İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəhruz Məhərrəmov: “İndi hər bir azərbaycanlı əlini vicdanına qoysun və...”

750 23.02.2024 12:48 Siyasət A A

“Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına 29 dekabr 2000-ci il müraciətində Yeni Əsr və üçüncü minillikdə qarşıda bir əsas vəzifə qoymuşdu: “Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, müharibə qurtarmalı, vətəndaşlar sülh və əmin-amanlıq şəraitində yaşamalıdır.” Bu mənada 14 fevralda, dövlətçilik tariximizin ərazi bütövlüyü çərçivəsində baş tutmuş ilk prezident andiçmə mərasimi, əslində, Ulu Öndərin görmək istədiyi qalib, qüdrətli, suverenliyini tam təmin etmiş yeni Azərbaycanın qurulduğu gündür”.

Musavat.com bildirir ki, deputat Bəhruz Məhərrəmov bu fikirləri parlamentdəki çıxışında bildirib.

O ardınca qeyd edib ki, Prezident seçkiləri öncəsi Fransa və onun marionetlərinin, o cümlədən yerli antimilli ünsürlərinin timsalında bəzi dairələr Azərbaycana münasibətdə artan əsassız təzyiq cəhdləri fonunda, Qərbin seçki nəticələrinə mənfi reaksiyalarına ümidli idi:

“Amma nəticə nə oldu? Seçkidən cəmi iki gün sonra Münxen Təhlükəsizlik Konfransında cənab İlham Əliyevin əlini sıxıb təbrik etmək üçün uzun bir növbə var idi. Azərbaycan Prezidenti konfransda gün yarım ərzində qarşı tərəfin xahişi ilə 30-a yaxın dövlət və hökumət başçısı, beynəlxalq təşkilat rəhbərləri və qlobal iqtisadiyyatda söz sahibi olan özəl sektor nümayəndələri ilə görüşdü. Bu eyni zamanda Azərbaycanın antiterror tədbirlərinin ardınca yaratdığı yeni status kvonu dünyanın təhlükəsizlik arxitekturasına qəbul etdirilməsi idi. 60-cı Münxen Təhlükəsizlik Konfransı bir daha göstərdi ki, Azərbaycan öz tarixində heç vaxt bu qədər güclü olmayıb. Hər kəs şahid oldu ki, həmişə lokal reallıqlara köklənməyə məhkum olan Azərbaycan artıq qlobal oyunçu kimi davrana bilir. Prezident İlham Əliyev daxili auditoriyaya səsləndiyi ritorikanı Qlobal təhlükəsizlik konturlarının müəyyən olunduğu platformalarda qoruyur. Məsələn, dövlət başçımız “Ermənistanla münasibətlərin əhəmiyyətinin süni şəkildə şişirdilməsinə lüzum olmaması”na dair Milli Məclisin tribunasından ifadə etdiyi mövqeyini, rahatlıqla ATƏT sədri, yaxud ABŞ dövlət katibi ilə görüşdə də diktə edir. İndi hər bir azərbaycanlı əlini vicdanına qoysun və özünə sual versin, əvvəllər bu cür davrana bilirdikmi?”

B.Məhərrəmov ardınca qeyd edib ki, bəzən eyforiyaya düşüb kimlərinsə rolunun süni şəkildə qabardımasına şahidlik edirik:

“Amma hər kəs başa düşür, anlamayan da dərk etməlidir ki, yeni reallığın, bu gücün, zəfərlərin qarantı Heydər Əliyev kursudur. Azərbaycan xalqı da 7 fevral seçkilərində nümayiş etdirdi ki, reallıqları çox gözəl anlayır və milli iradənin tələbi o yöndədir ki, bu kurs hələ uzun on illiklər davam edəcək, Heydər Əliyev irsi cənab İlham Əliyev və onun layiqli varisi tərəfindən hələ uzun dövr ərzində idarəetmə modelindən asılı olmayaraq, Azərbaycanı inkişaf və tərəqqiyə aparacaq”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR