İnsanlara hürriyət, millətlərə istiqlal!

Bilik günü niyə sentyabrın 15-də qeyd edilir?

2321 15.09.2022 08:05 Təhsil A A

Elmin əsas anlayışlarından biri bilik anlayışıdır. Bilik cəmiyyətin mənəvi və praktiki inkişafı prosesində həyata keçirilən fəaliyyətin mühüm tərkib hissəsi olan idrak prosesində maddi və mənəvi aləm, yaxud onların müəyyən bir fraqmenti haqqında yaradılan ideal modeldir.

Şüurlu insan üç növ biliklərə istinad edir :

1. Kitablardan əldə olunan biliklər;

2. İnsanların qarşışlıqlı elmi mübahisələrindən əldə olunan biliklər;

3. Noosferdən əldə olunan biliklər.

Əldə olunan bilikləri həqiqət və idrak prosesində uğur kimi yalnız o zaman qəbul etmək olar ki, onlar praktikadan doğan problemlərin həllinə yönəlsin, alınan nəticələr gözlənilənlərə uyğun olsun.

Bu uyğunluğun dərəcəsi isə praktikada verifikasiya prinsipi vasitəsilə yoxlanılır.

Alman riyaziyyatçısı və filosofu Karl Popper tərəfindən irəli sürülən verifikasiya prinsipinə görə, yalnız o bilik, o mühakimə, o anlayış həqiqət sayıla bilər ki, biliyin təcrübi bazası olmuş olsun. Yəni bu bilik təcrübi olaraq təsdiq oluna bilsin. Əgər biliyin həqiqiliyini təsdiq edə biləcək təcrübə yoxdursa, o bilik yalan və ya tavtalogiya elan edilməlidir.

Biz heç nədən çəkinmədən, mübaliğəsiz deyə bilərik ki, kitab insanın ən yaxın dostu, həmsöhbətidir. Əsrlərdən bəri yaranıb inkişaf edərək bəşəriyyətin söz sənəti xəzinəsinə incilər bəxş etmiş Azərbaycan ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının humanizm ruhlu seçmə nümunələri olan mütaliə hər bir şəxs üçün əsl həyat məktəbidir.

İnsanın şəxsiyyət olaraq formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaş tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir.

Məlumdur ki, mütaliənin əsasını kitablar təşkil edir. Kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Bu, bir həqiqətdir ki, bilik xəzinəsinin qapılarını bizim üzümüzə bəşəriyyətin yaratdığı möcüzələrdən olan kitablar açır. Böyüməkdə olan nəslin inkişafında, təlim-tərbiyəsində kitabın - mütaliənin necə mühüm rol oynadığını hamımız bilirik.

Ulu öndərimiz həmişə gənclərə mütaliə etməyi, biliklərini artırmağı tövsiyə edirdi. Ümummilli lider Heydər Əliyevin bütün elmlərə dərindən yiyələnməyinin hər birimiz dəfələrlə şahidi olmuşuq...

Mübahisələr, söz çəkişmələri, fikirlərin çarpışması, müzakirələr insan durumunun təbii hallarıdır. Mübahisələr olmasa inkişaf da ola bilməz. Mübahisələr nəticə etibarilə insana bilik verir.

Noosfer məfhumu 1927-ci ildə fransız alimləri Teyyar de Şarden və E.Le-Rua tərəfindən gətirilmişdir. Vernadski isə bu anlayışı inkişaf etdirmişdir.

Teyyar de Şarden materiyanın dirildilməsi, noosferanın son dayanacağının Tanrı ilə birlikdə olması ideyaları ilə çıxış etmişdir. Le-Rua və Teyyar de Şardenin noosfera haqqında təliminin əsasında qədim Roma filosofu Plotinin ideyaları durur.

Plotinə görə varlıq birdir və “Bir”dən (Tanrıdan) ibarətdir. Bu birlikdə “Bir”in işıq saçması (emanasiyası) baş verir. Bu işıqla onun varlığı bütün varlığa yayılır. İlk olaraq emanasiya sonu düşüncə çevrəsi yaranır. Bu, ideal aləmdir. Sonra emanasiya davam edir və ruhların çevrəsi yaranır. Orada ruhlar yaranır və onlar material dünyada əks olunurlar. Material dünya isə yoxluğa yaxındır. Ancaq burada tanrı işığının zərrəcikləri vardır. Tanrı işığından məhrum olan material dünya yenə də onunla qovuşmağa can atır.

Biliklər üç əsas sistemə ayrılır:

1. İnsana məxsus qanunlar və faktorların toplusu olan tam faktiki biliklər;

2. Dünyaya məxsus sistemin universal və xüsusi metodlar toplusu olan aktual biliklər;

3. Axtarış istiqamətini müəyyən edən və alternativ yolların seçilməsini təmin edən praqmatik biliklər.

Xalqımız hər zaman elmi, biliyi yüksək qiymətləndirmiş, övladlarının savadlanması üçün əllərindən gələni əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Yusif Məmmədəliyev kimi yüzlərlə alim və filosoflar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra elmdə islahatların həyata keçirilməsi üçün əlverişli zəmin yarandı. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2003-cü il 4 yanvar tarixli fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elm və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycandakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi statusunun verilməsi ilə Akademiyanın fəaliyyət dairəsi xeyli genişləndirilmişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 4 may tarixli sərəncamı ilə isə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə milli strategiya”nı və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı dövlət proqramını təsdiq etmişdir.

Bütün dünyada təhsil məktəblərində dərslərin başlandığı günü Bilik Bayramı kimi qeyd edirlər. Dünyanın əksər ölkələrindən fərqli olaraq Azərbaycanda Bilik Günü (Bilik Bayramı) əvvəllər olduğu kimi sentyabrın 1-də deyil, 15-də qeyd edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli, 114 saylı Fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün “Bilik Günü” elan edilmişdir.

İradə Sərdarova,
Azərbaycan Dillər Universitetinin dosenti

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR