İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bax, belədir oğru taleyi”

2056 11.03.2023 10:45 Yazarlar A A

 

Bu yaxınlara qədər az qala hər gün ABŞ-da baş verən və azı 3, çoxu 7 (yuxarı yeri də vardı) adamın güllələnməsi ilə yekunlaşan atışmadan yazardıq.

Xəbərlərdə heç, amma bu mövzuda olan bir az təfərrüatlı yazılarda mütləq belə bir qeyd də olardı ki, Birləşmiş Ştatlarda odlu silahla törədilən cinayətlərin sayı ona görə çoxdur ki, orada odlu silahlar açıq satışda var və həm kriminal ünsürlər, həm də özünü müdafiə etmək istəyən sıravi vətəndaşlar onları alıb maşınlarına qoya, evlərində saxlaya, hətta üstlərində gəzdirə bilirlər.

555.jpg (80 KB)

Elə yol polislərinin, eləcə də o biri polislərin saxlatdıqları maşından düşüb əlini ya sənəd, ya da salfet üçün cibinə aparan qaradərili sürücülərin də tez-tez güllələməsinin səbəbi odur. Çünki çoxunun ya üstündə, ya da maşınında tapança olur, yazıq polis də bilmir, bir saniyədən sonra başına nə gələcək, ona görə də kovboy babaları kimi çevik tərpənir və yazıq sürücünü güllələyir.

Bu baxımdan imtahan üçün küçəyə çıxıb sorğu keçirsək, respondentlərdən dünyada ən kriminal ölkənin hansı olduğunu soruşsaq, beş adamdan üçü ABŞ deyəcək.

Əslində isə elə deyil. ABŞ böyük ölkədir, 50 dövlətin birləşməsindən əmələ gəlib, ərazisinə görə bizdən 43, əhalisinə görə isə 31 dəfə böyükdür. Yəni ABŞ-da ayda 50 dəfə atışma düşsə, bu normaldır, hər ştata biri düşür. Amma bizdə ayda 1 dəfə bir elə şey olsa, çoxdur.

Hərçənd ABŞ-ın elə ştatları var ki, oralardan heç vaxt belə xəbərlər gəlmir, əvəzində Texas, Kaliforniya, Florida, Vircinya, Oklahoma kimi ştatlar bütün ölkənin üzünü “ağardır”.

Əvvəllər amerikalılar da qətl statistikasına önəm verməyiblər, amma 2006-cı ildən etibarən dəqiq statistika aparırlar.

777.jpg (462 KB)

Biz bu işə təzə başlayırıq. Məcburuq. Çünki bir həftənin içində ictimai yerdə iki atışma hadisəsi qeydə alınıb, 6-7 adam güllələnib, onlardan üçü ölüb. İl yeni başlayıb, belə getsə, “ABŞ-a çatmaq və ötmək” məsələsi yenidən aktuallaşacaq.

Hələ onu da nəzərə alaq ki, bizdə açıq satışda tapança, “Kalaşnikov” kimi avtomatik silahlar satmırlar. Açıq satış olsa ha... ta demirəm nələr olar, nələr. Biz hirsli camaatıq. Təbiətdəndir, iqlimdəndir, ya nədəndir, beynimiz tez çönür. Elə ABŞ-da odlu silahla törədilən qətllərin çoxu isti ştatlarda baş verir. Heç eşitmisiz ki, Vayominqdən vay-şivən xəbər gəlsin. Hələ Miçiqan... Orda bənzər qırğınlar olsa, xəbərimiz olardı və xəbər başlıqlarında söz oynadardıq: “Miçiqan – içi qan: 9 ölü, 15 yaralı”.

Xüləs, yenə gözəgörünməzə şükür edək ki, bizdə odlu silah əldə etmək çətindir. Çətindir, amma mümkündür. Belə görünür.

Oxumuş adamlar deyirlər ki, bir ölkədə müharibə baş verirsə, mütləq adamların əlinə çoxlu qənimət silahlar keçir. Nə qədər ki, o silahlar kriminal adamların əlinə düşməyib, gizlədildiyi yerdə dinc-dinməz qalır, amma elə ki canilərin əlinə düşdü, teatra dair məşhur aforizmdə deyildiyi kimi olur – axırda atəş açır.

Bizim kənddə sovet-alman müharibəsindən alman tapançası gətirənlər vardı, deyilənə görə, bəziləri yaxın dostlarına, qohumlarına göstərib. Amma onlar heç vaxt o silahdan istifadə etmədilər.

555432.JPG (42 KB)

44 günlük müharibədən də silah gətirənlər var. Olmamış olmaz. Düşmən öz silahlarını atıb qaçırmış, üstəlik, öldürülən düşmənlərin də silahları atılıb qalıbmış. Mən özüm iki il qabaq bir erməni postunda 30 min dollarlıq tankvuran silah görmüşəm. Heç kəs o silaha dəyməmişdi. Amma o yekə silahların yanında kiçik silahlar, məsələn, tapança-filan yox idi. Əcəba, nədən? Onlar bizimkilər tərəfindən götürülmüş və gizlədilmiş ola bilərmi? Əlbəttə, olar. Silah yaman günün yarağıdır.

Ona görə də hüquq-mühafizə orqanları gərək əhalidən odlu silahların yığılması işini intensivləşdirələr. Çətin şey deyil, agentlərə xəbər eləsələr, hərəsi bir silah gəzdirəni və ya saxlayanı ələ versə, iş tamam olacaq.

Yoxsa vallahi, artıq adam küçədə öz haqqı uğrunda kiməsə irad bildirməyə qorxur. Nə biləsən, üstündə nə var. Yenə bıçaqdan-filandan birtəhər yayınmaq olar, amma tapançanın zəhmi ağırdır, iki saniyədə lay divar kimi oğlanı aşırır.

77553.png (389 KB)

Tərs kimi, indiki gənclərin bir xeylisi kriminal aləmə meyllidirlər, bütün günü orda-burda “Dolya vorovskaya” mahnısına qulaq asırlar. Ta bu güllələnən, ölən, yaralanan, ömürlük həbsə atılanlardan ibrət dərsi götürüb anlamırlar ki, “bax, belədir oğruların taleyi”.

Hər halda camaat yazıqdır. Deyilənə görə, 30 il əvvəl gecələr silahdan atəş açanların əlindən adamlar evdən bayıra çıxa bilmirmiş, indi elə olmasın ki, gündüzlər bayıra çıxa bilməz olaq.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR