İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynimizi və ciyərimizi “dəmləyən” Bakı havası - paytaxtdakı təhlükəli atmosfer...

1774 31.03.2023 08:38 Yaşam A A

Ekspert: “Bu problemin qarşısını fərdi şəkildə almaq qeyri-mümkündür, dövlət bu məsələdə tədbirlər görməlidir”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi atmosfer havasının keyfiyyətinin monitorinqini gündəlik olaraq Bakı şəhərinin Səbayel, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirir.

Nazirlikdən bildirilib ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı normadan 1.2, dəm qazı 1.6, azot-4 oksidin miqdarı Gəncə şəhərində 1.4, Sumqayıt şəhərində 1.2 dəfə artıq müəyyən edilib.

Havada müşahidə olunan toz lokal xarakter daşıyır və küləkli hava şəraiti ilə əlaqədar yerin üst quru səthində formalaşan toz hissəciklərinin ətraf ərazilərə yayılması baş verir.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.

Hər kəsə bəllidir ki, insanın sağlamlığı əsasən udduğu havadan və yeyib-içdikləri ilə birbaşa bağlıdır.

Belə çıxır ki, ölkə əhalisinin təxminən 60 faizinin cəmləşdiyi Bakı, Gəncə və Sumqayıt şəhərlərində, xüsusən isə paytaxtdakı bir neçə milyon insanın beyni və ciyərləri hər gün tozla, dəm qazı ilə zəhərlənir. Qısası, hər gün ömrümüzə zəhər qata-qata yaşayırıq.

Qeyd edək ki, havanın çirklənməsi məsələsi dünyanın ən böyük problemləri arasında yer almaqdadır. Nəticədə dünyada hər il milyonlarla insan həyatını itirir. Son illərdə aparılan araşdırmalara görə, dünyada 9 milyon insan havanın çirklənməsinin yaratdığı bəzi xəstəliklərə sahibdir. Bu problemlərə pnevmoniya, insult, ağciyər xəstəlikləri, xərçəng və sairə xəstəliklər daxildir.

merdan eliyev.jpg (118 KB)

Mərdan Əliyev

Mövzu ilə bağlı həkim-infeksionist Mərdan Əliyev “Yeni Müsavat”a danışıb:

“Bakı, Gəncə, Sumqayıt şəhərlərində havanın normadan artıq çirklənməsi ilə bağlı informasiyaya baxanda görürük ki, Bakıda daha çox dəm qazı, Gəncə və Sumqayıt şəhərlərində isə daha çox azot-4 oksidin miqdarı çoxdur.

Bakı şəhərində dəm qazının normadan artıq olmasının səbəbi paytaxtda avtomobillərin sayının çox olması ilə əlaqədardır. Yəni bu gün paytaxtda avtomobillər həddən artıq çoxdur, xüsusilə də köhnə avtomobillər. Məlum olduğu kimi, köhnə maşınlar dəm qazını daha çox buraxır. Həmçinin paytaxtda yaşıllıq azdır və bütün bunların da hamısı dəm qazının yüksək olmasına gətirib çıxarır. Dəm qazının çox olması isə insan orqanizmində oksigen  azlığına səbəb ola bilir.

Bunun qarşısını necə almaq olar? Əlbəttə ki, bu problemin qarşısını fərdi şəkildə almaq qeyri-mümkündür, dövlət bu məsələdə tədbirlər görməlidir. Məsələn, Bakıda  yaşıllıq artırılmalı, köhnə maşınlar yığışdırılmalıdır. Ötən gün köhnə maşınların ölkəyə daxil olması ilə bağlı müəyyən qaydalar qəbul olunub. Hesab edirəm ki, qərar elə bu problemlə bağlıdır və yerində verilmiş, çox yaxşı qərardır.

Bir neçə il öncə şahidi olduq ki, paytaxtda hansısa tikililərə görə yaşıllıqlar kəsildi və bu proses çox yüksək sürətlə aparıldı. Bütün bunlar Bakı şəhərinin indiki bu cür hava çirklənməsinə gətirib çıxardı. Bu təhlükədən yan qaçmaq üçün hesab edirəm ki, imkan olduqca Bakıdan uzaqlaşmaq lazımdır. Heç olmasa, ildə 1-2 ay gərək paytaxtdan uzaqlaşıb bölgələrə - harada təmiz hava var, ora getmək lazımdır ki, ciyərlərimiz təmiz hava - oksigen qəbul etsin.

Hesab edirəm ki, digər şəhərlərdə azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb həmin şəhərlərdə zavod və fabriklərin çox olması və yaxud onların düzgün fəaliyyət göstərməməsindən irəli gəlir. Bütün bunlara isə Ekologiya Nazirliyi nəzarət etməlidir. Məsələn, qurğular quraşdıraraq, həmin zavodlardan atılan tullantılara nəzarət edə bilər. 

Havanın normadan artıq çikrlənməsinin insan orqanizminə təsirinə gəldikdə isə deyə bilərəm ki, bu problem xroniki ağ ciyər və digər ağciyər xəstəlikləri, həmçinin allergik, xüsusən də bronxial asma xəstəliyinin artmasına gətirib çıxara bilir.

Şəhərdəki zəhərli mühitdən imkan olduqca uzaqlaşmaq, ağciyərləri təmizləmək üçün oksigenlə bol hava qəbul etmək lazımdır. İmkan daxilində şəhər kənarına getmək lazımdır".

Bəs hava kirliliyini azaltmaq üçün nə etmək lazımdır? Dünya bu işi hansı yollarla həyata keçirir?

Ekoloq Telman Zeynalovun mətbuat konfransı - 04.02.2016, Sputnik Azərbaycan

Telman Zeynalov

Ekoloq Telman Zeynalov məsələyə bu cür mövqe bildirdi:

“Dünya ekoloqları dünyada qlobal istiləşmə ilə bağlı fırıldaq təkliflər verirdilər. Azərbaycan da sözə qulaq asan uşaq kimi onları dinləyib, bir çox zavodları bağladı ki, ətraf mühit daha az çirklənsin. Amma əsl mütəxəssislər bilir ki, karbohidrat istilik effekti deyil, soyuqluq gətirir.

İkinci fırıldaq isə ondan ibarətdir ki, alternativ enerji üçün günəş panelləri quruldu, bu da hər tərəfdə tullantıların çoxalmasına, çürüməyə, zəhərlənməyə, atmosferə cürbəcür qazların buraxılmasına  gətirib çıxardı.

Hesab edirəm ki, bu problemin qarşısını almaq üçün ilk öncə xaricdən gətirilən maşınlara diqqət edilməli, ümumiyyətlə onların gətirilməsinə qadağa qoyulmalıdır. Yaxşı olardı ki, maşınları Azərbaycan  özü istehsal etməyə başlasın. Həmçinin yanacaq növlərinin təmiz olmasına diqqət edilməlidir. Bu gün yanacaq növləri standartlara cavab vermir. Ümumiyyətlə, heç bilmirlər ki, standart nə qədərdir. Ona görə də atmosferdə  dəm qazı çoxdur.

Daha bir məsələ, əgər sovet dövründə Bakı şəhərində 120 min maşın var idisə, indi 1,5 milyondan çoxdur. Ona görə də paytaxtda dəm qazının miqdarı həddən artıq çoxdur və bu, insan orqanizmi üçün təhlükəlidir".

Bu arada Dövlət Statistika Komitəsindən məlumat verilib ki, keçən il Azərbaycanda stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2021-ci illə müqayisədə 50,4 min ton çoxalaraq ümumilikdə 930,6 min ton təşkil edib.

Qeyd olunub ki, həmin göstəricinin 83 faizi və ya 772,2 min tonu avtomobillərdən atılan tullantıların payına düşüb. Avtomobillərdən atılmış zərərli maddələrin həcmi 6,7 faiz, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 1,1 faiz artıb. Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 3,9 min ton, Mingəçevir şəhərində 1,9 min ton azalıb, Sumqayıt şəhərində isə 1,7 min ton artıb.

Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 67 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənayə müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 108,7 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb.

Bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 59,5 faizini karbon oksidi, 25 faizini karbohidrogenlər, 12 faizini azot oksidi, 0,1 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR