İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayrağın üç rəngi, dördüncü sirri: Azərbaycan Bayrağına yeni ideoloji baxış

2482 05.07.2026 15:32 Ölkə A A

Azərbaycanın Dövlət Bayrağının rəmzi mənası illərdir əsasən klassik “Türklük, İslam, Müasirlik” düsturu ilə izah edilir. Lakin qloballaşan dünya, müasir Azərbaycançılıq ideologiyasının inkişafı və ölkənin multikultural dövlət modeli fonunda bu izahın daha geniş fəlsəfi məzmunla zənginləşdirilməsi barədə yeni təkliflər də irəli sürülür.

Musavat.com təqdim etdiyi bu yazıda müəllif doktor Aydın Talışınski Dövlət Bayrağının ideoloji məzmununun müasir dövrün çağırışlarına uyğun şəkildə yenidən konseptuallaşdırılması ilə bağlı baxışlarını bölüşür, bayrağın rəngləri, aypara və səkkizguşəli ulduzun rəmzi mahiyyətinə dair alternativ yanaşmasını əsaslandırmağa çalışır.

**

I hissəni təqdim edirik:

Təklif layihəsi: Dövlət Bayrağının ideoloji izahının müasir Azərbaycançılıq paradiqmasına uyğunlaşdırılması

XXI əsrin qlobal geostrateji reallıqları, dövlətimizin yürütdüyü unikal multikulturalizm siyasəti və qloballaşma dövründə vətəndaşlarımızın yad ideoloji təsirlərdən qorunması zərurəti Dövlət Bayrağımızın klassik, bir-birinə tam şəkildə rəsmi bağlanmamış şərhinin — Türklük, Müasirlik, İslam — daha inklüziv və fəlsəfi məzmunla zənginləşdirilməsini tələb edir.

Bu ideoloji təməlin kökləri bayrağın baş ideoloqu Əli bəy Hüseynzadənin XX əsrin əvvəllərində əvvəlcə “Türk qanlı, İslam imanlı, Avropa qiyafəli” şəklində irəli sürdüyü, bayraq ucaldıldıqda isə “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” kimi qəbul edilən düsturuna dayanır.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadə isə 1918-ci ildə Azərbaycan Parlamentinin açılışındakı tarixi çıxışında bu fəlsəfəni siyasi bəyanata çevirərək demişdir: “Bu üç rəng, bir tərəfdən türk milləti, müsəlman dünyası və müasir Avropa mədəniyyəti ilə bərabər olduğumuzu göstərir”.

Ümumən, bir çox şərhlər verilsə də, bayrağın ideoloji təcəssümü məsələsi nə o dövrdə, nə də sonrakı mərhələlərdə təfərrüatı ilə tamamlanaraq rəsmiləşdirilib.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideyalarını bu gün möhtərəm Prezidentimiz İlham Əliyev müasir dövrün tələblərinə uyğun olaraq böyük uğurla inkişaf etdirir. Böyüklərimizin açdığı bu ali dövlətçilik yolu ilə gedərək, 108 il öncə ucaldılan və izah edilən bayrağımızın müasir çağırışlara cavab verən yeni konseptual təsviri üzərində çalışmaqla öz töhfəmi verməyi vətəndaşlıq borcu bildim.

Bayrağımızın ideoloji toxunulmazlığı: Niyə bu məsələ həyati əhəmiyyət daşıyır?

Bayrağımız bizim üçün sadəcə bir dövlət atributu deyil; o, ruhumuzun, əqidəmizin, keçmişimizin, bu günümüzün, gələcəyimizin və onun uğrunda canından keçən şəhidlərimizin müqəddəs təcəssümüdür.

Hazırda mövcud qanunvericilikdə bayrağa qarşı yalnız fiziki hörmətsizliyə (məsələn, ona zərər yetirilməsinə) görə məsuliyyət nəzərdə tutulur. Halbuki ən mühüm və strateji məqam başqadır: bayrağın rəsmi ideologiyasına zidd olan fikirlərin tirajlanması və şüuraltına təsir göstərən sarsıdıcı təbliğatın aparılması heç bir halda “söz azadlığı” kimi qələmə verilə bilməz. Zahiri görünüş isə bu daxili məzmunun məntiqi davamıdır.

Bayrağın daxili mahiyyətinə qarşı yönələn hər bir təhrif dövlətimizin bünövrəsini sarsıdan ideoloji təxribat kimi qiymətləndirilməli və buna qarşı qəti tədbirlər görülməlidir. Ona görə də ilk növbədə bayrağın rəmzi təcəssümü dəqiq şəkildə rəsmiləşdirilməli, sistemli şəkildə aşılanmalı, hər bir vətəndaşa və ölkəmizə gələn qonaqlara təbliğ edilməli, sevdirilməli, sonrakı mərhələdə isə onun hüquqi və ideoloji toxunulmazlığı təmin olunmalıdır. Bu addımın atılması dövlətçiliyimizə və gələcək nəsillərə veriləcək mühüm töhfə olardı.

1. Mavi zolaq: Türk sivilizasiyası (Türk dünyası) və türk multimillətçiliyi

* Mövcud şərh və onun problemi: Sırf etnik mənşəyə yönələn mövcud izah “Türklük” və “Türkçülük” anlayışını dar etnik çərçivəyə salır. Bu məhdud yanaşma həm ölkəmizdə yaşayan digər etnik qrupları lazımi səviyyədə nəzərə almamaqla dövlətimizin multikulturalizm siyasəti ilə süni ziddiyyət yaradır, həm də türkün tarixi ədalətli idarəetmə missiyası – Pax Turcica (Türk sülh nizamı) ideyasını kölgədə qoyur.

* Təklif edilən yeni şərh: Türk multimillətçiliyi və Türk sivilizasiyası (Türk dünyası) doktrinası. Bu yanaşma həm daxili həmrəyliyə, həm də xarici strateji inteqrasiyaya yönəlib.

* Fəlsəfi əsas: Burada “Türk” anlayışı hegemonluğun ifadəsi deyil, ədaləti təmin edən universal sivilizasiya modelidir və türkün qurucu çoxluğu əsasında formalaşmış çoxmillətli, bərabərhüquqlu dövlət quruluşunu təmsil edir. Ölkə əhalisinin 90 faizdən çoxunun Azərbaycan türkü olması tarixi və demoqrafik faktdır. Lakin xalqımızın əsl böyüklüyü ondadır ki, bu mütləq çoxluq şəraitində “çoxluğun diktəsi” deyil, mütləq bərabərhüquqluluq prinsipi tətbiq olunur.

Türk sivilizasiyası əzəldən dövlətin təməlində bütün etnosları – milli müxtəliflikləri (talışlar, ləzgilər, avarlar, saxurlar və başqalarını) özünə bərabər tutan, hər kəsin hüququnu qoruyan böyük bir sülh çətiri olub. Bu yanaşma hər bir vətəndaşın dövlətə bağlılığını daha da artırır, türklüyü isə cəmiyyətin bütün fərdlərinin həmrəyliyi ilə dövlətin sarsılmaz təhlükəsizlik təminatına çevirərək ucaldır.

Məhz bu ali prinsiplər Azərbaycançılıq ideologiyasının təbii formalaşmasında əsas rol oynayıb. Eyni zamanda, bu yeni təsvir böyük ailəmiz olan bütün Türk dünyasına daha geniş və strateji qucaq açır.
----

2. Yaşıl zolaq: İslam sivilizasiyası və İslam multikonfessionalizmi

* Mövcud şərh və onun problemi: Klassik rəsmi şərhdə bu önəmli zolağın yalnız “İslam kökümüz” və ya “İslamlaşma” çərçivəsində təqdim edilməsi İslamın ali fəlsəfi qüdrətini və bəşəri mahiyyətini tam şəkildə əks etdirmir. Bu məhdud yanaşma dünyəvi dövlət quruluşumuz şəraitində bayrağın digər dinləri kənarda qoyduğu barədə yanlış təsəvvür yaradır, eyni zamanda İslam sivilizasiyasının minillik humanist, hüquqi və mənəvi ucalığını məhdudlaşdırır.

* Təklif edilən yeni şərh: İslam multikonfessionalizm platforması və İslam sivilizasiyası. Bu yanaşma həm daxili həmrəyliyə, həm də xarici nüfuzun möhkəmlənməsinə yönəlib.

* Fəlsəfi əsas: Dünyadakı türklərin və ölkə əhalimizin 90 faizdən çoxunun müsəlman olması danılmaz faktdır. Siyasi-hüquqi idarəçilikdə bu mütləq çoxluq istənilən qanunu qəbul etmək gücünə malik olduğu halda, Azərbaycanda müxtəlif dinlərin dünyəvi çətir altında bərabərhüquqlu və sərbəst yaşamasını məhz müsəlman əhalinin mənəvi təşəbbüskarlığı, şəfqəti və ədalətli iradəsi təmin edib.

İslam eyni zamanda multikulturalizmin və fərqli baxışlara hörmətin qarantı olan universal sivilizasiya kodudur. Buna görə də yaşıl zolaq düzgün mənimsənilmiş və mahiyyəti dərk olunmuş İslamın ənənəvi dini konfessiyalar üçün mehriban mühit yaratdığını, onların arasında qarşılıqlı ahəng formalaşdırdığını və bütün vətəndaşlara eyni hüquqi hörmətlə yanaşan ədalətli mənəvi zəmin olduğunu simvolizə edir.

Bizim dünyəvilik modelimiz də xaricdən gətirilmiş yad anlayış deyil, məhz bu sivilizasiyanın daxili tolerantlıq təməlindən güc alır. Bu yanaşma İslamın mahiyyətini daha dolğun şəkildə açıqlayaraq vətəndaşlarda sağlam dini həssaslıq formalaşdırır, digər müsəlman dövlətləri ilə əməkdaşlığımızı gücləndirir və İslamın ali prinsiplərini müasir dünyaya nümayiş etdirərək müsəlman aləminə rəğbət və hörmətin artmasına xidmət edir.

3. Qırmızı zolaq: Köklər üzərində yüksələn “Unikal tərəqqi”

* Mövcud şərh və onun problemi: Müasirliyin yalnız qırmızı zolaqla əlaqələndirilməsi dolayısı ilə mavi və yaşıl zolaqların inkişafdan kənarda qaldığı təsəvvürü yaradır ki, bu da fundamental ideoloji xətadır. Bu qüsurlu yanaşma tarixdə elmin və intibahın əsas hərəkətverici qüvvələrindən olmuş, alimə ən yüksək dəyəri vermiş Türk-İslam sivilizasiyasının daxili inkişaf potensialını kölgədə qoyur. Sanki yenilənmək üçün mütləq kənardan gələn bir elementə ehtiyac varmış kimi təqdim edilən bu yanaşma insanları öz milli və dini köklərindən şüuraltı şəkildə uzaqlaşdıran zərərli mühit formalaşdırır.

* Təklif edilən yeni şərh: Türk və İslam sivilizasiyalarının enerjisi ilə elmə təşviq edən müasirlik – “Unikal tərəqqi”.

* Fəlsəfi əsas: Qırmızı zolaq köklərdən qopmuş yad müasirliyi deyil, milli-mənəvi əsaslar üzərində yüksələn inkişaf modelini ifadə edir. Bu zolaq ümumilikdə inkişaf etməyimizin zəruriliyini deyil, inkişafın hansı məzmunda və hansı istiqamətdə həyata keçirilməli olduğunu göstərir.

Bu, həm dövlətçilik nizamını, həm də mənəvi-əxlaqi sütunları özündə birləşdirən, bir-biri ilə vəhdət təşkil edən Türk və İslam sivilizasiyalarının ortaq enerjisi üzərində yüksələn inkişaf modelidir.

Biz qlobal elmi və texnoloji nailiyyətləri kor-koranə deyil, hər iki sivilizasiyamızın daxilində mövcud olan ədalət və mənəviyyat süzgəcindən keçirərək mənimsəyirik.

Qırmızı zolaq bayraqda fiziki baxımdan da mavi və yaşıl zolaqların arasında, tam mərkəzdə yerləşir və keçmişin qüdrətini gələcəyə daşıyan unikal tərəqqi körpüsünü simvolizə edir.

Məhz bu düsturla özümüzü düzgün tanıyaraq və tanıdaraq beynəlxalq aləmdə layiqli və sayğın mövqe qazanmaq mümkündür.

4. Aypara və səkkizguşəli ulduz: İdeoloji vəhdət və xoşbəxtlik

* Mövcud şərh və onun problemi: Dövlət atributumuzun bu ali rəmzi bəzən sıravi vətəndaş tərəfindən yalnız dekorativ element kimi qəbul edilir. Hətta vizual və şifahi təqdimatlarda çox vaxt “üçrəngli bayraq” ifadəsi ön plana çəkilir. Bununla da bayrağımızın dördüncü mühüm elementi olan ağ rəngli aypara və səkkizguşəli ulduz qeyri-ixtiyari şəkildə arxa plana keçir və onun ideoloji əhəmiyyəti kifayət qədər vurğulanmır.

* Təklif edilən yeni şərh: Bütün rənglərin fövqündə dayanan İdeoloji vəhdət və xoşbəxtlik möhürü.

* Fəlsəfi əsas: Bayrağın döyünən ürəyi olan ağ rəngli aypara və səkkizguşəli ulduz “Unikal tərəqqi” zolağının tam mərkəzində yerləşərək Türk və İslam kimliyinə ikinci dəfə, artıq rəmzi möhür kimi işarə edir. Çünki həm aypara, həm də səkkizguşəli ulduz hər iki dəyərin ortaq irsidir.

Rəqəmsal optikada (RGB — Red, Green, Blue) əsas rənglərin – qırmızı, yaşıl və mavinin – müxtəlif kombinasiyaları ilə dünyadakı bütün rəng çalarlarını əldə etmək mümkündür. Digər tərəfdən, bu üç rəng maksimum intensivlikdə birləşdikdə fiziki olaraq ağ rəng, yəni işığın ən saf halı yaranır.

Bu elmi fakt bayrağımızın rənglərinin yalnız rəmzi deyil, həm də fiziki baxımdan bir-birini tamamlayaraq vahid bir nur, bütöv bir işıq yaratdığını göstərir.

Əgər Türk multimillətçiliyi (mavi) ilə İslam multikonfessionalizmi (yaşıl) qanadlarında yüksələn “Unikal tərəqqi” (qırmızı) şüurlu və harmonik vəhdət təşkil edirsə, nəticədə bəyaz aypara və səkkizguşəli ulduz meydana çıxır.

Bu simvol ölkədə yaşayan etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir insanın daxili hüzurunu təmin edən kamil harmoniya və tarazlıq modelini ifadə edir.

Aypara və səkkizguşəli ulduz dövlətimizin hər bir vətəndaşına bəxş etdiyi rifahın, əmin-amanlığın və xoşbəxtliyin rəsmi möhürüdür.

Nəticə

Bu yenidən işlənmiş fəlsəfi yanaşma Azərbaycançılığın bayraq konsepsiyasını yeni müstəviyə qaldırır. Burada Türklük və İslam dar çərçivəli anlayışlar kimi deyil, əksinə, hər iki dəyəri ümumbəşəri səviyyədə ucaldan və düzgün təqdim edən böyük strateji platformalar kimi izah edilir.

Bu platforma bütün cəmiyyəti ədalətlə əhatə edərək müxtəlifliklərin hüquqlarını təmin edir, tərəqqini isə milli-mənəvi köklərimiz üzərində qurur. Beləliklə, sürətli inkişaf prosesində yad ideoloji təsirlərin və özgə dəyərlərin öz mədəniyyətsizliyini bizə üstün model kimi təqdim etməsinin qarşısında möhkəm sədd formalaşdırır.

Sözügedən yanaşma Azərbaycançılığı həm qədim sivilizasiya köklərinə söykənən, həm də davamlı inkişaf edən üzvi vəhdət modeli kimi təqdim edir.

Bu doktrinanın müasir Azərbaycançılıq məfkurəsini daha da möhkəmləndirəcəyinə və dövlətçilik düşüncəmizin ideoloji əsaslarını zənginləşdirəcəyinə inanıram.

WhatsApp Image 2026-07-05 at 15.28.36.jpeg (126 KB)

Uzman doktor Aydın Talışinski, PhD

UİD Azərbaycan (United International Democrats) İdarə Heyətinin üzvü, “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin İdarə Heyətinin üzvü

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR