İnsanlara hürriyət, millətlərə istiqlal!

“Batka” tarana gedir - son açıqlaması Lukaşenkonu bitirə bilər

931 15.06.2023 08:12 Siyasət A A

Belarus lideri iddia edib ki, ölkəsindəki atom silahı Yaponiyaya atılandan üç dəfə güclüdür; o, özünə təhlükə hiss edib belə danışır, ya Kremlin “ağzı” ilə hədyanlar yağdırır?

Rusiya-Ukrayna müharibəsinin fonunda Kreml rəsmiləri dəfələrlə Qərbi, duyanı nüvə silahı ilə təhdid edib. Son vaxtlar bu ritorika daha da güclənib. Rusiya qoşunları Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasını partladıb, dəhşətli fəlakət yaşadandan sonra çoxları inanmağa başlayıb ki, Putin tərəddüdsüz nüvə silahından istifadə edə bilər. Putinin MDB məkanındakı forpostu olan Belarus Prezidenti Aleksandr Lukaşenko da onun sonunu gətirə biləcək açıqlama verib. O, Rusiyanın Belarusda yerləşdirdiyi nüvə silahlarının hansı halda istifadə oluna biləcəyini açıqlayıb. “Yeni Müsavat” xəbər verir ki, Lukaşenko deyib: “Allah eləməsin ki, müasir dövrdə bu silahların istifadəsi ilə bağlı qərar qəbul etməli olum”.

Belarus lideri bu halda əmin edib ki, “heç bir tərəddüd olmayacaq”. O bildirib ki, Belarusda taktiki nüvə silahı ona görə lazımdır ki, bəzi əclafların ayağı Belarus torpağına dəyməsin. Eyni zamanda o vurğulayıb ki, nüvə silahından istifadənin yeganə səbəbi Belarusa qarşı təcavüz ola bilər, elə bir şey olsa silahdan dərhal istifadə olunacaq. Nəzərə çatdıraq ki, kollektiv Qərb çoxdandır Lukaşenkonu devirmək üçün fürsət gəzir. İki il öncə buna doğru addım atıldı, ancaq həmin vaxt “Batka” kəfəni yırta bilmişdi. Ancaq bu dəfə elə bir tövr sərgiləyib ki, bundan sonra ona qarşı böyük bir proses başladılacaq. Rusiya rəsmiləri də Lukaşenkonun devrilməsi üçün cəhdlər olduğunu bəyan ediblər. Bu açıqlamasına görə onu nə gözləyə bilər? Belarusda çevriliş prosesinə start verilməsi realdırmı? Və bu zaman Lukaşenko elan etdiyi kimi, nüvə silahına dair tərəddüdsüz qərar verərmi?

O, özünə qarşı təhlükə hiss edib belə danışıb, yoxsa Kremlin “ağzı” ilə hədyanlar yağdırır? Qeyd edək ki, Putin 7-8 iyul tarixlərində nüvə silahlarının Belarus ərazisinə yerləşdiriləcəyini bildirib. Hazırda ittifaq dövləti quran Putinin ssenarisi Kiyevi qısa zamanda tutmaqla marionet bir ruspərəsti prezident postuna gətirmək, Ukraynanı və Ermənistanı da bu bloka daxil etmək, ardınca digər postsovet ölkələrini həmin çətir altında birləşdirib yeni SSRİ modeli yaratmaq idi. Lakin münaqişə uzandı və Rusiya liderinin planları alt-üst oldu. İndi isə həm Kremldə çevriliş təhlükəsi var, həm də Lukaşenkonun devrilməsi Qərbin istəklərindən biridir... Lukaşenko bildirib ki, Belarus Rusiyadan Xirosima və Naqasakidə istifadə olunanlardan üç dəfə güclü raket və bombalar alıb. O, bu barədə “Rossiya 1" telekanalına müsahibəsində bildirib. "Bizim raket və bombalarımız var. Bomba Xirosima və Naqasakidən üç dəfə güclüdür. Orada 80 mindən çox insan bir anda, 250 mini bir zərbədən öldü. Və bu bir bomba üç dəfə daha güclüdür", - deyə Lukaşenko vurğulayıb. Bu açıqlamasından da “Batka”nın xox gəlmək ritorikası hiss edilir. Bəs bizim şərhçilər nə düşünür?

Elxan Şahinoğlu: "Laçında sərhəd məntəqəsinin yaradılması tarixi hadisədir"

 Elxan Şahinoğlu 

Analitik Elxan Şahinoğlu düşünür ki, Putin bu yolla “kollektiv Qərbi” qorxutmağa çalışır. Onun fikrincə, bu, Kremlin Vaşinqtona da mesajıdır ki, “Sən Avropada nüvə başlığı daşıyan raketlər yerləşdirirsənsə, mən də eynisini müttəfiqim Belarusun ərazisində yerləşdirəcəm”. Politoloq hesab edir ki, Lukaşenko Putinə tabedir. “Ancaq bir gün Lukaşenko olmasa və Belarusun yeni lideri Ukrayna kimi Rusiya əvəzinə Qərbə inteqrasiya yolunu seçərsə, həmin nüvə silahının taleyi necə olacaq? SSRİ-nin vaxtında nüvə silahı 4 respublikada - Rusiyada, Ukraynada, Belarusda və Qazaxıstanda olub. SSRİ dağıldıqdan sonra nüvə silahlarının Rusiya ərazisində yerləşdirilməsi ilə bağlı razılıq var idi. Ancaq Ukrayna müharibəsi göstərdi ki, bu, yanlış qərar idi. Ukraynanın nüvə silahı olardısa, Rusiya bu ölkəyə qarşı işğalçı müharibəyə başlamağa risk etməzdi”, - deyə politoloq belə şərh edir. Onun sözlərinə görə, bu, Kiyevə və Qərbə dərs oldu: “Minsk də bundan dərs çıxarıb. Belarus gələcəkdə həmin nüvə silahını Rusiyaya qaytarmayaraq onu ərazisində saxlamaq hüququnu irəli sürə bilər. Bu, Belarusun özünü Rusiyanın mümkün həmləsindən qoruması üçün güclü aləti olacaq”.

AZƏRTAC

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli Lukaşenkonun söylədiklərini həqiqətəuyğun sayır. Onun sözlərinə görə, Belarus Prezidenti açıq şəkildə bəyan edir ki, Kremllə müttəfiqik və Rusiyaya olan hücumlara qarşıyıq: “Belarus liderinin devrilməsi təhlükəsi də var. O, mövcud regional vəziyyəti açıq deməyə çalışır. Lukaşenko əvvəllər "nüvə silahını yerləşdirmək lazımdır" deyirdisə, indi tələb edir. Amma bu silahlar Belarusa hədiyyə edilmir və Rusiyanındır. ABŞ Avropada necə edibsə, Moskva da Belarusda eyni addımı atıb. Hazırda Ukrayna müharibəsi Şərqi Avropanın gərginlikdə qalmasına səbəb olub. Əslində Şərqi Avropa poliqondur, yəni arxa cəbhədir, ön cəbhə Ukraynadır". R.Məmmədli Belarusda Qərbin adamının hakimiyyətə gəlməsini istisna edir: “Bunu mümkün saymıram. Hətta olsa belə, qərbpərəst Belarus Prezidenti Rusiyaya aid nüvə başlıqlarını qaytarmamaq kimi bir mövqe sərgiləyə bilməz. Çünki Rusiyaya aid nüvə silahlarıdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR