İnsanlara hürriyət, millətlərə istiqlal!

Banklar müştəriləri belə aldadır! Ekspertdən SOS

1436 13.06.2023 17:05 Sosial A A

Eyyub Kərimli: “Banklar müştərinin müəyyən borcunun qaldığını bilir, amma bunu gizlədir...”

Vətəndaşların banklarla bağlı narazılığı səngimək bilmir. Bu dəfə isə şikayət vətəndaşların aldadılması ilə bağlıdır. Belə ki, uzun illər əvvəl banka bir manat borcu qalan vətəndaşdan bu gün bank böyük məbləğdə pul tələb edir. Halbuki vətəndaşın bu borcdan xəbəri olmayıb. Daha doğrusu, həmin vətəndaş o pulu ödədiyini hesab edir, yalnız başqa banka müraciət etdikdə xəbər tutur ki, böyük məbləğdə borcu yaranıb. 

Problem nədədir? Niyə müştərilərin banka kiçik borclarından xəbərləri olmur?

eyyub.jpg (290 KB)

İqtisadçı Eyyub Kərimli Musavat.com-a bildirib ki, son dövrlər bu cür şikayətlərin sayı artıb:

“Bəli, uzun müddətdən sonra məlum olur ki, borc böyüyüb, müəyyən məbləğə çatıb. Bunun bir neçə səbəbi var. Birincisi, banklar borc haqqında arayışı ödənişli edirlər, o arayışın qiyməti də 20 manatdır. İnsanlar bəzən o arayışı götürmək istəmirlər. Sonradan məlum olur ki, 1-2 manat borcu qalıb. İnsanlar çox vaxt kredit borclarını ödəmə terminallarına getmədən ödəyirlər, özləri də bilmədən orada 1 manat, yaxud 70 qəpik borcları qalır. Onlar sonradan bunun əziyyətini çəkirlər. Digər banklara müraciət edəndə isə imtina alırlar. Çünki kredit tarixçələri korlanır. Banklar artıq onlara kredit vermir. Çünki artıq onlarda borc yaranıb. Bu niyə baş verir? Əslində banklar müştərinin müəyyən borcunun qaldığını bilir. Çox zaman banklar süni şəkildə öz müştərilərinin sayını artırmaq üçün müştərini bank bazasında saxlayırlar. Banklar 3 aydan bir statistik məlumatlar yayırlar. Yəni kredit portfellərində müştərilərin sayını göstərirlər. Müştərilərin sayı çox olduqca onlar risk zonasından çıxırlar. Belə görünür ki, bunların müştərisi çoxdur. Amma orada heç kim araşdırmır ki, müştərinin bir, ya iki manat borcu var. Adını qoyurlar ki, bizim müştərimiz var. Onlar sadəcə olaraq müştərini hesabdan çıxarmağa maraqlı deyillər. İkinci məsələ, müştərilərin digər banklara getməsinin də qarşısını alırlar. Misal üçün, müştəri başqa banka gedirsə, ona deyirlər ki, sizin filan bankda ödənilməmiş kreditiniz var. Müştəri də məcbur olub əvvəlki banka qayıdır, borcunu ödəyir, elə çox vaxt da oradan kredit götürür. Bu, məişət texnikaları satılan mağazalarda olan kreditlərə də aiddir. Bəzən insanlar fərqinə varmırlar, bir-iki manat borc qalır. Bu, bankların insanları özlərindən asılı saxlamaq üçün həyata keçirdiyi gizli bir siyasətdir. Bununla onlar öz müştəri sayını artırırlar”.

Ekspert əhalini diqqətli olmağa çağırıb: “Vətəndaşlar pullarının ödənilib, ödənilməməsi ilə bağlı dəqiq məlumatlar əldə etsinlər ki, belə problemlərlə üzləşməsinlər. İnsanlar kreditlərini bağlayandan sonra maliyyə arayışı götürsünlər ki, borcun tam, dəqiq ödənildiyinə əmin olsunlar. Əsasən terminallarla kreditlərini ödəyən şəxslər diqqətli olsunlar”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR