"ABŞ İranla müharibə zamanı Körfəz regionundakı müttəfiqlərini tam şəkildə qoruya bilmədi. Münaqişə dövründə Körfəz ölkələri İranın raket və dron hücumlarına məruz qaldı, ABŞ isə əsasən hərbi itkilər verməsə də, zərbələr daha çox müttəfiq ölkələrin ərazilərinə yönəldi. Eyni zamanda Vaşinqtonun Körfəz liderlərinin "müharibəyə başlamayın" çağırışlarını nəzərə almaması regionda narahatlığı artırdı. Bu vəziyyət Körfəz ölkələrini təhlükəsizlik təminatı üçün alternativlər axtarmağa vadar etdi".
Bu sözləri Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun fikrincə, Səudiyyə Ərəbistanında keçirilən regional görüş də bu müzakirələrin genişlənəcəyinə işarə edir:
"Müharibə günlərində ABŞ hərbçiləri itki vermədi, əsas olaraq Körfəz ölkələrinin əraziləri zərbə altında qaldılar. Buna görə də müharibə davam edərkən Körfəz ölkələri təhlükəsizlik təminatı baxımından alternativlər barədə düşünmək məcburiyyətində qaldılar. Məsələn, müharibə günlərində Səudiyyə Ərəbistanında bölgə ölkələri rəsmilərinin görüşü keçirildi. Bu müzakirələr gələcəkdə genişlənə bilər".
Politoloq qeyd edib ki, alternativ axtarışına çıxan ölkələrdən biri də Birləşmiş Ərəb Əmirlikləridir:
"Çünki İranın raket və dron zərbələrinə ən çox məruz qalan məhz bu ölkə idi. Bu səbəbdən Birləşmiş Ərəb Əmirlikləri İsraillə hərbi əməkdaşlığı genişləndirdi. ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi İsrailin İranla yaşanan müharibə zamanı Birləşmiş Ərəb Əmirliklərinə “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemləri və bu sistemləri idarə edəcək heyət göndərdiyini açıqladı. Vaşinqton Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında artan hərbi əməkdaşlığı dəstəklədi. İki ölkə arasındakı normallaşma prosesi Donald Trampın ilk prezidentlik dövründə, 2020-ci ildə imzalanan "İbrahim razılaşmaları" ilə başlamışdı. Birləşmiş Ərəb Əmirlikləri hazırda İsraillə hərbi əməkdaşlıqla kifayətlənməyib. "Reuters" agentliyinin məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri Hindistanla hava müdafiə sistemlərinin alınmasıyla bağlı danışıqlara başlayıb. Birləşmiş Ərəb Əmirlikləri Hindistanda istehsal olunan müxtəlif tip raketlərə də maraq göstərir".
Elxan Şahinoğlu vurğulayıb ki, Hindistan İranla iqtisadi münasibətlərinə baxmayaraq, Körfəz ölkələri ilə də əməkdaşlığa xüsusi əhəmiyyət verir:
"Hindistan Körfəz ölkələrindən yanacaq alır. Digər tərəfdən, Birləşmiş Ərəb Əmirlikləri Hindistana 75 milyard dollar həcmində yatırım qoymağı planlaşdırır. Bu səbəbdən Yeni Dehli Körfəz ölkələri ilə hərbi əməkdaşlığı genişləndirməyə hazırdır. Hindistanın baş naziri Narendra Modi müharibədən əvvəl Birləşmiş Ərəb Əmirliklərinə və Qətərə səfəri zamanı Körfəz siyasətinin onun üçün prioritet olduğunu nümayiş etdirmişdi".
Xalidə Gəray
Musavat.com






