İnsanlara hürriyət, millətlərə istiqlal!

Berlin danışıqları: sülhə əngəl “divarlar söküldü”, yoxsa....

1322 01.03.2024 10:34 Siyasət A A

Ekspertlərdən Almaniyada keçirilən danışıqların yekunları haqda ehtiyatlı mövqe: “Paris Berlinin vasitəçilik təşəbbüslərinə qısqanc yanaşır”

Fevralın 28-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında ilk görüş  keçirilib. Nazirlər Almaniyanın Berlin şəhərində görüşüblər. Fevralın 29-da isə nazirlər və nümayəndə heyətlərinin iştirakı ilə ikinci görüş keçirilib.

Almaniya XİN rəhbəri Annalena Berbok da fevralın 28-də danışıqlarda iştirakçı kimi masaya oturub. 

Bu arada baş nazirin müavini Mher Qriqoryan hesab edir ki, iki-üç ay ərzində Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyaların metodologiyası layihəsi təsdiqlənəcək.  Qriqoryan deyib ki, birinci mərhələdə  təmasların nəticələrinin ümumiləşdirilməsi və təşkili yolu  iki ölkənin hökumətləri ilə razılaşdırılıb: “Bu mərhələdə biz daha çox metodoloji təsviri özündə əks etdirəcək birgə fəaliyyətin reqlamentini müzakirə edirik və bu işi başa çatdırdıqdan sonra hər iki ölkə bu sənədin layihəsini daxili dövriyyəyə təqdim edəcək. Məzmundan, nə təsvir olunacağından, hansı konsensusa çatacağımızdan asılı olaraq, buna uyğun olaraq, bu sənəd çox güman ki, qanun layihəsi şəklində paylanacaq”, - Qriqoryan bildirib.

Baş nazirin müavininin sözlərinə görə, tərəflər prinsipial mövqelər çərçivəsində qalsalar və layihə ətrafında işləri Almatı Bəyannaməsinə əsaslanarsa, o zaman iki-üç ay ərzində onlar qanun layihəsini hazırlaya biləcəklər.  “Metodologiya təsdiq edildikdən sonra həm delimitasiya, həm də demarkasiya prosesi çox vaxt aparacaq, lakin buna baxmayaraq, konkret nə ilə məşğul olduğumuz hamımıza aydın olacaq”, - deyə Qriqoryan yekunlaşdırıb.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlin görüşünün hansısa ciddi nəticələri ola biləcəkmi? Bu görüşün birinci raundundan az sonra Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın yuxarıda qeyd etdiyimiz açıqlaması prosesdə irəliləyişin olduğunu düşünməyə əsas verirmi? Yoxsa ermənilər yenə də vaxt udmağa çalışırlar?

Abutalıb Səmədov: Dünya ictimaiyyəti bir daha Azərbaycan-Türkiyə  qardaşlığının şahidi oldu

Abutalıb Səmədov 

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, xarici işlər nazirlərinin iki gün keçirilən Berlin görüşünün ciddi real nəticələr verəcəyi inandırıcı deyil. Sadəcə olaraq, yeni bir platforma ortaya çıxıb. Brüssel və Vaşinqton platformaları vasitəçilərin tərəfsizliyinə inamı azaltdığına görə Berlin platformasının ortaya çıxması prosesə müəyyən qədər yeni nəfəs verə bilər. Təbiidir ki, bunun üçün də bir-iki görüş kifayət deyil: "Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın bəyanatına gəldikdə isə siyasi şərhçinin fikrincə, bu bəyanat göstərir ki, əslində sərhədlərin müəyyənləşməsi istiqamətində ötən müddət ərzində heç bir irəliləyiş əldə olunmayıb. Çünki hələ metodologiya barədə söhbət gedir ki, bu proses necə aparılmalıdır. Ermənistanın mövqeyi aydındır. Ermənistan hesab edir ki, sərhədlərin delmitasiyası və demarkasiyası 1975-ci ilin xəritələri əsasında aparılmalıdır. Qərb də ona dəstək verir və Qranada sammitində Ermənistanın bu təklifi biraz dəyişdirilmiş formada həm Fransa prezidenti, həm Almaniyanın kansleri tərəfindən təsdiqləndi və onlar da imza atdılar. Ermənistan iddia edir ki, Almatı Bəyannaməsi əsasında, yəni 1991-ci ilə qədər mövcud olan inzibati sərhədlər əsasında müəyyənləşməlidir. Azərbaycan əvvəlcədən əldə olunmuş razılığa görə - söhbət 2021-ci ilin sonlarında Soçidə əldə olunmuş razılıqdan gedir - Rusiyanın məsləhətçi yardımı nəzərə alınmaqla Azərbaycan və Ermənistanın ikitərəfli komissiyası xəritələr əsasında delimitasiya və demarkasiya işlərini aparmalıdır. Həmin bəyanatı bu gün Ermənistan qəbul eləmək istəmir. Baxmayaraq ki, imza atıb. Bundan əvvəlki 2020-ci il 10 noyabr bəyanatına da imza atmasına baxmayaraq orada da 9-cu bəndi icra eləmək istəmir. Ermənistan Rusiyanın bu prosesdə iştirakını qəbul eləmir. Ancaq imzalanmış bəyanata görə, Rusiyanın orada məsləhətçi yardımından istifadə edilməli və xəritələr təqdin olunmalıdır. Ermənistan bütünlüklə Qərbin əlində oyuncağa çevrildiyinə görə Berlində keçirilən danışıqlar da yəqin ki, nəticə verməyəcək. Çünki Ermənistanın mövqeyi son üç il ərzində dəfələrlə dəyişir. Ermənistan Qərbin istəyi ilə Rusiyanı tamamilə prosesdən uzaqlaşdırmağa çalışır. Baxmayaraq ki, 2021-ci ilin sonlarında xatırlatdığım bəyanata imza atıb. Bu cür qeyri-ciddi dövlətlə danışıqlar aparmaq bizim üçün də çox çətindir. İndi 1991-ci ilin Almatı Bəyannaməsi tez-tez bizim qarşımıza qoyulur. O bəyannaməyə Azərbaycan və Ermənistan imza atmışdı. Orada yazılıb ki, inzibati sərhədlər dövlət sərhədləri kimi qəbul olunmalıdır. Ancaq Ermənistan o bəyannaməni imzaladıqdan sonra Azərbaycanın 20 faiz ərazisini işğal elədi. Təbiidir ki, sərhədlərin müəyyənləşməsi prosesinə də çox böyük zərbə vurdu. Ermənistan daim müxtəlif cür mövqe dəyişiklikləri edir, təxribatlar törədir. Ona görə mən güman edirəm ki, Berlin danışıqlarında hansısa əldə olunan razılaşmaları da bir müddət sonra Ermənistan pozacaq. Ermənistan danışıqlara daha çox vaxt qazanmaq və Azərbaycana qarşı koalisiyanı genişləndirmək üçün gedir.  Hələlik bu koalisiyada Fransa var, Yunanıstan da oxşar bəyanatlar verib və bir neçə Qərb dövlətlərini də buraya daxil etmək istəyirlər. Ancaq bu yolla sülhə nail olmaq qeyri-mümkündür”.

Elxan Şahinoğlu: "Paşinyan həqiqətən sülh istəyirsə..."

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlin görüşü arxada qaldı, görüşdə ciddi irəliləyiş əldə olunduğuna dair məlumat yoxdur. Buna baxmayaraq, davamlı görüşlər ortamı yumşaltmaq məqsədi daşıyır: “Ancaq işi yenə Paris poza bilər. Münxen görüşündən sonra da belə olmuşdu, liderlər Almaniyanın şəhərində görüşüb fikir mübadiləsi aparmaqla ortamı yumşaltmışdılar. Ancaq bu görüşdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Parisə çağırılması və onun oradan Azərbaycan əleyhinə verdiyi açıqlamalar gərginliyi yenidən artırdı. Paris bu dəfə də eynisini edə bilər. Digər tərəfdən, Paris Berlinin vasitəçilik təşəbbüslərinə qısqanc yanaşır. Paris yanlış siyasətinə görə kənarda qalıb. Anti-Azərbaycan siyasətinə görə Paris Bakı ilə İrəvan arasında vasitəçi statusunu itirib. Bu rola hazırda Berlin iddialıdır və hələ ki pis alınmır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR