İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbir keçirilib FOTO

744 12.05.2023 15:34 Səhiyyə A A

Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə nazirliyin 2 nömrəli Bakı Baza Tibb Kollecində 12 may - Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan səhiyyə nazirin səhiyyənin rəqəmsallaşdırılması üzrə müşaviri Rüfət Hacıəlibəyov, Səhiyyə Nazirliyi İnsan Resursları şöbəsinin müdiri Səidə Rüstəmova, ÜST-nin Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı, həmçinin 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllim-tələbə heyəti iştirak ediblər.

Səidə Rüstəmova çıxışında Vətən müharibəsi zamanı tibb bacılarının fədakarlığını vurğuladı: “44 günlük Vətən müharibəsində və müharibədən sonrakı reabilitasiya proseslərində tibb işçilərinin əzmkar əməyi ilə yüzlərlə qəhrəman döyüşçümüz həyata qaytarıldı”.

Səhiyyə Nazirliyi İnsan Resursları şöbəsinin müdiri həmçinin bildirdi ki, müasir tibb bacılarının fəaliyyətləri kifayət qədər genişdir. Belə ki, patronaj tibb bacılarının yerlərdə verdikləri sosial məsləhətlər, valideynlərlə apardıqları maarifləndirmə işi həm səhiyyə, həm də sosial layihələrə dəstəkdir.

Öz növbəsində ÜST-nin Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı bildirdi ki, tibb bacıları səhiyyə xidmətlərinin təminatında önəmli rol oynayır: “Güclü səhiyyə xidmətləri istəyiriksə, tibb bacıları institutuna sərmayə qoymalı, onları beynəlxalq standartlara uyğun yetişdirməli və lazımi resurslarla təmin etməliyik”.

Tədbirdə çıxış edən 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva vurğuladı ki, tibb xidmətlərinin göstərilməsində tibb bacılarının və tibb qardaşlarının rolu əvəzsizdir: “Respublikamızda 56 mindən çox tibb bacısı və tibb qardaşı çalışır və öz vəzifə borcunu layiqincə yerinə yetirir. Onlar koronavirus epidemiyası ilə mübarizədə, eyni zamanda 44 günlük Vətən müharibəsinin istər ön, istər arxa cəbhədə öz vətəndaşlıq və vəzifə borclarını layiqincə yerinə yetirərək cəsarət, fədakarlıq, peşəkarlıq nümayiş etdirdilər”.

Daha sonra ÜST-nin eksperti Sevgi Turan, həmçinin 2 nömrəli Bakı Baza Tibb kollecinin tələbələrinin məruzələri dinlənilib.

Tədbir 2 nömrəli Bakı Baza Tibb kollecinin tələbələrinin hazırladığı musiqili-bədii kompozisiya ilə davam edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR