üçün xidmət alanın şəxsiyyətini müəyyən etmək önəmlidir və məlum olduğu kimi, bunun üçün elektron imza həlli mövcuddur. Araşdırmalar göstərir ki, hazırda dünya üzrə elektron imzadan istifadə edən müəssisələrin təxminən 65%-i məhsulu son iki ildə əldə edib. “PEW Research” araşdırma mərkəzinin açıqladığı məlumata görə, 2020-ci ilin dekabr ayında amerikalıların 71%-dən çoxu evlərindən işləyirdi. Bu tendensiya nəticəsində evdən işləyən işçilərin iş prosesini genişləndirmək məqsədilə rəqəmsal imza həlləri istifadəsi daha da artmış və pandemiya dövründə elektron imza bazarının böyüməsinə kömək etmişdi. ABŞ-ın proqram təminatı istehsalçısı olan “Adobe”in yaydığı açıqlamaya görə, bu şirkətin rəqəmsal imza həllində satışları 2019-2020-ci illərdə 53%-dən çox artıb. Bütün bu rəqəmlər onu göstərir ki, son iki il elektron imza bazarının tərəqqi dövrü olub.

2021-ci ildə elektron imzadan istifadə edən təşkilatların sayı 50%, fərdi istifadəçilərin sayı isə 13% artıb (AirSlate, 2021). Bu, ciddi artımdır və elektron imza bazarının sürətlə böyüyəcəyindən xəbər verir. “P&S Intelligence” mərkəzinin araşdırmaları da məhz bu yöndədir. Mərkəzin 2021-ci ildə çap etdiyi hesabata görə, qlobal elektron imza bazarının 2021-2030-cu illər ərzində illik artım tempi 26,6% olacaq. Bu faiz göstəricisini rəqəmlə ifadə etsək, deyə bilərik ki, 2030-cu ilədək qlobal elektron imza bazarının dəyəri təxminən 13 milyard (12,721,4 milyon) dollara çatacaq.

İnkişaf proqnozları sahəyə olan tələbat və mövcud tendensiyaların sərmayəçilərin diqqətini cəlb etməsinə əsasən formalaşıb. Son iki ildə dünyanın bir çox ölkəsində elektron imza infrastrukturunun formalaşdırılması, mövcud infrastrukturların gücləndirilməsi, eləcə də imzanın təbliği istiqamətində önəmli işlər görülür. Bu işlərə misal olaraq elektron imza infrastrukturlarının yaradılması, inkişafı üçün yatırılan sərmayələri, tətbiq olunan yeni texnologiyaları və əlbəttə ki, yeni yanaşmaları göstərə bilərik. Bu məqamda məşhur “TD Ameritrade” analitik araşdırmalar mərkəzinin investisiya məsləhətçiləri arasında keçirdiyi sorğu diqqət çəkir. Sorğuda iştirak edən investisiya məsləhətçilərinin 23%-i hesab edir ki, ümumilikdə biznesin, dünya iqtisadiyyatının böyüməsinə kömək etmək üçün elektron imzaya sərmayə qoymaq lazımdır.

Sual oluna bilər ki, elektron imzanı bu qədər aktual edən, onun əhəmiyyətini bu qədər yüksəldən amil nədir? Cavab birmənalıdır: rəqəmsal transformasiyanın tələbləri. Təkrarçılığa yol vermədən rəqəmsal transformasiyanı xarakterizə edən əsas amili – məsafədən xidməti xatırlamaq kifayətdir. Məsafədən xidmət, yəni rəqəmsal xidmətlər bir çox halda xidmət alanın şəxsiyyətinin müəyyən olunmasını tələb edir. Elektron imza ilə bağlı məsələ məhz bu anda aktuallaşır. Hazırda həmin situasiyada xidmət alanın şəxsiyyətinin müəyyənləşdirilməsi üçün elektron imzadan mükəmməl həll mövcud deyil. Bir sıra araşdırmalar və sadaladığımız proqnozlar göstərir ki, yaxın on ildə də ən mükəmməl həll elektron imza olacaq. Bu baxımdan deyə bilərik ki, elektron imza infrastrukturlarının gücləndirilməsi, ümumilikdə bu sahəyə yeni yanaşma çox vacibdir. Hesab etmək olar ki, rəqəmsal iqtisadiyyatın formalaşdırılması və biznesin inkişafı birbaşa və dolayı yollarla ölkələrin elektron imza infrastrukturunun inkişaf səviyyəsindən asılı olacaq.

Elektron imzaların inkişaf səviyyəsi bu imzaların formalaşdırılması üçün tətbiq olunan texnologiyalarla yanaşı, həmin həllərin əlçatanlığı və səmərəliliyi ilə ölçülür. Bununla belə qeyd etmək lazımdır ki, əlçatanlığı və səmərəliliyi təmin etmək üçün düzgün texnologiya seçimi önəmlidir. Rəqəmsal transformasiya prosesində əhəmiyyətli yol qət edən şirkətlər və cəmiyyətlər bu sferada daha çox biometrik texnologiyalara üstünlük verir. ABŞ-ın Biometriya İnstitutunun ötən il keçirdiyi sorğunun nəticələrinə nəzər salsaq, biometrik texnologiyanın, xüsusilə bu texnologiyanın elektron imzalara tətbiqinin əhəmiyyətini daha aydın görə bilərik. İnstitutun dünya üzrə sənaye mütəxəssisləri arasında apardığı sorğuda respondentlərin 33%-i rəqəmsal şəxsiyyətin növbəti beş ildə ən böyük inkişaf tendensiyasının biometrik texnologiyalara əsaslanacağına inanır. Eyni sorğuda iştirak edən respondentlərin 53%-i biometrikanın rəqəmsal şəxsiyyətlərin təmin edilməsində əsas rol oynayacağı ilə qəti şəkildə razılaşdığını, 52%-i isə müxtəlif şəxsiyyət yoxlama sistemləri və texnologiyalarında artımın davam edəcəyini bildirib. Sadalanan göstəricilər biometrik texnologiyanın əhəmiyyətini anlamaq üçün ciddi təəssürat formalaşdırır. Bununla belə bəzi problemlər də mövcuddur. Həmin sorğuda iştirak edən respondentlərin 65%-i hesab edir ki, dünya biometrika bazarını məhdudlaşdıran əsas amillər məxfilik və məlumatların qorunması ilə bağlı narahatlıqlardır. Əlbəttə ki, ictimai etimadın olmaması, qanunvericilik və idarəetmə məsələləri də bazarın böyüməsinə mane olur.

Hazırda qlobal biometrik sistem bazarının gəlirləri 36.6 milyard dollara bərabərdir. 2027-ci ildə bu rəqəmin təxminən 100 milyard dollara çatacağı proqnozlaşdırılır.

Dünyada baş verən mövcud tendensiyalar fonunda son günlər ölkəmizdə yeni nəsil rəqəmsal imzanın yaradılması ümidvericidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin dövlət-özəl tərəfdaşlığı çərçivəsində “SVORT” və “Sinam” şirkətləri ilə birgə təqdim etdiyi SİMA adlı yeni məhsul bulud texnologiyasına və biometrik autentifikasiyaya (üz tanıma texnologiyası) əsaslanır. SİMA-nın biometrik autentifikasiyaya əsaslanmasını Azərbaycanın elektron imza infrastrukturunda inqilab kimi xarakterizə etmək olar. Ölkəmizin təxminən 10 illik elektron imza təcrübəsində kart, token, sim kart və s. kimi müxtəlif qoşqularla əlçatanlığı aşağı səviyyədə olan imza nümunələri mövcud idi. SİMA bu mənzərəni dəyişdi. İmzanın biometrik autentifikasiya ilə mobil tətbiq üzərindən istifadəçilərə tamamilə ödənişsiz elektron imza imkanı verməsi əlçatanlığı əhəmiyyətli dərəcədə artırır. Bu isə ilk olaraq elektron imzadan istifadə edənlərin, daha sonra isə rəqəmsal xidmətlərin sayını artıracaq. Eyni zamanda, biometrik autentifikasiyanın bu cür önəmli sahə üzrə tətbiqi ölkəmiz üçün bir sıra perspektivlərdən xəbər verir. Qazanılacaq təcrübə əsasında yaxın gələcəkdə biometrik texnologiyaya əsaslanan yeni rəqəmsal məhsulların yaranacağı şübhə doğurmur.

Ölkəmizdə SİMA ilə başladılan bu prosesin bir çox problemi, o cümlədən biometrik autentifikasiya üzrə təhlükəsizlik məsələlərini, eləcə də ictimai etimadın, qanunvericilik və idarəetmə məsələləri ilə bağlı maneələri aşacağını ümid edirik. Prosesin ümid edilən məcrada inkişafı dünya üzrə yüz milyardlarla dollar həcmində qiymətləndirilən bazarda bizim də əhəmiyyətli pay qazanacağımız deməkdir. Həmçinin Azərbaycanda rəqəmsal transformasiya prosesinin sürətli və keyfiyyətli aparılması rəqəmsal iqtisadiyyatımızın güclənməsi deməkdir.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR