İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bəzi ölkələr Paşinyandan “ikinci Zelenski” yaratmaq istəyirlər” –Şamil Ayrım

639 05.10.2023 17:12 Gündəm A A

Xəbər verdiyimiz kimi, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdə iştirakdan imtina edib.

Qeyd edək ki, sözügedən görüşdə Ermənistan, Fransa, Almaniya və Avropa İttifaqı yer alırdı.

Məsələ ətrafında Sfera.az-a açıqlama verən Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını (AK Parti) təmsil edən millət vəkili Şamil Ayrım Azərbaycan və Ermənistan arasında vasitəçiliyi bölgə dövlətlərinin etməli olduğunu deyib. Türkiyəli deputat xüsusilə Fransanın bu proseslərdən uzaq dayanmalı olduğunu vurğulayıb:

“Həmin formatda nə Türkiyə var idi, nə də Rusiya. Bu tabloda yer alan Fransa son günlər davranışları ilə tam olaraq, düşmən profili ortaya qoyur. Fransa xarici işlər naziri Ermənistana gedib onlara silah təklif edir. Belə bir şey necə ola bilər? Biz sülhdən danışırıq, onlar münaqişəni alovlandırmağa çalışırlar. Avropa Birliyi illərdir, Qarabağda deyildimi? Yəni buna qədər Azərbaycan, Ermənistan və  Avropa Birliyi dəfələrlə toplantı edib, lakin nəticə olmayıb. İndi də Almaniya və Fransanı bu prosesə qoşmaq istəyirlər. Onlardan nə xeyir gələr? Fransanın niyyəti başqadır. Afrikada həyata keçirdiyi siyasətə görə o torpaqlardan qovulan Fransa yeni macərlar axtarışındadır. Ona görə də Türkiyənin bu formatda olması ilə bağlı Azərbaycanın tələbi çox doğru idi.

Bu gün Azərbaycan öz torpaqlarında suverenliyi bərpa edib. Birləşmiş Millət Təşkilatının nümayənədləri Laçın dəhlizində, Xankəndidə müşahidə apardılar. Onlar gördülər ki, həmin ərazilər üzrə heç bir mülki vətəndaşa ziyan dəyməyib. BMT nümayəndələri özləri Qarabağın erməni əhalisi ilə Azərbaycan nümayəndəliyinin görüşdüyünü və ortada hansısa sıxıntının olmadığını açıqladı. İndi Zəngəzur dəhlizinin, Türkiyə-Ermənistan sərhədlərinin açılacağı bir zamanda Fransa və Almaniyanı bu formata daxil etməyin anlamı yoxdur. Bu prosesə nə qədər çox dövlət daxil olmaq istəsə, məsələ o qədər də mürəkkəbləşəcək. Onsuz da problemli məsələlər həll edilib, Azərbaycan hökuməti də erməni əhalisi ilə bağlı lazımlı işləri görür”.

Millət vəkili bəzi ölkələrin Paşinyandan açıq şəkildə istifadə etdiyini deyib. Deputat bölgədə Türkiyənin iştirak etməyəcəyi hansısa formatın olmasını mümkünsüz hesab edir:

“Kənar qüvvələrin istəyi Ermənistandan bu regionda hansısa yolla istifadə etmək, bu dövləti Rusiyaya qarşı çıxarmaqdır. Lakin bu bölgədəki insanlar artıq oyanıb, sülh istəyirlər, göz yaşı istəmirlər. Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan və İran da bu məsələyə töhfə verməlidir. Əgər bölgədə yenidən münaqişə olarsa, o zaman hadisələr fərqli məcraya doğru yönələcək. Bəzi ölkələr Paşinyandan “ikinci Zelenski” yaratmaq istəyirlər. Türkiyə isə buna imkan verməyəcək, çünki Azərbaycanın ərazi bütövlüyü bütün məsələlərdən daha üstündür.

Azərbaycan öz suverenliyinə qovuşub və Ermənistandan gözləntisi danışıqlar masasında yekun müqavilənin imzalanmasıdır. Bundan başqa, bu coğrafiyada Türkiyəsiz hansısa format ola bilməz. Bu gün Türkiyədə işləyən 100 000 erməni var, bunları düşünmək lazımdır. Biz regionda sabitliyin olmasını, iqtisadiyyatın güclənməsini istəyirik. Əminik ki, Türkiyə-Azərbaycan birliyi bölgədə sülhə nail olmaq üçün ən önəmli addımları atacaq”. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR